Muxtar respublikada kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə soyuducu anbarlara 3360 tondan çox məhsul tədarük olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədarük olunan məhsulun 2403 tondan çoxunu kartof, 570 tondan çoxunu soğan, 204 tondan çoxunu alma, 137 tona yaxınını şaftalı, 40 tonunu ərik, habelə kələm, sarımsaq və üzüm məhsulları təşkil edir. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 860 tona yaxını satılıb.
Muxtar respublikada soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə anbarlar sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə icarəyə verilir. Belə ki, soyuducu anbarlarda icarə olaraq 378 ton məhsul saxlanılmaqdadır. Hazırda muxtar respublikanın müxtəlif bölgələrində soyuducu anbarlara məhsul tədarükü davam etdirilir.
Qeyd edək ki, hazırda regionda Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və özəl investisiya hesabına yaradılan anbarların sayı 31-ə, onların ümumi tutumu isə 14 min 30 tona çatdırılıb.