Rahib Əfəndiyev: Yoluna işıq saldığın gəncləri görəndə ömrümü boşuna yaşamadığıma sevinirəm
Müəllimlik bəşəriyyətin yaranışından bu günə qədər öz müqəddəsliyini qoruyub saxlayan, cəmiyyətin tərəqqisində əvəzsiz rol oynayan ən şərəfli peşələrdən biridir. Tarix boyu xalqları tərəqqiyə aparan böyük şəxsiyyətlərin, alimlərin, dövlət xadimlərinin və ziyalıların arxasında onları elmə, biliyə və mənəvi dəyərlərə yönəldən müəllim əməyi dayanıb. Çünki müəllim yalnız dərs deyən insan deyil; o, gələcəyi formalaşdıran, cəmiyyətin intellektual və mənəvi təməlini quran, sabahın vətəndaşını yetişdirən şəxsiyyətdir.
Bir müəllimin ömrü bəzən yazdığı dərs planları ilə deyil, yetişdirdiyi insanların uğurları ilə ölçülür. Onun sinif otağında söylədiyi bir fikir, verdiyi bir məsləhət, aşıladığı bir dəyər illər sonra bütöv insan talelərinin istiqamətini dəyişə bilir. Məhz buna görə də müəllimlik peşəsi sadəcə əmək fəaliyyəti deyil, böyük məsuliyyət, fədakarlıq, səbir və insan sevgisi tələb edən mənəvi missiyadır. Bu missiyanı şərəflə yerinə yetirən insanlar isə zaman keçdikcə yalnız pedaqoq kimi deyil, həm də ziyalı, tərbiyəçi, örnək şəxsiyyət və bütöv bir məktəb kimi tanınırlar.
Azərbaycan təhsilinin inkişaf tarixində də belə insanlar az olmayıb. Ömrünü məktəbə, elmə və maarifçiliyə həsr edən, fəaliyyət göstərdiyi hər bir təhsil ocağında öz dəst-xəttini formalaşdıran, minlərlə şagirdin həyatında silinməz iz qoyan pedaqoqlar milli təhsilimizin qızıl fondunu təşkil edirlər. Onların fəaliyyəti yalnız çalışdıqları dövrlə məhdudlaşmır, yetişdirdikləri nəsillər vasitəsilə illər sonra da yaşayır, öz bəhrəsini verməyə davam edir.
Bu gün sizə təqdim etdiyimiz müsahibimiz də məhz belə ziyalılardan, belə pedaqoqlardandır. Həyatının böyük hissəsini təhsilə həsr edən, müəllimlikdən təhsil idarəçiliyinə, mühəndislikdən psixologiyaya qədər müxtəlif sahələrdə zəngin təcrübə qazanan, fəaliyyət göstərdiyi hər kollektivdə peşəkarlığı, tələbkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilən Əfəndiyev Rahib Vaqif oğlu uzun illərdir Azərbaycan təhsilinə xidmət edən nüfuzlu pedaqoqlardan biridir.
1961-ci ildə dünyaya göz açan Rahib müəllimin elmə olan marağı hələ məktəb illərində özünü göstərib. Sumqayıt şəhərində aldığı təhsil dövründə yüksək nəticələri ilə seçilən gələcəyin pedaqoqu orta məktəbi fərqlənmə ilə başa vuraraq Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. Həmin dövr üçün son dərəcə yüksək göstərici hesab olunan nəticələrlə universitetə daxil olması onun istedadının, zəhmətkeşliyinin və elmə bağlılığının ilk parlaq göstəricilərindən biri olub.
Ali təhsilini uğurla başa vurduqdan sonra əmək fəaliyyətinə hidrometeoroloji proseslərə fəal təsir üzrə mühəndis kimi başlayan Rahib müəllim sonralar taleyini birdəfəlik müəllimlik peşəsi ilə bağlayıb. Müxtəlif məktəblərdə müəllim, praktik psixoloq, təlim-tərbiyə işləri üzrə direktor müavini və tədris işləri üzrə rəhbər vəzifələrdə çalışaraq təhsil sisteminin müxtəlif istiqamətlərində zəngin təcrübə toplayıb. Təbiət Elmləri Təmayüllü Gimnaziyada, Bakı Türk Liseyində və digər nüfuzlu təhsil müəssisələrində fəaliyyəti onun peşəkar inkişaf yolunun mühüm mərhələlərini təşkil edib.
Uzun illər ərzində qazandığı təcrübə, müəllim adına olan hörməti, elmə və təhsilə bağlılığı Rahib müəllimi həm şagirdləri, həm valideynlər, həm də həmkarları arasında xüsusi nüfuza malik pedaqoqlardan birinə çevirib. Onun fəaliyyətinin əsas qayəsini hər zaman keyfiyyətli təhsil, sağlam məktəb mühiti və vətəninə faydalı gənclərin yetişdirilməsi təşkil edib.
Bu gün də Texniki və Təbiət Elmləri Liseyində fəaliyyətini uğurla davam etdirən Rahib müəllim ömrünün onilliklər boyu topladığı bilik və təcrübəsini yeni nəslə ötürməkdən böyük qürur duyur. Onun həyat yolu müəllimlik peşəsinə sədaqətin, elmə bağlılığın və təhsilə xidmətin ən gözəl nümunələrindən biridir.
Zəngin həyat və fəaliyyət yolu, pedaqoji baxışları, təhsilimizin dünəni və bu günü ilə bağlı dəyərli fikirləri ilə yaxından tanış olmaq üçün sözü hörmətli müsahibimiz – Əfəndiyev Rahib Vaqif oğluna veririk.
-Fizika elminə marağınız nə vaxt yaranıb və bu sahəni seçməyinizə hansı amillər təsir edib?
-Fizika elminə maraq fizika müəllimimiz mərhum Hacıyev Vələd tərəfindən oyadılıb. Onun dəqiqliyi, hadisələrə münasibəti, ciddiyəti, laborator işlərinə əhəmiyyət verməsi məndə fizikaya maraq oyatdı.
-Niyə məhz müəllimlik peşəsini seçdiniz?
-Əslində mən müəllim yox elmi işçi olmaq istəyirdim, amma görünür müəllim olmaq mənim alın yazım imiş.
-İlk dərs gününüzü necə xatırlayırsınız? Həmin gün yaşadığınız hisslər bu gün də yadınızdadırmı?
-Corat məktəbində 11 ci sinifdə dərsə başlamışam, şagirdlərlə aramda çox böyük yaş fərqi yox idi, üstəlik sinif çətin idarə olunan sinif idi. Ani olaraq düşündüm ki, mən uşaqları təəcübləndirməliyəm, başqa cür diqqəti cəlb edə bilməyəcəyəm. Ona görədə onların öz biliklərindən istifadə edib yeni mövzunu izah etdim, göstərdim ki, siz bunları bilirdiniz, amma sizə sadəcə bu bilikləri sistemləşdirməyə kömək etmək lazımdır. Bundan sonra işlər qaydasına düşdü.
-Özünüzü yaxşı müəllim hesab edirsinizmi? Sizcə, yaxşı müəllim necə olmalıdır?
-Mən öz təsəvvürümdəki ideal müəllimdən çox uzağam, amma idarə etmək olar… Peşəkar müəllim sinfi ələ almağı bacaran və fənnini yaxşı tədris edən, yaxşı müəllim isə uşaqların dünyagörüşünü formalaşdıran, onlara həyatda öz yerini tapmaq üçün bir mayak rolunu oynayan şəxsdir. Yaxşı müəllim təlim strategiyasını dəyişdirə bilən müəllimdir.
-Əgər müəllim olmasaydınız, özünüzü hansı sahədə görərdiniz?
-Məncə həkim olardım. Çünki fərdi çalışmaqdan zövq alıram, fərdi çalışmağıma heç kim mane olmayanda özümü daha rahat hiss edirəm. Düşündüyümü həyata keçirməyə əngəllər məni həmişə sıxıb.
-Uzun illərin təcrübəsinə əsaslanaraq, müəllimlik peşəsinin çətin və eyni zamanda sevindirici tərəfləri hansılardır?
-Ən çətini həmişə səbirli olmağı bacarmaqdır. Sevindirici tərəfi əməyinin bəhrəsini görməkdir. Yoluna işıq saldığın gəncləri görəndə ömrümü boşuna yaşamadığıma sevinirəm.
-Fizika fənninin şagirdlərin məntiqi təfəkkürünün və dünyagörüşünün formalaşmasında rolunu necə qiymətləndirirsiniz?
-Şagird fiziki qanunları öyrənərkən təbiətdə heç bir şeyin təsadüfən baş vermədiyini anlayır. Məsələn, bir cismin hərəkət sürətinin dəyişməsi üçün ona mütləq bir qüvvənin təsir etməli olduğunu (Nyuton qanunları) bilmək, real həyatda da hər bir nəticənin arxasında bir səbəb axtarmaq vərdişi yaradır.Fizika real dünyanı ideal modellər (maddi nöqtə, ideal qaz, qapalı sistem) vasitəsilə dərk etməyi tələb edir. Bu, şagirdlərdə mürəkkəb problemləri sadələşdirərək analiz etmək və strateji düşünmək bacarığını formalaşdırır. Dünyagörüşü insanın ətraf mühitə, cəmiyyətə və özünə olan baxışlarının sistemidir. Fizika bu sistemin elmi əsasını təşkil edir. Fizikanın bu potensialını şagirdə ötürmək üçün dərslər sadəcə quru formul və təriflərin əzbərlədilməsindən ibarət olmamalıdır. Əgər prosesə tədqiqatyönümlü yanaşma (məsələn, laboratoriya işləri, layihələr, real həyati problemlərin həlli) daxil edilərsə, effektivlik qat-qat artır.
Şagirdi olimpiada səviyyəsində və ya sadəcə məktəb layihələrində kiçik elmi araşdırmalara cəlb etmək, onlara problem həll etməyin fəlsəfəsini öyrədir: fərziyyə irəli sürmək, təcrübə aparmaq, analiz etmək və nəticə çıxarmaq.Fizika təkcə gələcəyin mühəndis və ya alimlərini yetişdirmir; o, hər bir şagirdi həyata rasional baxan, sistemli düşünən, yaradıcı və intellektual bir fərd olaraq hazırlayır. Fizika təfəkkürün memarıdır.
-Müasir dövrdə şagirdlərdə fizika fənninə maraq hansı səviyyədədir? Bu marağın artırılması üçün hansı metodlardan istifadə edirsiniz?
-Müasir dövrdə şagirdlərin fizika fənninə marağı kifayət qədər ziddiyyətli və dinamik bir səviyyədədir. Bir tərəfdən, dərsliklərin müvafiq olaraq sıx nəzəriyyə ilə yüklənməsi, düsturların çoxluğu və mücərrəd riyazi aparat bəzi şagirdlərdə fənnə qarşı çətinlik və müəyyən bir məsafə yaradır. Digər tərəfdən isə İKT-nin (İnformasiya və Kommunikasiya Texnologiyaları), müasir texnologiyaların, kosmik tədqiqatların və robototexnikanın sürətli inkişafı gənclərdə bu sahələrin fundamental əsası olan fizikaya qarşı gizli bir maraq oyadır.
Əsas məqsəd bu gizli marağı üzə çıxarmaq, fizikanı sadəcə "imtahan vermək üçün əzbərlənən düsturlar toplusu" statusundan çıxarıb, real həyatın dili kimi təqdim etməkdir. Şagirdlərin fənnə marağını artırmaq və dərsi daha effektiv etmək üçün aşağıdakı metod və yanaşmalardan istifadə etmək yüksək nəticələr verir:
Şagirdlər fizika qanunlarının tətbiqini real həyatda görmədikdə fənnə olan marağını itirirlər.Sürət və sürətlənmə mövzusunu keçərkən sadəcə avtomobilin hərəkətini hesablamaq yox, müasir maşınların (məsələn, Chevrolet Cruze və ya Volkswagen Jetta kimi şagirdlərin gündəlik gördüyü modellərin) texniki göstəricilərini, soyuq mühərrikin işə düşməsi zamanı dövrlər sayının (RPM) dəyişməsini misal gətirmək olar.
Sürtünmə qüvvəsini keçərkən qışda avtomobil təkərlərinin yola yapışması və ya tormoz sisteminin iş prinsiplərini müzakirə etmək dərsi canlandırır.Müasir şagirdlər vizual məlumatları daha yaxşı mənimsəyirlər. Məktəb laboratoriyalarında real avadanlıqlar kifayət etmədikdə və ya proses çox sürətli/təhlükəli olduqda rəqəmsal simulyasiyalardan istifadə etmək əvəzsizdir:
PhET Interactive Simulations tətbiqindən istifadə bu sahədə əvəzsizdir.
Və yaxud Labdisk rəqəmli texnologiyadan istifadə şagirdləri tədqiqata sövq edir, qanunları təcrübədə yoxlamağ imkan verir.
Yüksək potensialı olan şagirdlərin daxili motivasiyasını qorumaq üçün onları Jautikov kimi beynəlxalq elm olimpiadalarına və ya yerli respublika olimpiadalarına yönləndirmək çox önəmlidir. Bu, həm şagirdə öz güvənini artırır, həm də sinifdəki digər uşaqlar üçün sağlam bir rəqabət və nümunə mühiti yaradır.
Əsas Qızıl Qayda: Müasir şagirddən "Bunu əzbərlə" tələbini götürüb, yerinə "Gəl bunu birlikdə yoxlayaq və niyə belə olduğunu anlayaq" yanaşmasını qoyduqda, fizika ən sevilən fənlərdən birinə çevrilir.
*Fizika kimi mürəkkəb görünən bir fənni şagirdlərə sevdirmək üçün hansı yanaşmaları daha effektiv hesab edirsiniz?**
Fizika kimi mürəkkəb, düsturlarla və mücərrəd anlayışlarla dolu görünən bir fənni şagirdlərə sevdirməyin açarı — "mücərrədliyi vizuallığa, formulları isə hekayəyə çevirməkdir." Şagird sinifdə gördüyü dərslə divardan kənardakı dünya arasında bir körpü qura biləndə fənn onun üçün qorxulu olmaqdan çıxır.Şagirdlər mövzunun nəzəri hissəsini, qısa videoçarxları və ya simulyasiyaları evdə (dərsi dinləməzdən əvvəl) sərbəst şəkildə nəzərdən keçirirlər.
Sinif otağı isə tamamilə müzakirə, təcrübə, layihə işi və problem həlli zonasına çevrilir.
Şagirdə "Bu gün biz Çevrə üzrə bərabərsürətli hərəkətdə təcil mövzusunu keçirik" dedikdə bu, onun üçün sadəcə bir riyazi ifadə (a=v^2/r) olur. Lakin dərsə fərqli bir sualla başladıqda vəziyyət dəyişir:"Döngədə sürətlə gedən maşın niyə yoldan çıxıb aşır? Avtomobil istehsalçıları (məsələn, sürdüyümüz Chevrolet və ya Jetta modellərində) tormoz və sabitləşdirmə sistemlərini yığarkən hansı fizika qanununu əsas götürürlər?"Gündəlik həyatda qarşılaşdıqları texniki proseslər, smartfonların sensorlarının necə işləməsi, hətta idmanda topun trayektoriyası vasitəsilə fizikanı izah etmək fənnə qarşı "bu mənə real həyatda lazımdır" algısını yaradır.Maddənin quruluşunu və ya optikanı keçərkən alimlərin bir-biri ilə elmi mübahisələrini, Nyuton və Hüygens arasındakı "işıq dalğadır, yoxsa zərrəcik?" rəqabətini canlandırmaq.
İncə quruluş sabiti (1/137) kimi fundamental kəmiyyətlərin arxasındakı sirri və alimlərin bu rəqəmə olan heyranlığını bölüşmək. Bu zaman şagird fizikanı canından qanından keçmiş insanların yaratdığı dinamik bir elm kimi görür, donmuş qaydalar toplusu kimi yox.
-Tədris prosesində nəzəri biliklərlə praktik fəaliyyət arasında balans necə qurulmalıdır?
-Standart bir akademik dərsin və ya mövzu blokunun daxili strukturunda vaxtı elə bölmək olar ki, şagird həm bünövrəni alsın, həm də onu sınaqdan keçirsin: Mərhələ 1 (Nəzəriyyə - 30% vaxt): Yeni anlayışın, qanunun və ya düsturun mahiyyəti, onun niyə mövcud olduğu izah edilir. Şagirdə fundamental baza verilir.Mərhələ 2 (Praktika - 50% vaxt): Alınan bilik dərhal tətbiq olunur. Bu, laboratoriya işi, virtual simulyasiya, məsələ həlli və ya kiçik qrup layihəsi ola bilər.Mərhələ 3 (Refleksiya - 20% vaxt): Praktikanın nəticələri ilə nəzəriyyə müqayisə edilir. "Təcrübəmiz düsturu təsdiq etdimi? Əgər kənarlaşma varsa, bunun fiziki səbəbi nədir (məsələn, havanın müqaviməti, sürtünmə və s.)?" sualları cavablandırılır.
-Məktəblərdə laboratoriya və eksperimentlərin təşkili ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
-Çox təəssüf ki, bu suala cavab vermək məni məyus edir. Məktəblərimizin çox az bir hissəsinin laboratoriyası var, olanlar da şagird sıxlığından sinif otaqları kimi istifadə olunur. Fəaliyyət göstərən laboratoriyalar Bakı və Sumqayıt şəhər məktəblərində var,amma çox azdır. Bölgələrin bəzilərində laboratoriyalar var təəssüf ki, istifadə olunmur. Əlbəttə mən bütün məktəblərdə olmamışam.Gördüklərimi deyirəm.
-Bu gün Azərbaycan təhsil sistemində fizika fənninin tədrisi ilə bağlı hansı dəyişikliklərin aparılmasını vacib hesab edirsiniz?
-Birinci növbədə bütün məktəblər laborator avadanlığı ilə təchiz olunmalıdır, ikinci gənc müəllimlər laborator işlərini və nümayiş eksperimentlərini qurmağı öyrənməlidirlər. Bir neçə il əvvəl belə bir layihə təklifi irəli sürmüşdüm, çox təəssüf ki, diqqətdən kənarda qaldı.
-Olimpiadalara və müxtəlif bilik yarışlarına hazırlıq prosesində uğurun əsas şərtləri nələrdir?
-Məncə ən böyük səhv şagird seçimindən başlayır. Bura əlaçı şagird yox qeyri-standart yanaşma tərzinə malik şagird seçmək lazımdır.Ucdantutma bütün məktəblərdən olimpiada qalibi tələb etmək yanlış prinsipdir və yaxud məktəblərin fəaliyyətini yalnız olimpiadanın nəticələrinə görə qiymətləndirmək düzgün deyil. İkinci vacib şərt müəllim seçimidir. Olimpiada ilə məşğul ola biləcək müəllimləri barmaqla saymaq olar, bu sahədə Elm və Təhsil Nazirliyinin yanaşmasını uğurlu hesab edirəm, RFM də qalib gələn şagirdlər olimpiada mərkəzinə yönləndirirlir, burada onlarla xüsusi proqram məşğul olurlar. Məktəbimizin bir neçə şagirdini misal göstərə bilərəm. Məhəmmədli Zeynəb, İsmayıllı İbrahim, Aysunur Əliyeva , Camal Məlikzadə. Zeynəb bu illər ərzində RFM dən iki qızıl, RFO dan iki qızıl iki gümüş medala layiq görülüb.Jautikov beynəlxalq olimpiadasında bürünc medal, İPHO və APHO dan isə həvəsləndirici mükafat alıb.
-Sizcə, valideyn–müəllim–şagird əməkdaşlığı hansı prinsiplər üzərində qurulmalıdır və bu üçlük arasında sağlam münasibət təhsilin keyfiyyətinə necə təsir göstərir?
-Valideyn və müəllim bir-birini "hesabat tələb edən tərəflər" kimi deyil, şagirdin gələcəyini quran strateji tərəfdaşlar kimi görməlidir. Məqsəd eynidir: şagirdin həm akademik, həm də şəxsiyyət olaraq formalaşması. Əgər valideyn övladını olimpiadalara, yüksək elmi uğurlara (məsələn, Jautikov və ya Respublika olimpiadaları səviyyəsinə) hazırlamaq istəyirsə, müəllimlə birlikdə hərəkət etməli, evdə lazımi sakit mühiti və mənəvi dəstəyi təmin etməlidir.Problemlər yalnız rüb sonunda "valideyn iclasında" müzakirə edilməməlidir. Şagirdin akademik gedişatı, maraq dünyası və ya qarşılaşdığı çətinliklər mütəmadi olaraq bölüşülməlidir.Hər bir tərəf öz peşəkar və şəxsi sərhədlərini bilməlidir. Valideyn müəllimin pedaqoji metodikasına və akademik qiymətləndirməsinə hörmətlə yanaşmalı, müəllim isə ailənin daxili dinamikasını və uşağın fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Şagird heç bir halda müəllimlə valideyn arasındakı anlaşılmazlığın qurbanına çevrilməməlidir.Münasibətlər şagirdin "arxasından" qurulmamalıdır. Pedaqoji üçbucağın mərkəzində şagirdin maraqları, onun istedadı və psixoloji vəziyyəti dayanır. Qərarlar (məsələn, peşə seçimi, əlavə hazırlıq yükləri və s.) şagirdin fərdi potensialı (analitik, praktik və ya humanitar meylləri) nəzərə alınaraq, onunla birlikdə verilməlidir.Yekun olaraq-Müəllim şagirdin ağlına yol tapır, valideyn onun qəlbinin güvənidir. Ağıl və qəlb eyni istiqamətə baxanda, şagird üçün fəth edilməyəcək elmi zirvə qalmır.
-Bu günün şagirdləri ilə fəaliyyətə başladığınız dövrdəki şagirdlər arasında hansı fərqləri və oxşarlıqları görürsünüz?
-Mən fəaliyyətə başlayan dövrlə indiki dövr arasında çox böyük bir fərq var. İndi smartfonlar və kompyuter həyatımızın ayrılmaz hissəsinə çevrilib, şagirdlə süni intellektdən sərbəst istifadə edirlər. Bəzən bizdən daha sürətlə yenilikləri qəbul edib ona uyğunlaşırlar. İndi müəllim olmaq çox çətindir.
Oxşar cəhət onların təəccüblənməyə, heyrətlənməyə olan maraqlarıdır.
-Tədris fəaliyyətinizdə sizi ən çox qürurlandıran şagird uğuru hansı olub?
-İki şagirdimin uğuru xüsusi ilə qürurvericidir-Turqut Əfəndi-ABŞ Luiziana Universitetinin doktorantı və Zeynəb Məhəmmədli.
-Şagirdlərinizin qazandığı nailiyyətlər sizin üçün nə ifadə edir?
-Cəmiyyətə faydalı olan fərdlərin formalaşmasında mənim az da olsa payımın olması məni sevindirir və qürurlandırır.
-Pedaqoji fəaliyyətinizdə sizi motivasiya edən əsas amillər hansılardır?
-Bilmirəm,hər səhər yuxudan ayılanda qeyri-ixtiyari məktəbə getmək istəyirəm.
-“Tərəqqi” medalı ilə təltif olunmaq sizin üçün hansı mənəvi məsuliyyəti ifadə edir?
-Təltif olunmuş müəllim kimi fəaliyyət göstərmək çox çətindir, çünki səndən gözləntilər çox yüksəlir, buna cavab verə bilmək üçün çox çalışmalı, hər xırda detala əhəmiyət vermək lazımdır.
-Övladlarınızdan sizin peşə yolunuzu davam etdirən varmı? Ümumiyyətlə, müəllimlik sənətinin ailənizdəki yeri və təsiri barədə nə deyə bilərsiniz?
-İki oğlum var, biri həkimdir, ikincisi quruluşçu operatordur. Həkim olan oğlum eyni zamanda Beynəlxalq Ortopediya Assosasiyasının treneridir-müəyyən mənada müəllimdir. Bizim nəsildə müəllimlik ənənəvi peşədir, beləki ulu babam Hacı Nəsrullah Əfəndi, babam Əfəndiyev Məhəmməd, babamın qardaşı Möhsün Əfəndi öz dövrünün qabaqcıl müəllimləindən olublar, bacım Əfəndiyeva İlhamə də müəllimdir.
-Şagirdlərinizə hər zaman verməyə çalışdığınız ən vacib həyat dərsi və ya tövsiyə nədir?
-Ətrafına fayda ver, bacarmırsansa zərər vermə!
-Dərslərinizdə ən çox hansı innovativ metod və texnologiyalardan istifadə edirsiniz?
-Smart lövhə, kompüter, Labdisk rəqəmli texnologiya, layihə əsaslı dərs.
-Həyatınızda və müəllimlik fəaliyyətinizdə sizə ən çox təsir edən müəllim və ya şəxs kim olub?
-Həyatda hər bir insanın pedaqoji və elmi baxışlarının formalaşmasında, daxili kompasının düzgün istiqaməti tapmasında dərin iz qoyan bir insan mütləq olur. Mənim həm bir fərd, həm də fizika elminə və tədrisinə aşiq bir pedaqoq kimi formalaşmağımda ən böyük izi qoyan şəxs — öz məktəb illərimdə mənə fizikanın quru düsturlardan ibarət olmadığını, onun "təbiətin doğma dili" olduğunu öyrədən Hacıyev Vələd və insan olmağı öyrədən riyaziyyat müəllimim Şahnaz Məmmədova olub.
Onlar sinif otağına sadəcə bir dərslik və təbaşirlə girməzdi. Hər dərsi bir elmi laboratoriya, bir kəşfiyyat macərası kimi qurardı. Müəllimlik fəaliyyətimdə bu gün də tətbiq etdiyim bir çox prinsip və yanaşmaların kökü məhz onların dərslərində atılıb.
-Bir gün son dərsinizi keçəcəyinizi düşünsəniz, həmin günü necə təsəvvür edir və necə xatırlanmaq istərdiniz?
-Əgər bir gün son dərsimi keçəcəyimi təsəvvür etsəm, o günü sakit bir qürur hissi ilə xatırlayardım. İllərin zəhməti, çəkilən əziyyət və paylaşılan biliklərin bir ömrə sığan yekunu kimi… Sinif otağında son dəfə şagirdlərimə baxıb onlara təkcə elmi bilik deyil, həm də insanlıq, ədalət və dürüstlük yolunu xatırladardım. İstərdim ki, məni insanlar və şagirdlərim “düzgün, ədalətli, bildiyini paylaşmaqdan zövq alan bir müəllim” kimi xatırlasınlar. Çünki müəllim üçün ən böyük miras və ən gözəl xatirə onun yetişdirdiyi insanların qəlbində qalmasıdır.
Sizinlə olan bu səmimi və dəyərli söhbətimiz bir daha göstərdi ki, müəllimlik peşəsi sadəcə bir ixtisas, bir vəzifə deyil, bütöv bir ömrü mənalandıran, insanı cəmiyyət qarşısında məsuliyyət sahibi edən müqəddəs missiyadır. Həyat yolunuza nəzər saldıqda elmə, biliyə, maarifçiliyə və gənc nəslin yetişdirilməsinə həsr olunmuş mənalı bir ömrün şahidi oluruq. Siz uzun illər ərzində yalnız fizika müəllimi, psixoloq, təhsil təşkilatçısı və rəhbər kimi fəaliyyət göstərməmisiniz, eyni zamanda minlərlə gəncin həyatına işıq tutmuş, onların gələcəyinə istiqamət vermiş, müəllim adının ucalığını öz fəaliyyətinizlə təsdiqləmişsiniz.
İnsan ömrünün ən böyük sərvəti qazandığı vəzifələr, titullar və mükafatlar deyil, insanların qəlbində qazandığı yerdir. Bu baxımdan Siz öz həyatınızı mənalı yaşayan, ömrünü xalqının və dövlətinin gələcəyinə xidmət edən nəslin formalaşmasına həsr edən xoşbəxt insanlardansınız. Bu gün müxtəlif peşələrdə çalışan, ölkəmizin və cəmiyyətimizin inkişafına töhfə verən yüzlərlə, minlərlə insanın həyatında Sizin əməyinizin, zəhmətinizin və müəllim qayğısının izi yaşayır. Bu isə müəllim üçün ən böyük mükafat, ən böyük qürur və ən böyük mənəvi zənginlikdir.
Sizin həyat yolunuz gənc müəllimlər üçün bir məktəb, pedaqoji fəaliyyətiniz isə peşəkarlıq nümunəsidir. Elmə olan sevginiz, öyrənməkdən və öyrətməkdən yorulmamağınız, daim yeniliyə açıq olmağınız, müxtəlif sahələrdə qazandığınız bilik və təcrübəni təhsilin inkişafına yönəltməyiniz hər bir təhsil işçisi üçün örnəkdir. Siz fəaliyyətinizlə sübut etmisiniz ki, müəllimlik yalnız sinif otağında keçirilən dərslərlə məhdudlaşmır; müəllim cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvər və savadlı gənclərin yetişməsində mühüm rol oynayan şəxsiyyətdir.
Bu gün də böyük həvəs və məsuliyyət hissi ilə fəaliyyət göstərməyiniz, topladığınız zəngin təcrübəni yeni nəslə ötürməyiniz, təhsilimizin inkişafına xidmət etməyiniz təqdirəlayiqdir. İnanırıq ki, bundan sonra da bilik və təcrübəniz gənc müəllimlərin formalaşmasına, şagirdlərin uğurlarına və Azərbaycan təhsilinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Sizə bundan sonrakı həyat və fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, uzun və mənalı ömür arzulayırıq. Uca Allah Sizə sağlam can, aydın təfəkkür, güclü iradə və daim yüksək əhval-ruhiyyə bəxş etsin. Ailənizlə birlikdə xoşbəxt, firavan, sevinc və bərəkət dolu ömür sürəsiniz. Həyat yolunuz daim uğurlarla müşayiət olunsun, qəlbinizi sevindirən xəbərlər heç vaxt əskik olmasın.
Allah yetişdirdiyiniz şagirdlərin uğurlarını Sizə daim göstərsin, onların qazandığı hər nailiyyətdə Sizin əməyinizin bəhrəsini görməyi nəsib etsin. Evinizdən ruzi-bərəkət, ocağınızdan istilik, qəlbinizdən ümid, həyatınızdan isə sevinc əskik olmasın. Ömrünüzün hər günü hörmət, ehtiram və minnətdarlıq hissləri ilə əhatə olunsun. Çünki Siz bu hörməti uzun illərin zəhməti, fədakarlığı və müəllim adına olan sədaqətinizlə qazanmısınız.
Dəyərli vaxtınızı ayıraraq fikirlərinizi bizimlə və oxucularımızla bölüşdüyünüz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Arzu edirik ki, həyat kitabınızın bundan sonrakı səhifələri də ən az keçmişi qədər uğurlu, mənalı və işıqlı olsun. Adınız daim hörmətlə çəkilsin, zəhmətiniz daim yüksək qiymətləndirilsin, müəllimlik işığınız isə hələ uzun illər gənc nəsillərin yoluna nur saçsın.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, mənəvi rahatlıq və yeni-yeni uğurlar diləyirik. Allah qorusun, Allah köməyiniz olsun, yolunuz həmişə açıq, ömrünüz isə xeyir-dualarla bərəkətli olsun!