23 oktyabr 2017 21:39
541

Dmitri Kumsişvili ikinci “CEO Lunch Tbilisi”də iştirak edəcək

Oktyabrın 27-də Gürсüstanda keçiriləcək ikinci “CEO Lunch Tbilisi”yə iştirakçıların qeydiyyatı davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 26-dək açıq olacaq.

“Fəxri qonaq qismində “CEO Lunch”da Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Gürcüstanın maliyyə nazirinin birinci müavini Georgi Tabuaşvili, maliyyə nazirinin müavinləri Laşa Xutsişvili, Nikolaz Qaqua, Georgi Kakauridze iştirak edəcəklər”, - deyə Telman Əliyev bildirib.

Telman Əliyev “CEO Lunch Tbilisi”nin hər bir iştirakçı şirkətinin nümayəndəsi ilə şəxsən söhbət edən, onların problemləri ilə maraqlanan və Azərbaycanla Gürcüstan arasında ikitərəfli iqtisadi və işgüzar münasibətlərin nizamlanmasına dair onların təkliflərini dinləyən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.

O, həmçinin xatırladıb ki, birinci “CEO Lunch Tbilisi” sentyabrın 29-da Gürcüstanda “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə təşkil olunub. Üçüncü “CEO Lunch Tbilisi” dekabrın 1-də baş tutacaq.

Telman Əliyev 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyi ilə V Beynəlxalq “Caspian Energy Forum”un keçiriləcəyini əlavə edib. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır. “Networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur.

O qeyd edib ki, “Caspian European Club” və “Caspian American Club” CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə “CEO Lunch” təşkil edir.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasındakı dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

Tədbirdə iştirak etmək istəyən şəxslər bu linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər: http://www.caspianenergy.org/index.php/ceo-lunch/item/125-ceo-lunch-tbilisi-gruziya-27-10-2017