Cari ilin mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları və sel suları Bakı şəhərində və ölkənin bir sıra bölgələrində yol infrastrukturuna ciddi ziyan vurmuşdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “İki sahil”ə verilən məlumata görə, dəymiş ziyanın aradan qaldırılması və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılmışdır.
Hazırda Bakı şəhəri və 8 rayonun (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Ağsu və İsmayıllı) ərazisində ümumilikdə 25 avtomobil yolunda bərpa işləri aparılır. İşlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular təmir olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.
Görülən tədbirlərin məqsədi nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir. Bununla yanaşı, intensiv yağıntılar zamanı yarana biləcək risklərin qarşısının alınması üçün əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.
Təmir-bərpa işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun aparılır və prosesin qısa müddətdə başa çatdırılması üçün zəruri texnika və işçi qüvvəsi səfərbər olunub.