05 oktyabr 2026 11:06
112

Fon der Lyayenin partiyası Qəzza sektoruna 15 milyard avro ayrılmasına qarşı çıxıb

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin daxil olduğu Avropa Xalq Partiyası (AXP) Aİ-nin növbəti çoxillik büdcəsindən Qəzza sektorunun bərpasına 15 milyard avronun ayrılmasına qarşı çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Politico"nun avropa nəşri məlumat yayıb.

Məlumata görə, AXP "Yaşıllar"ın Aİ-nin 200 milyard avroluq xarici yardımından Qəzzaya 15 milyard avro ayrılmasını təklif edən düzəlişini rədd edib. AXP bəyan edib ki, bərpa üzrə dəqiq plan razılaşdırılmamışdan əvvəl anklav üçün vəsait ayırmaq vaxtından əvvəldir.

Bununla yanaşı, Avropa Parlamentindəki (AP) digər bir sıra siyasi qüvvələr, o cümlədən Sosialistlər və Demokratlar, "Avropanı yeniləyin" və Solçular Qəzza sektoruna maliyyə yardımı göstərilməsinin lehinə çıxış ediblər.

Buna baxmayaraq, "Politico" qeyd edir ki, Avropa Parlamentinin yardım fondu ilə bağlı yekun mövqeyində Qəzza sektoru üçün konkret məbləğin ayrılması bəndinin olacağı ehtimalı azdır.