Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Şeyx Zayedin adını daşıyan “İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi xalqımız üçün böyük qürur və iftixar mənbəyidir. Bu yüksək və nüfuzlu mükafat dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin, sülhə, humanizmə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin dünya miqyasında tanınmasının bariz göstəricisidir.
Şeyx Zayedin adını daşıyan bu mükafat xalqlar arasında dostluğun, hörmətin və birliyin möhkəmlənməsinə xidmət edir. Bu gün Birləşmiş Ərəb Əmirliklərində Şeyx Məhəmməd də atasının əsasını qoyduğu inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkə iqtisadi, sosial və texnoloji sahələrdə böyük nailiyyətlər qazanır, humanitar layihələrə və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilir. Bu isə həm regionda, həm də dünyada sabitliyə və qarşılıqlı etimada töhfə verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan da oxşar inkişaf yolu keçərək sabitlik və təhlükəsizliyi təmin edib, multikulturalizm və tolerantlıq dəyərlərini daha da gücləndirib. Ölkəmiz bu gün müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı məkan kimi nümunə göstərilir və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Bu mükafat təkcə Prezidentə deyil, bütün Azərbaycan xalqına göstərilən hörmət və etimadın ifadəsidir. Belə bir ali mükafata layiq görülmək böyük şərəf olmaqla yanaşı, gələcək fəaliyyət üçün də əlavə məsuliyyət yaradır. Biz inanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da sülhün, dostluğun və insan qardaşlığının möhkəmlənməsi naminə mühüm nailiyyətlər qazanacaqdır!
Nərmin Dadaşova,
SOCAR, Neft Kəmərləri İdarəsi,
YAP Xətai Rayon təşkilatının fəalı