25 oktyabr 2017 22:06
545

İqtisadiyyata 233,5 milyard dollar investisiya qoyulub

Ölkəmizdə iqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb.  Qəbul olunan Dövlət proqramları, inkişaf konsepsiyaları, Strateji Yol xəritələri Azərbaycanda davamlı inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasına böyük töhfələr verib.

Görülən işlər,  həyata keçirilən tədbirlər sayəsində 2017-ci ilin doqquz ayında  bütün sahələrdə hərtərəfli və dinamik inkişaf təmin edilib,  respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib. Məhz bunların nəticəsində cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sektorunun sənaye hissəsi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Bu ilin doqquz ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollara çatıb.

Respublikamızda sosial-iqtisadi sahələrdə əldə edilən müsbət göstəricilər zaman-zaman nüfuzlu beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi nüfuzlu təşkilatlarının hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişafı,  o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri müsbət qiymətləndirilir.

Həyata keçirilən hüquqi və institusional islahatlar çərçivəsində vergi sisteminin liberallaşdırılması, investorların hüquqlarının etibarlı qorunması, bu sahədə dövlət siyasətinin sahibkarlığın inkişafı, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından qurulması, vergi qanunvericiliyinin daim təkmilləşdirilməsi, biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınmasının asanlaşdırılması sahəsində atılan addımlar, zəngin xammal bazasının mövcudluğu, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində irimiqyaslı layihələrin reallaşdırılması, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi, bütövlükdə əlverişli biznes mühitinin yaradılması respublikamızın xarici investorlar üçün cəzbediciliyini daha da artırmışdır. Rəsmi statistik rəqəmlərə görə, 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun 111 milyard dollarını xarici investisiyalar təşkil edir. Hazırda ölkəmizdə 800-dən artıq xarici şirkət fəaliyyət göstərir.

Zahid Rza,

“İki sahil”