25 oktyabr 2017 18:07
1423

Zaqatalada ilk dəfə soya bitkisi əkilib

Cari ildə Zaqatala rayonunun fermer təsərrüfatlarında ilk dəfə olaraq 99 hektar sahədə soya bitkisi əkilib. Əkin sahələrinin 73 hektarı Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşür.

Təsərrüfatın rəhbəri AZƏRTAC-a müsahibəsində bildirib ki, soya yüksək rentabelli, qiymətli bitkidir və çox böyük iqtisadi əhəmiyyəti var. Xüsusilə heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak, boyaq sənayesində də istifadə olunur. Soya unu isə mal-qara üçün çox dəyərli yemdir.

Hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisinin idxal olunduğunu vurğulayan Abdulla Mahmudov deyib: “Xeyli araşdırmadan sonra rayonumuzda da bu bitkini əkməyə qərar verdim. Əkin sahələrinə lazımi aqrotexniki qulluq göstərilib. Bir neçə gündür məhsul yığımına da başlamışıq. Suvarılan sahələrin hər hektarından 30 sentnerədək məhsul götürmək mümkün olacaq. Məhsulun satışında problem yaranmazsa, gələn mövsüm əkin sahəsini daha da genişləndirməyi düşünürəm”.

Sahibkar, eyni zamanda, uzun illərdir ki, qarğıdalıçılıqla da məşğul olur. O, cari mövsümdə 11 hektar qarğıdalı sahəsindən 60 tondan çox məhsul götürüb.

“Muxax” İstehsal Kooperativi son illər qarğıdalıçılıqla yanaşı, günəbaxan istehsalına da böyük maraq göstərir. Bu il təsərrüfatda 40 hektar sahədə günəbaxan bitkisi yetişdirilib. Günəbaxanın əkin sahəsi əvvəlki illə müqayisədə iki dəfə artırılıb. Məhsul yığımı artıq başa çatıb və sahələrdən 60 tona yaxın günəbaxan tumu tədarük olunub.