Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın yaradılması baxımından əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 19-da Azərbaycan Rəqəmsal Ticarət Qovşağına dair keçirilən ilk beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. Bildirib ki, konfransın keçirilməsində məqsəd rəqəmsal ticarət mərkəzinin infrastrukturuna xüsusi diqqət yetirərək, transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivlərini müzakirə etməkdir.
"Rəqəmsal Ticarət Qovşağı elektron ticarət və elektron kommersiya sahəsində dövlət-özəl əməkdaşlığı üçün gözəl nümunədir. Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzərində rəqəmsal məkanın, eyni zamanda, Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal Ticarət Qovşağı müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün də çox əhəmiyyətlidir. ISESKO ilə Rəqəmsal Ticarət Qovşağı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, bu gün həm Avropa İttifaqı, həm də Rusiya ilə imzaların qarşılıqlı tanınması, transsərhəd elektron iqtisadiyyatın inkişafı üçün imzalanmış anlaşma memorandumları Azərbaycanın rəqəmsal ticarət mövqeyini gücləndirəcək", - deyə V.Qasımlı qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov diqqətə çatdırıb ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının yaradılması beynəlxalq ticarətə inteqrasiyanın yeni bir mərhələsidir. Belə bir qovşağın yaradılması Prezident İlham Əliyevin ölkəmizdə apardığı məntiqi siyasətin uğurlu nəticəsidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir ki, bunlardan biri də "Azexport" portalının yaradılmasıdır. Portala 50-dən çox ölkədən 300 milyon dollardan artıq sifarişlər daxil olur. "Azexport"a təkcə Azərbaycan istehsalçıları deyil, qonşu ölkələrin istehsalçıları da qeydiyyatdan keçməyə maraq göstərirlər.
Konfrans panel iclaslarla işini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin 2017-ci il fevralın 22-də imzaladığı "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı əsasında yaradılıb. Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.