23 oktyabr 2017 15:26
715

“Azərenerji”nin baş mühəndisi: Əsas prioritetimiz gərginlik və tezliyin stabil saxlanılmasıdır

“Azərenerji” ASC-nin baş mühəndisi Həsən Həsənovun 20 oktyabr - Energetiklər Günü münasibətilə “Report”a müsahibəsi

- Sizdə bu sahəyə maraq hardan yaranıb? Ailənizdə energetik vardımı?

- Mən ziyalı ailəsində anadan olmuşam, ata və anam müəllim olublar. Energetika sahəsinə maraq məktəbdə oxuyandan məndə kök salıb, sonra isə arzumun arxasınca getmişəm. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil almışam. 1970-ci ildən isə təyinatla energetika sahəsində işə başlamışam. Artıq 47 ildir bu sahədə fəaliyyətimi davam etdirirəm. Növbə rəisi, maşinist, rəis müavini, mühəndis-inspektor, dispetçer, rəis, baş direktor, idarə rəisi və s. vəzifələrdə işləmişəm, 2009-cu ildən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin baş mühəndisiyəm.

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?

- Bir oğlum, üç qızım var. Oğlum yolumu davam etdirir, o da energetika sahəsində işləyir.

- “Azərenerji” ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti əhali tərəfindən çox vaxt qarışıq salınır. “Azərenerji” daha çox hansı işləri həyata keçirir?

- Bizim idarə 1935-ci ildə yaradılıb. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin işi elektrik enerjisinin istehsalı və ötürülməsidir. “Azərişıq” isə paylayıcı funksiyanı yerinə yetirir. Bizim qurum, həmçinin elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Elektrik enerjisinin keyfiyyəti deyəndə 2 amil nəzərdə tutulur: gərginlik və tezlik. “Azərenerji”nin əsas prioriteti gərginlik və tezliyin stabil saxlanılmasıdır.

- Ölkənin elektrik enerjisi ilə təminatı vəziyyətinə necə nəzarət edirsiniz?

- Binada dispetçer məntəqəsi var. Bütün informasiyalar (elektrik stansiyalarında olan yüklər, sistem əhəmiyyətli xətlərin yükləri, enerji sistemində açılmalar, qəzaların ləğvi, bərpası) oradakı kompyuterə ötürülür. Məntəqəyə siqnal gəlir və orada məlumat qəbul olunur, nasazlıq qeydə alınan kimi dərhal tədbir görülür. Müvafiq orqanlara, rəhbərliyə məlumat verilir.

Məntəqədə növbəlilik rejimi ilə 24 saat işçi olur. Bura bir saniyə nəzarətsiz ola bilməz, elektrik enerjisi elə bir şeydir ki, onun anbarı olmur. Suyu, taxılı, qazı anbara yığmaq olar, amma elektrik enerjisinin anbarı yoxdur. Təchizatçıların istehlak etdiyi enerji eyni vaxtda da istehsal olunur.

- Qəzaların qarşısını almaq üçün nə qədər müddət lazım olur?

- Problemi həll etmək, qəzanın qarşısını almaq üçün müddət qəzanın xarakterindən asılıdır.

- Əhali sizə daha çox nə ilə bağlı şikayət edir?

- Əhali tərəfindən bizə şikayət olmamalıdır, çünki biz əhali ilə işləmirik. Əhali ilə “Azərişıq” işləyir. Bəzən bizim “Qaynar xətt”imizə də zəng edib müraciət edirlər, biz onları aidiyyəti qurumlara, çox vaxt “Azərişıq”a yönləndiririk. Qeyd edim ki, istehsal etdiyimiz enerji həm öz istehlakımıza çatır, həm də izafi olaraq qonşu ölkələrə ötürürülür.

- Son illər istifadə olunan elektrik lampaları tez-tez yanır. Bunun səbəbi nədir?

- Elektrik enerjisinin keyfiyyətinə həmişə fikir verilir, yəni bu problemin enerjinin keyfiyyəti ilə əlaqəsi yoxdur. Elektrik lampalarının tez-tez yanmasına səbəb onların keyfiyyətsiz olmasıdır. Hər bir ləvazimatın istifadə müddəti var.

İndi müxtəlif istehsal sahələri yaranıb. İstehsal işinə baxan idarələrin müvafiq sertifikatı olmalıdır, keyfiyyətli məhsul istehsal edilməlidir. Keyfiyyətsiz lampalar bazarlara çıxarılır, ordan da əhali istər-istəməz alır və istifadə edir.

- Elektrik cərəyanının vurması nəticəsində ölüm hadisəsi olur. Bundan necə qorunmaq olar?

- Bunun əsas səbəbi məsuliyyətsizli

kdir. Vətəndaşlarımız bəzən evdəki elektrik cihazlarında nasazlıq yarananda mütəxəssisə müraciət etmədən problemi özləri həll etməyə çalışırlar. Bu da bədbəxt hadisələrə gətirib çıxarır. Körpələri, uşaqları cərəyandan qorumaq lazımdır, evdə nasaz elektrik cihazları saxlamaq olmaz. Problemləri vaxtında mütəxəssisə müraciət edərək həll etmək lazımdır.

Hazırkı dövrdə elektrik cərəyanının vurması nəticəsində baş verən ölümlərin sayı azalıb. Bu da son illərdə əhalinin maarifləndirilməsi üçün görülən tədbirlərin nəticəsidir.

- Bəs əhalinin maariflənməsi üçün əlavə nələr etmək lazımdır? Bu işlə hansı qurumlar məşğul olmalıdır?

- Bu cür halların qarşısını almaq üçün ilk çıxış yolu əhalini maarifləndirməkdir, əhali ilə söhbət etmək lazımdır. Bu işdə isə mətbuatın rolu böyükdür. Maarifləndirmə işini birinci əhalinin özü aparmalıdır, valideynlər körpə uşaqlarına elektrik cihazları ilə davranmaq qaydalarını öyrətməlidir. Sonrakı sırada isə qeyri-hökumət təşkilatları, ictimai birliklər gəlir.

- Mətbuatla münasibətiniz necədir?

- Rəsmi qəzetləri hər gün oxuyuram. Həm energetika sisteminin baş mühəndisi kimi, həm bir vətəndaş, oxucu kimi mütəmadi olaraq mətbuatı oxumağa, məlumat almağa çalışıram. Yalnız iqtisadi xəbərlərlə deyil, həmçinin siyasi, sosial xəbərləri də oxuyuruq. Məsələn, Prezidentin imzaladığı sərəncam, fərman və digər sənədlərə diqqət edirik, ölkədə gedən siyasi proseslər, yeniliklərlə maraqlanırıq.

Qurum olaraq reallığı əks etdirən, obyektiv olan xəbərlərə həmişə müsbət münasibət bəsləmişik. Təbii ki, energetika sahəsində olan xəbərlər bizim üçün daha önəmli və əhəmiyyətlidir. Dünyada bu sahə üzrə yenilikləri daim diqqətdə saxlayırıq.