KÖŞƏ

Taleh Bağırov

Dağıdıcıların planları iflasa uğradı

10 oktyabr 2016 23:42
2437

Sentyabrın 26-da keçirilən referendumdan sonra vəziyyətləri onsuz da gərgin olan “Milli Şura”nın sədri Cəmil Həsənli və onun şuradankənar məsləhətçisi Əli Kərimli indi daha da çıxılmaz duruma düşüblər. Referendumu əngəlləmək missiyasının öhdəsindən gələ bilməyən bu şəxslər ölkəni gah “FETÖ”nün, gah da  Qərbin ermənipərəst dairələrinin buyurduğu şəkildə qarışdırmağa müvəffəq ola bilmədikləri üçün çox məyus olublar. Onlara diktə edilən ssenarinin əsas mahiyyəti isə dövlətimizə qarşı təzyiq rıçaqlarının gücləndirilməsi, Azərbaycanda stabilliyin pozulması strategiyasının domino effekti ilə digər ölkələrə yayılması və xaos müstəvisinin genişlənməsi idi.

Referendumun keçirilməsi barədə qərarın verilməsindən dərhal sonra yuxarıda adları çəkilən antiazərbaycan qüvvələr indiyədək bir sıra ölkələrdə uğurla sınadıqları ssenarini Bakıda da reallaşdırmaq istəyirdilər. Bunun üçün isə xarici ermənipərəst siyasi dairələr daxildəki dağıdıcı müxalifət və siyasiləşmiş QHT-lər vasitəsilə gərginliyi artırılmalı, insanlar küçələrə çıxarılmalı, hakimiyyət strukturlarına muzdlu “demokrat”ların rəhbərlik etdikləri təşkilatlar vasitəsilə təzyiqlər göstərilməli, siyasi anarxiya, özbaşınalıq yaratmağa nail olunmalı idi. Bakıdakı “Məhsul” stadionunda keçirilən mitinqlər, daha doğrusu, AXCP, “Milli Şura” və Müsavatın biabırçı mitinq şouları növbəti dəfə sübuta yetirdi ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və İsa Qəmbərin radikal dini qruplaşmalara meyillənmələri, xülyalara qapılaraq cəmiyyəti “dindarlara və ateistlərə” bölmək cəhdləri iflasa məhkumdur. Azərbaycanda stabilliyin pozulması, başqa sözlə, dağıdıcıların referendum ərəfəsində baş tutmayan və bundan sonra da baş tutmayacaq planlar toplusu icra olunmamış qaldı.  

Bir sözlə, dağıdıcılar növbəti dəfə dağıntıya məruz qaldılar. Çünki xalq onları siyasətçi kimi qəbul etməyib və bundan sonra da etmək niyyətində deyil. Son mitinqlər sadalananlara ən yaxşı örnəkdir. Xalq bir daha görüb şahid oldu ki, dağıdıcıların bir kiçik stadionun ərazisini dolduracaq qədər belə sosial bazası yoxdur.