11 iyul 2025 08:00
277

34 yaşını tamamlayan “İki sahil” növbəti yaşına yeni hədəflərlə, çağırışlarla qədəm qoyur

Bu inamlı addımlara əsas verən Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər bir hədəfə ardıcıllıqla nail olmasıdır

10 iyul 1991-ci ildə  Azərbaycan üçün ən çətin dövrdə həyata vəsiqə alıb, həmin dövrün reallıqlarını ictimaiyyətə çatdıran, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb hər bir ili tarixinə uğur səhifəsi kimi yazan “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 34 il keçir. 34 illik yolun qəzetimiz üçün nə qədər çətin, şərəfli olduğunu artıq illərin izləri təsdiqləyir. Amma bir məqamı qeyd etməliyik ki, bu gün 34 yaşımızı qeyd ediriksə, bu, böyük fədakarlığın, çətinliyə sinə gərərək uğurlara doğru inamla addımlamağın nəticəsidir. Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin qəzetimizin ötən sayında dərc olunmuş müsahibəsi qəzetimizin  34 illik yolunun təqdimatı oldu. Bu gün “İki sahil”in 34 yaşını belə sevincli, xoşbəxt qeyd etməsini şərtləndirən amillərdən bəhs etmək istərdik.  Bircə bu faktı qeyd etməyimiz kifayət edər ki, qəzet zamanın bütün çətinliklərinə, təzyiqlərinə rəğmən, qarşısına qoyduğu məqsədə doğru inamla addımlayıb, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib.

Təbii ki,  bu inamlı addımlara əsas verən Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər bir hədəfə ardıcıllıqla nail olmasıdır. 34 yaşımız bizi bir daha müstəqilliyimizin bərpasının ilk illərinə qısa nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. «İki sahil»in yaranmasından üç ay sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Buna görə böyük inamla və qürur hissi ilə qeyd edirik ki, qəzetimiz Azərbaycanın müstəqillik tarixinin bələdçisidir. Müstəqililyimizin bərpasının ilk ililərində yaşananlar məlumdur. Azərbaycan o dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində müstəqililyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, insanların sabaha olan ümidləri tamamilə yox dərəcəsində idi. Təbii ki, belə bir çətin dövrdə azad mətbuatın möbcudluğundan danışmaq qeyri-mümkün idi. Belə bir şəraitdə “İki sahil” dövrün reallıqlarını əsaslı şəkildə ictimaiyyətə çatdırmaqdan çəkinmədi, əksinə fədakarlıq nümunəsi ortaya qoyaraq Azərbaycanın xoşbəxt gələcəyi üçün hansı addımların atılmasının vacibliyini analitik yazıları, həmçinin hər bir ölkə vətndaşının tribunasına çevrilərək onların fikirləri vasitəsilə təbliğ etdi. Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası,   Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının yaranmasından bu günədək keçdiyi inkişaf yolu qəzetdə dolğun şəkildə əks etdirilir.

Müasir müstəqil Azərbaycanın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının yaranmasında əsas faktor olan məşhur “91-lər”in müraciəti  qəzetdə dərc olunaraq həm həmin dövrün reallıqları, həm də belə bir partiyanın yaranmasını zərurətə çevirən amillər ictimaiyyətə çatdırıldı. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında qeyd etdiyi kimi, o vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər: «Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi.»

  Cənab İlham Əliyev daim bu çağırışı edir ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi: «Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?»

  Təbii ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Dövlət başçısı İlham Əliyev müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqlarından bəhs edərkən bir çox suallara cavab axtarır: «Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.»

  Bunları qeyd etməyimiz səbəbsiz deyil. «İki sahil» bu reallıqların təbliğində özünəməxsus rolu və yeri ilə diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın qarşısında açacağı imkanlar, üfiqlər hələ müstəqiliyimizin bərpasının ilk illərində  «İki sahil» qəzetinin səhifələrində qeyd edildi. Dahi şəxsiyyətin torpaq, vətən, xalq sevgisi, bu sevgidən irəli gələn addımlar qəzetin  səhifələrində xüsusi yer tutdu. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra Azərbaycanın yenidən qurulması, başlanan inkişaf, tərəqqi yolu mətbuatın qarşısında da yeni imkanlar açdı. Müstəqilliyimizin bərpasının ilk illərində hər addımda boğulan mətbuat azadlığı artıq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirərək onun gələcək inkişafı üçün zəruri olan bütün addımları atdı. Atılan hər bir addım «İki sahil»in tarixinə yazılan səhifələrin möhtəşəmliyində özünün aydın ifadəsini tapdı. Əbəs yerə deyilmir ki, zaman hadislərin düzgün dəyərləndirilməsi üçün zəngin mənbədir. Məhz 34 illik zaman hər bir dövrün təqdimatında öz sözünü deyir.

Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin əsas tərkib hissəsi iqtisadi tərəqqinin təmin edilməsi oldu. Ulu Öndər bu çağırışı etdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi apavrılmadan heç bir ölkə iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli Liderin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın davamlı uğurlarının əsası oldu. Neft strtegiyasının uğurlu icrasında SOCAR-ın rolu böyükdür. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, SOCAR-ı daim uğurlar müşayiət edir. Azərbaycanın dövlət müstəqiliyinin möhkəmləndirilməsində  netf strtegiyasının rolu inkardeliməzdir. «Əsrin müqaviləsi» Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə geniş imkanlar açdı. Bu imkanlar mətbuatın iqtisadi müstəqilliyinin təmin edilməsi üçün stimul oldu. «İki sahil» dövlətin maddi və mənəvi dəstəyini daim öz üzərində hiss edir. Bircə faktı qeyd etmək kifayətdir ki, Ümummilli Liderin senzuranın ləğvi ilə bağlı Fərmanı bugünkü uğurların əsası oldu. Demokratik cəmiyyətin varlığını təsdiq edən azad mətbuatın inkişafı, media orqanlarının sayı tərkibinin daha da genişlənməsi  prioritet məsələ kimi öndə dayandı. Nə qədər mətbu orqan qeydiyyatdan keçib fəaliyyətə başlasa da bu “İki sahil”in  özünəməxsusluğuna, tutduğu yola, ən əsası oxucu auditoriyasına təsir göstərmədi. Əksinə, çoxların arasında seçilmək “İki sahil”in hər bir əməkdaşı üçün olduqca böyük xoşbəxtlik idi. Qəzetin rəhbərliyi hər zaman  jurnalist peşəkarlığını, məsuliyyəti prioritet məsələ kimi qarşıya qoyur.       

2003-cü ildə xalqın Ümummilli Lider Heydər Əliyevin siyasətinə dəstək verərək cənab İlham Əliyevi Prezident seçməsi müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlarına yol açdı. Beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Prezident İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, yenilməz iradəsi, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Dövlətimizin başçısının beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirdi. 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirdi.

Prezident İlham Əliyevin daxili siyasəti isə xalqa xidmət və rifahın artırılması prinsipinə əsaslanır. Onun rəhbərliyi ilə ölkədə sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələr həyata keçirilib. Hər il olduğu kimi, cari ilin ötən dövründə də Azərbaycanın iqtisadiyyatında ciddi artım müşahidə edilib, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Ölkənin iqtisadi imkanları mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsində də əhəmiyyətli rol oynadı. Jurnalistlərin  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımar da bu qəbildəndir.

Bugünümüzün qürurlu anı tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Artıq 16 şəhər və kənd öz sakinlərinə qovuşub. Qarbağımız və Şərqi Zəngəzurumuz dirçəlir. “İki sahil” Azərbaycanın tarixinə yazılan hər bir uğur səhifəsini, əlamətdar hadisələri böyük ruh yüksəkliyi ilə  ictimaiyyətə çatdırır. 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrdə digər mətbu orqanlar kimi, “İki sahil” də  informasiya cəbhəsində üstünlüyümüzü qorumaq, yalan  təbliğata qarşı əsl həqiqəti, real faktları ortaya qoymaq üçün bütün qüvvə və bacarığını səfərbər etdi. Bundan böyük xoşbəxtlik ola bilməzdi.

     Ötən ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən  prezident və parlament seçkiləri oldu. Bu seçkilər həm xalqımızın Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstəyini, digər tərəfdən isə  Yeni Azərbaycan Partiyasına inamını və etimadını nümayiş etdirdi.  Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın öz Liderinə etimadını, sevgi və məhəbbətini növbəti dəfə nümayiş etdirdi. Bu seçkilərin nəticələri təkcə xalqımızın deyil, beynəlxalq ictimaiyyətin də dövlətimizin başçısına inam və etimadını, onun qlobal miqyasda nüfuzunu, yalnız ölkə daxilində deyil, dünya miqyasında da sülhə və təhlükəsizliyə töhfə verən Lider olduğunu bir daha təsdiqlədi. Bunu seçkilərdən dərhal sonra dünyanın aparıcı ölkələrinin liderləri tərəfindən dövlətimizin başçısına ünvanlanan təbrik məktublarındakı fikirlər də sübut etdi. Azərbaycanın müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisə oldu. Parlament seçkiləri  də azad və şəffaflığına, demokratikliyinə və mütəşəkkilliyinə görə beynəlxalq aləmin diqqət mərkəzində oldu.

   Azərbaycanda həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasının əsas amilləri xalq-iqtidar birliyi, cəmiyyətin ictimai şüurunda formalaşmış azərbaycançılıq təfəkkürünün möhkəmlənməsi və harmoniyadır. Prezident İlham Əliyev bu amili belə dəyərləndirir: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Buna görədir ki, Azərbaycan bu gün sabitlik, təhlükəsizlik adası, əmin-amanlıq, iqtisadi inkişaf ölkəsidir. Bütün bunların təməlində xalqın öz dövlətini dəstəkləməsi və dövlətin də milli mənafelərə uyğun siyasət həyata keçirməsi dayanır. Dövlətimizin başçısı çıxışlarında da bildirir ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və dövlətin siyasətidir.”

    Azərbaycandakı bugünkü sabitliyin, cəmiyyətin daxilində və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli və mənəvi birlik dayanır. Bu birlik vətəndaşlıq, dünyəvilik, tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Təbii ki, bu birliyi  Qarabağ Zəfəri daha da möhkəmləndirdi. Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə möhkəm ictimai-siyasi birliyə, həmrəyliyə əsaslanan Azərbaycan modeli formalaşıb. Bu model Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, demokratik və iqtisadi cəhətdən tərəqqisinə böyük töhfələr verir.

   Müstəqillik tariximizin 34 ilə yaxın dövrünün reallıqlarına baxış keçirməyimiz səbəbsiz deyil. «İki sahil» bu reallıqların təbliğatçısı olaraq daim  daha böyük səylə çalışır, müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmağa səy göstərir. Tarixi Zəfərimizdən sonra  müasir dövrün tələblərinə uyğun olaraq yeni “Media haqqında” Qanundan irəli gələn tələblər, vəzifələr də “İki sahil”in  fəaliyyətində özünün aydın ifadəsini tapır. Daim yeniliyə, təkmilləşməyə xüsusi maraq göstərən, bunu sözdə deyil, atdığı addımlarında təsdiqləyən «İki sahil»in peşəkar kollektivi üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. Hər bir yenilik, təkmilləşmə uğurlu gələcəyə yol açan əsas amildir. Onu da qeyd edək ki, qəzetin “ikisahil.az” internet saytı, "İki sahil TV" internet televiziyası uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara və izləyicilərə çatdırılır.

Təbii ki, 34 ilin uğurarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, «İki sahil» heç zaman qazandığı uğurlarla  kifayətlənmir, daim irəli baxır. Dövlət başçısı İlham Əliyevin “Biz zamanı qabaqlamalıyıq” çağırışı bütün sahələrdə, o cümlədən mətbuatda özünün aydın ifaəsini tapır. Prezident İlham Əliyev hər bir ölkənin mətbuatının onun inkişaf səviyyəsini göstərdiyini qeyd edir.

Mətbuatın prinsipləri dəyişməzdir. «İki sahil» bu prinsiplərə daim hörmətlə yanaşır, qərəzsizliyi, obyektivliyi qarşıya mühüm vəzifə kimi qoyur. Qəzetin əməkdaşlırının yeni texnologiyaların inkişafı və tətəbiqi şəraitində  məsuliyyətin və peşəkarlığın qorunmasına xüsusi diqqət göstərmələri ərsəyə gətirdikləri hər bir  məqalənin geniş oxucu auditoriyası qazanmasına yol açır. Hər bir qəzetin özünəməxsusluğunu təmin edən mühüm amillərdən biri  günün əsas çağırışlarını gündəmdə saxlamaqla yanaşı, ona nail olmaq üçün atdığı konkret addımları nümayiş etdirməsidir. Bu vəhdətin qorunması uğurların açarıdır.

34 yaşını tamamlayan “İki sahil” növbəti yaşına yeni hədəflərlə, çağırışlarla qədəm qoyur. Yeni dövr yeni hədəflər deməkdir. Bu məqsədlərə nail olmaq üçün yenə də birlik, həmrəylik, səyəlrin birləşdirilməsi, mətuatın prinsiplərinə hörmət əsas yer tutur. «İki sahil»çilər hər zaman olduğu kimi, bu gün də bu birliyin, həmrəyliyin fonunda gələcəyə doğru inamla addımlayırlar. Demrokratk cəmiyyətin varlığını təsdiqləyən  çoxsaylı mətbu orqanların fəaliyyət göstərdiyi bir zamanda sağlam rəqabətin iştirakçısı olmaq və böyük uğur qazanmaq əsas hədəfimizdir.

Yeganə Əliyeva, “İki sahil”