18 oktyabr 2017 20:38
520

Bakı Limanının dəstəyi ilə Gəncədə Logistika-Təlim Tədris Mərkəzi fəaliyyətə başlayıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin dəstəyi ilə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsində yaradılan Logistika-Təlim Tədris Mərkəzinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi açılış mərasimindən öncə qonaqlar təlim mərkəzi ilə tanış olublar.

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanov layihənin uğurla tamamlanması ilə bağlı öz məmnunluğunu bildirərək, logistika sahəsinin Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Bakı Limanı ilə ATU-nun əlaqələrinin yalnız Təlim Tədris Mərkəzi çərçivəsində deyil digər sahələrdə də inkişaf etdirilməsinə ümid bəslədiyini deyib.

O, həmçinin qeyd edib ki, bu layihə Bakı Limanının təcrübəsinin universitetdə təhsil alan gənc və perspektivli tələbələrlə bölüşməsi üçün böyük təşəbbüsdür.

Bakı Limanının baş direktorunun müavini Fərid Əhmədov layihə haqqında məlumat verərək bildirib ki, “Həm təhsilin həm də sənayenin inkişafı məqsədilə sənaye ilə təhsilin əlaqəsi qaçılmazdır. Bunlardan heç biri ayrılıqda inkişaf edə bilməz və hər ikisi bir-birini qidalandırmalıdır. Məhz bu səbəbdən bu cür logistika mərkəzlərinin, hətta logistika sahəsində yeni ixtisasların yaranması təsadüfi deyil”.

Bakı Limanının İstismar Xidmətinin müdiri Yevgeni Si bu cür əməkdaşlıqların yalnız Gəncəyə deyil, eyni zamanda digər ətraf regionların inkişafına da öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.