09 fevral 2026 07:18
330

Qlobal sülhə aparan yol

“Zayed İnsan Qardaşlığı Mükafatı” müasir dünyada sülhün, tolerantlığın və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafat öz adını Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti  2004-cü ildə vəfat etmiş Şeyx Zayed bin Sultan Al Nahyanın xatirəsinə təsis olunub.

Mükafatın əsas məqsədi dini, irqi və milli mənsubiyyətindən asılı olmayaraq insanları birləşdirən ümumbəşəri dəyərlərin qorunmasına və inkişafına töhfə verən şəxs və qurumları tanıtmaqdır. Bu baxımdan “Zayed İnsan Qardaşlığı Mükafatı” yalnız fərdi nailiyyətlərin qiymətləndirilməsi deyil, eyni zamanda qlobal miqyasda humanist düşüncənin təşviqi missiyasını daşıyır.

“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülən şəxslər və dövlət xadimləri təkcə humanitar fəaliyyətlərinə görə deyil, həm də öz siyasi və ictimai mövqeləri ilə insan ləyaqətinin qorunmasına verdikləri töhfəyə görə seçilirlər. Bu mükafat qlobal miqyasda mənəvi liderliyin göstəricisi kimi qəbul olunur.

4 fevral 2026-cı il tarixində Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilmiş və bu ali mükafat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu mərasim müasir beynəlxalq münasibətlər sistemində humanizm, qarşılıqlı hörmət və sülh ideyalarının təşviqi baxımından mühüm hadisə kimi yadda qalmışdır. Bu mötəbər mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmiş və bu çıxış yalnız siyasi liderin deyil, eyni zamanda qlobal məsuliyyət daşıyan dövlət xadiminin baxışlarını əks etdirmişdir.

Bu ali mükafatın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunması təsadüfi deyil. Onun rəhbərliyi ilə Azərbaycan multikulturalizm, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində beynəlxalq miqyasda nümunəvi model kimi tanınmışdır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi formalaşan bu yanaşma insan qardaşlığı ideyasının real və davamlı təzahürüdür.

Prezident İlham Əliyev öz çıxışında insan qardaşlığı anlayışını təkcə mənəvi dəyər kimi deyil, beynəlxalq sabitliyin və davamlı inkişafın əsas şərti kimi təqdim etmişdir. O vurğulamışdır ki, müasir dünyada münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların artdığı bir şəraitdə dövlətlər arasında dialoq və qarşılıqlı anlaşma alternativsizdir. Bu baxımdan insan qardaşlığı ideyası yalnız etik çağırış deyil, həm də praktik siyasi yanaşmadır.

Azərbaycanın tarixi təcrübəsinə istinad edən Prezident İlham Əliyev ölkəmizin əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olduğunu qeyd etmişdir. Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilmiş, dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşmışdır. Bu modelin uğuru göstərir ki, fərqliliklər qarşıdurma deyil, əksinə, qarşılıqlı zənginləşmə mənbəyi ola bilər.

Çıxışda xüsusi olaraq qeyd edilmişdir ki, insan qardaşlığı yalnız sözlərdə deyil, konkret əməllərdə öz əksini tapmalıdır. Sosial ədalət, bərabər imkanlar, humanitar əməkdaşlıq və münaqişələrin beynəlxalq hüquq normaları əsasında həlli bu anlayışın real təzahürləridir. Prezident İlham Əliyev bu kontekstdə beynəlxalq təşkilatları və dünya liderlərini daha məsuliyyətli və ardıcıl mövqe sərgiləməyə çağırmışdır.

Cənab İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi fikirlər bir daha nümayiş etdirmişdir ki, Azərbaycan qlobal problemlərə yalnız milli maraqlar prizmasından deyil, ümumbəşəri dəyərlər baxımından yanaşır. İnsan qardaşlığı ideyasının təşviqi Azərbaycanın sülhə, dialoqa və əməkdaşlığa əsaslanan xarici siyasət kursunun məntiqi davamıdır.

Bu çıxış bir mesaj kimi aydın idi: güclü dünya zorakılıq üzərində deyil, qarşılıqlı hörmət və etimad üzərində qurula bilər. Məhz bu yanaşma XXI əsrin əsas çağırışlarına verilən ən doğru cavabdır.

Türkan Hüseynova,
SOCAR, Neft Kəmərləri İdarəsi,
YAP Xətai rayon təşkilatının fəalı