17 iyun 2026 16:06
188

Masallıda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunub. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün münasibətilə 17 iyun 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatı və Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilib, öz peşə və bacarıqlarını inkişaf etdirərək Vətənə qayıdıblar.

Seyfəddin Əliyev bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur. “Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır”.

Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktroru İlqar Ramizoğlu çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkəmizdə səhiyyə sisteminin möhkəm təməlləri formalaşdırılıb və bu siyasət bu gün uğurla davam etdirilərək Azərbaycan səhiyyəsinin davamlı inkişafını təmin edir.

Tədbirdə Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri İlqar Qurbanov və başqalarının çıxışlarında qeyd olunub ki, bu gün Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsini yaşayır. Müasir tibb müəssisələrinin istifadəyə verilməsi, qabaqcıl tibbi texnologiya və avadanlıqların tətbiqi, eləcə də icbari tibbi sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir. Natiqlər bildiriblər ki, əldə olunan bütün bu nailiyyətlərin əsasında dövlətin insan sağlamlığına göstərdiyi xüsusi diqqət və qayğı dayanır.

Tədbirin sonunda bir qrup səhiyyə işçisinə təşkilatçılar tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.