09 fevral 2026 09:09
168

Sülhün qlobal miqyasda təşviqi

2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və çıxışı beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq və diqqətlə qarşılanmışdır. Prezident İlham Əliyev çıxışında insan qardaşlığı, dinlərarası dialoq, multikulturalizm və sülh içində birgəyaşayış kimi ümumbəşəri dəyərlərin müasir dünyada artan əhəmiyyətini xüsusi vurğulamışdır.

Dövlət başçısı çıxışında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın bəşəriyyət üçün daşıdığı mənəvi və ideoloji əhəmiyyətə toxunaraq qeyd etmişdir ki, bu mükafat xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, nifrət və ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edir. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin mərhum Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanizmə əsaslanan siyasi irsini yüksək qiymətləndirərək onun irəli sürdüyü ideyaların bu gün də aktuallığını qoruduğunu bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının tarixən multikultural və tolerant cəmiyyət olduğunu diqqətə çatdırmış, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulamışdır. O, Azərbaycanın İslam həmrəyliyi ilə yanaşı, xristian və yəhudi icmalarına da dövlət səviyyəsində qayğı göstərən nadir ölkələrdən biri olduğunu qeyd etmişdir. Dövlət başçısı bu siyasətin Azərbaycan Konstitusiyası və milli-mənəvi dəyərlər əsasında formalaşdığını bildirmişdir.

Çıxışda postmünaqişə dövründə Azərbaycanın sülh gündəliyinə də toxunulmuşdur. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin yalnız fiziki infrastrukturu deyil, eyni zamanda, mədəni və dini irsi bərpa etməyə yönəldiyini vurğulamışdır. O, məscidlərin, kilsələrin və tarixi abidələrin bərpasını insan qardaşlığının praktik təzahürü kimi dəyərləndirmişdir.

Sonda Prezident İlham Əliyev bu nüfuzlu mükafata layiq görülməsini Azərbaycan xalqına verilən yüksək qiymət kimi dəyərləndirmiş, beynəlxalq ictimaiyyəti sülh, dialoq və qarşılıqlı etimada əsaslanan gələcək naminə birgə fəaliyyətə çağırmışdır. Onun çıxışı insan qardaşlığı ideyasının qlobal miqyasda təşviqinə mühüm töhfə kimi yadda qalmışdır.

Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi