İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, gələn il ölkədə ümumi daxili məhsulun real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək.
Bir müddət əvvəl Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov “Reuters” agentliyinə müsahibəsində gələn il ölkəmizdə ÜDM-nin 1 faiz artacağını proqnozlaşdırdıqlarını bildirib. O, 2018-ci ildə “Şahdəniz-2” yatağından hasilata başlanması və özəl sektorun sağlamlaşdırılması fonunda iqtisadi artımın müşahidə olunacağını qeyd edib.
Dünya Bankının (DB) yenilənmiş proqnozunda da Azərbaycanda ÜDM-də artımın olacağı qeyd olunub. Bildirilib ki, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 0,9 faiz artacaq. Bu qurum da gələn il “Şahdəniz-2” layihəsinin işə düşməsinin iqtisadi artıma səbəb olacağını proqnozlaşdırır.
Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında yer alan sənəddə bildirilib ki, qeyri-neft sektorunda ÜDM-nin real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur. Bu göstəricilər 2018-ci ildə ÜDM-nin real ifadədə artımının qeyri-neft sektoru hesabına olacağını deməyə imkan verir.
Bu amili gücləndirən əsas şərt isə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasının növbəti illərdə ölkədə ÜDM-də qeyri-neft sektorunun payının daha da yüksəldilməsi nəticəsində ÜDM-nin sırf bu sektorun hesabına artmasına imkan verməsidir.
Hazırda ölkə üzrə real sektorun göstəricilərində müsbət dinamika davam edir. Belə ki, 9 ayın iqtisadi yekunlarına görə, qeyri-neft sektorunda 2,5 faizlik artım olub. Müqayisə üçün deyək ki, ilin birinci yarısında bu göstərici 1,7 faiz olub. Bütün bunlar isə onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar iqtisadi artımın davamlı olmasında əhəmiyyətli rol oynayır.
Ceyhun Piriyev,
“İki sahil”