03 noyabr 2024 20:25
163

Sərhəd yoxlamalarının tətbiqindən sonra Almaniyaya icazəsiz giriş halları 13 faiz azalıb

Almaniyanın bütün quru sərhədlərində yoxlamaların aparılmasına başlandığı sentyabrın 16-dan oktyabrın 6-dək olan dövrdə ölkəyə icazəsiz giriş hallarının sayı əvvəlki üç həftə ilə müqayisədə 13 faiz azalıb.

“İki sahil” “Şpigel” nəşrinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə icazəsiz daxil olmaq istəyən 3464 nəfər müəyyən edilib. Onların 2073-ü sərhəddən geri qaytarılıb. Avqustun 26-dan sentyabrın 15-dək olan dövrdə isə 3984 icazəsiz giriş cəhdi, o cümlədən 2353 geri qaytarılma faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyanın daxili işlər naziri Nansi Fezerin qərarı ilə sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə də yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır.

Sərhəd yoxlamalarının tətbiqindən sonra Lüksemburq, Belçika və Niderland ilə sərhədlərdə icazəsiz girişlərin sayı artıb. Mühüm idman yarışları ilə əlaqədar bu il müvəqqəti yoxlamaların aparıldığı Almaniya-Fransa sərhədində bu dövrdə icazəsiz girişlərin sayı 766-dan 567-yə düşüb.

Ölkənin şərq sərhədlərində - Polşa, Çexiya, İsveçrə və Avstriya ilə sərhədlərdə də sentyabrın 16-dan etibarən icazəsiz girişlərin sayı azalıb. Belə ki, Almaniya-Polşa sərhədində əvvəlki üç həftə ərzində etibarlı yaşayış icazəsi olmayan 847 nəfərin girişinin qarşısı alınmışdısa, bu say azalaraq 631 olub.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Sərhəd nəzarəti agentliyi (Frontex) bu ilin ilk doqquz ayında Aİ-nin xarici sərhədlərinə icazəsiz girişlərin sayının 42 faiz azalaraq 166 minə yaxın olduğunu açıqlayıb. İcazəsiz girişlərin azalmasının səbəblərindən biri də son aylarda daha az miqrantın Avropaya nizamsız şəkildə gəlməsi olduğu göstərilir.