Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
İran son dövrlərdə regionda gərginliyi artıran və məsuliyyətsiz davranışları xatırladan addımlar atmaqdadır. Ölkəmizə qarşı həyata keçirilən dron hücumu beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və regionda sabitliyə ciddi təhdiddir.
Azərbaycan bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə və mehriban münasibətlərə əsaslanan siyasət yürüdür. Ölkəmiz dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə oluna bilməz və bu prinsipə daim sadiq qalıb. Çünki sülh, sabitlik və dövlətlərin ərazi bütövlüyünə hörmət Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir.
Belə bir mövqenin qarşılığında mülki infrastruktura qarşı dron hücumunun baş verməsi qəbuledilməzdir və ciddi narahatlıq doğurur. Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür və baş verənlərə aydın və obyektiv izah verilməlidir.
Mülki obyektlərə qarşı hücumlar beynəlxalq humanitar hüquqa ziddir və regionda etimad mühitinə də ciddi zərbə vurur. Təəssüf ki, İranın müxtəlif dövrlərdə azərbaycanlılara qarşı sərgilədiyi münasibət və ölkədə yaşayan soydaşlarımızın üzləşdiyi çətinliklər də bu kontekstdə narahatlıq doğuran məsələlərdir.
Lakin unudulmamalıdır ki, bugünkü Azərbaycan güclü dövlət institutlarına, möhkəm siyasi iradəyə və öz təhlükəsizliyini təmin etmək imkanına malik müstəqil dövlətdir. Dövlətimiz öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq əzmindədir. Azərbaycan sülh və sabitliyin tərəfdarıdır.
AZƏRBAYCAN XALQI ƏMİN OLMALIDIR Kİ, İSTƏNİLƏN BƏD QÜVVƏ ONLARA QARŞI BİZİM “DƏMİR YUMRUĞ”UMUZU GÖRƏCƏK
Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid və ya təhlükə mənbəyi kimi istifadə olunmayıb