19 oktyabr 2017 21:45
492

Vergi orqanlarında daxili nəzarət sisteminin tətbiqinə başlanılıb

Vergi orqanlarında daxili nəzarət sisteminin strukturdaxili və strukturdan kənar formada tətbiqinə başlanılıb.

AZƏRTAC www.vergiler.az saytına istinadla bildirir ki, bu, əməkdaşların xidməti vəzifələrini bilavasitə iş yerində və iş yerindən kənarda hansı səviyyədə icra etmələrinə nəzarət etməyə imkan yaradır.

Məlumatda qeyd olunur ki, daxili nəzarət sistemi iki və daha çox məsul şəxsdən ibarət olmaqla qrup formasında tətbiq edilir, qrupa rəhbər təyin olunur. Nəzarət qrupunun rəhbəri və üzvləri kollektivdə müsbət xarakterizə edilən və öz prinsipiallığı ilə fərqlənən şəxslərdən seçilir. Daxili nəzarət sistemi 19 istiqamət üzrə əmək, icra və xidmət sahələrində nəzarət hərəkətlərini nəzərdə tutur.

Daxili nəzarət tədbirlərinin keçirilməsi və rəsmiləşdirilməsi zamanı yol verilmiş nöqsanların və prosedur pozuntularının, həmçinin çatışmazlığın aradan qaldırılması diqqət mərkəzində saxlanılır.