4 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı” - nın təqdimolunma mərasimi dünya ictimaiyyətinin diqqətini cəlb edən mühüm beynəlxalq hadisə kimi qeyd olunmuşdur. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistan Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov və digər dövlət başçıları iştirak etmişdir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh və tolerantlıq ideyalarını dəstəkləyən ən prestijli mükafatlardan biridir. Mükafatın məğzi xalqlar və dinlər arasında qarşılıqlı hörmət, sülh və qardaşlıq ideyalarının gücləndirilməsidir. Bu mükafat həm dini liderlərə, həm də dövlət başçılarına verilməklə, dünyada barış və tolerantlıq mədəniyyətinin yayılmasına xidmət edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mükafata layiq görülüblər.
Mükafatı qəbul etdikdən sonra Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət edərək çıxış etdi : “Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların dinc yanaşı yaşadığı bir məkan olmuşdur. Bizim təcrübəmiz göstərir ki, qarşılıqlı hörmət və əməkdaşlıq sülhün əsas şərtidir.” Bununla da, nitqinin tonunu müəyyənləşdirərək həm Azərbaycanın daxili siyasətindəki multikulturalizm modelini, həm də regiondakı sülh təşəbbüslərini aydın şəkildə ifadə etmişdir. O, Azərbaycanın tolerantlıq ənənələrini beynəlxalq auditoriyaya təqdim etməklə ölkəsini sülh və birgəyaşayış nümunəsi kimi tanıtdı. Bu, Azərbaycanın güc siyasətinin bir hissəsidir. İlham Əliyev çıxışında yalnız regionu deyil, bütün dünyanı nəzərdə tutmuş və dinlərarası dialoqun və xalqlar arasında qardaşlığın bəşəriyyətin gələcəyi üçün vacib olduğunu bildirərək mühüm qlobal mesaj vermişdir . Bu, Azərbaycanın beynəlxalq arenada sülh təşəbbüslərinə dəstək verdiyini göstərir.
Nəticə etibarilə, mükafatın həm Azərbaycan, həm də Ermənistan liderlərinə verilməsi Cənubi Qafqazda yeni sülh dövrünün başlanğıcı kimi təqdim olundu. İlham Əliyev çıxışında bu faktı vurğulayaraq, münaqişələrin dialoq və əməkdaşlıqla həll olunmasının mümkünlüyünü göstərdi.
Zülfiyə Hüseynli,
YAP Xətai rayon təşkilatının fəalı