Azərbaycanda bu ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olub. Bununla da son 1 ildə qeyri-neft sektoru üzrə ixrac 25 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin oktyabr ayı üçün “İxrac İcmalı”na əsasən, Azərbaycan məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyini qoruyub. 9 ay ərzində bu ölkəyə 366 milyon dollarlıq ixrac olub. Növbəti yerləri isə Türkiyə (223 milyon dollar), Gürcüstan (99 milyon dollar), İsveçrə (98 milyon dollar) və Türkmənistan (44 milyon dollar) tutublar.
İxrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci yerdədir. (128,8 milyon dollar). Siyahıda ikinci yeri qızıl (81,4 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 milyon dollar) tutub.
Ümumilikdə isə meyvə-tərəvəz ixracı 307 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 87 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 78 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 58 milyon dollar təşkil edib.
Qeyd etmək lazımdır ki, son 1 ildə pambıq lifi ixracı 8,5 dəfə, elektrik enerjisi ixracı 2,8 dəfə, çay ixracı 62 faiz, meyvə-tərəvəz ixracı 41 faiz, spirtli və spirtsiz içkilərin ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 22 faiz, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 10 faiz artıb.
Buradan bir daha aydın olur ki, Azərbaycanın qeyri-neft ixracının əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Burada xüsusilə meyvə-tərəvəz ixracı dəyərinə görə qeyri-neft məhsulları üzrə ixracında birinciliyə sahib olmaqla yanaşı, ümumi ixracdakı nisbətinə görə (3,76 faiz) neft məhsullarını (2,93 faiz) da qabaqlayır.
May ayından başlayaraq birinciliyi qoruyub saxlayan pomidor ixracı diqqəti cəlb etməkdədir. Baxmayaraq ki, bu məhsul sentyabr ayında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında yer almayıb (sentyabr ayı üzrə birinci yeri 23,5 milyon dollarla fındıq ləpəsi ixracı tutub). Qeyd etmək lazımdır ki, son illərdə bu tərəvəz növünə artan tələbatı nəzərə alaraq 2014-2016-cı illərdə ölkə əraizisində təkcə örtülü qruntda pomidor istehsalı üçün sahələr 1,6 dəfə artırılıb. Cari ilin 6 ayı ərzində örtülü qruntda pomidor istehsalının həcmi 261,7 min ton olub. 2016-cı ildə isə pomidor istehsalının ümumi həcmi 502,7 min ton təşkil edib. Bu da pomidor ixracı üçün geniş imkanlar yaradıb.
Bu fakt Rusiyada müxtəlif səviyyələrdə Azərbaycandan bu ölkəyə pomidor ixracının guya Türkiyədən idxalın hesabına həyata keçirilməsi ilə bağlı səsləndirilən iddiaları da alt-üst edir. Ötən həftə iqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində bu məsələyə toxunaraq ölkədə bol məhsul istehsalını, ötən ildən başlayaraq pomidor idxalına xüsusi rüsum tətbiqini, eyni zamanda, Türkiyə ilə sərhədin yalnız blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikası ilə olmasını əsas gətirərək bu cür iddiaların həqiqətə uyğun olmadığını bildirib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə pomidor idxalına hər kiloqram üçün 0,4 ABŞ dolları məbləğində xüsusi rüsum tətbiq edilib. Nəticədə bu ilin 9 ayı ərzində Türkiyədən pomidor idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 81 faiz, dəyər ifadəsində 76 faiz azalıb.
Həmin rüsum tətbiq ediləndən sonra idxal edilən pomidorun bir kiloqramının orta qiyməti 1,15 ABŞ dolları, Rusiyaya ixrac edilən pomidorun bir kiloqramının orta qiyməti isə 0,97 dollar olub. Bu, Türkiyə pomidorunun Rusiyaya təkrar ixrac edilməsinin səmərəli olmamasına dəlalət edir. Nəticədə bu ilin may ayından etibarən, ümumiyyətlə, Türkiyədən pomidor idxal edilməməsi ilə bu məhsulun qeyri-neft ixracında birinci olmasının üst-üstə düşməsi bol məhsulun olmasına işarədir.
Ceyhun Piriyev,
“İki sahil”