22 may 2020 10:41
3102

Ah, bu fobiyalar, fobiyalar...

Fobiya- yunanca “fobos”qorxu , təşviş deməkdir. Qorxu hissi hər birimizə tanışdır. Bu yazıda sizə dünyanın ən qəribə fobiyaları haqqında söz açmaq istəyirik.

Ergofobiya

“Ergophobia” sözü Yunan dilindəki “ergon” sözündən götürülüb, iş deməkdir. Ergofobiyadan əziyyət çəkən insanlar cəmiyyətdə danışmaqdan , ünsiyyət qurmaqdan və vəzifələrinin öhdəsindən gəlməmək kimi qorxu hisslərindən əziyyət çəkirlər. Bu tip insanda qorxu hissi o qədər güclü ola bilər ki, həmin şəxs işini vaxtından əvvəl tərk edə bilər və ya işə ümumiyyətlə, gəlməz. Ergofobiyadan əziyyət çəkən insan iş yerini bir neçə dəfə dəyişsə belə bu qorxu hissi onu heç tərk etmir. Belə insanları yalnız məruz qalma terapiyası ilə müalicə edirlər. Məruz qalma terapiyası ondan ibarətdir ki, xəstə bir müddət ərzində qorxusu tam keçənə qədər çəkindiyi mühitə adaptasiya olunmaq məcburiyyətində qalır.

Haetofobiya

Əksəriyyətimiz gözəl saçlara sahib olmaq istəyirik. Lakin haetofobiyadan əziyyət çəkən insanlar saçlardan qorxurlar. Əslində “haetofobiya” sözü qədin yunan dilində “kaite” - açıq saçlar deməkdir. Bu fobiyadan əziyyət çəkən insanlar digər insanların saçlarından və hətta heyvan tüklərindən belə qorxa bilərlər. Haetofobiyadan əziyyət çəkən insanlar uğursuz bir kəsim və ya saç düzümü səbəbindən çox dərin bir depressiyaya düşə bilərlər. Haetofobiyanın əsas növlərindən biri trihotillamadiyadır. Bu psixi pozuqluqdan əziyyət çəkən insanlar başında və ya bədənin digər hissələrində olan tükləri bir-bir yolurlar. Psixoterapiyada bu cür xəstələrin müalicəsi üçün neyro-lingvistik proqramlaşdırmadan istifadə olunur (NLP).

Amoksofobiya

Amoksofobiya ictimai nəqliyyatdan istifadə etməkdən çəkinənlərin əziyyət çəkdiyi fobiya növüdür. Bu fobiyadan əziyyət çəkən insanlar nə qədər çıxılmaz vəziyyətdə qalsalar da, qorxularına qalib gəlib avtobus və metroya minməzlər.

Anatidaefobiya

Bir çox fobiyalar içində ən qəribəsi anatidaefobiyadır. Bu fobiyadan əziyyət çəkən insanlar bir ördək tərəfindən izləndiklərini zənn edirlər. Bütün fobiyalar kimi anatidaefobiya da insanın uşaq vaxtlarında keçirdiyi qorxulardan yaranır. Hamımız bilirik ki, ördəklər bəzən aqressivləşir , qışqırır və insana hücum belə edirlər . Əsasən bu fobiyanın yaranma səbəbi uşaq yaşlarında ördək tərəfindən dişlənməsi və ya qorxudulmasıdır. Bu fobiyadan əziyyət çəkən insanları düşüncəsinə görə, harada - olurlarsa olsunlar bir ördək tərəfindən izlənirlər və bu düşüncə onların həyatına çox mənfi təsir edir. Digər insanlara bu fobiya gülünc və qəribə gəlsə də, ondan əziyyət çəkənlər üçün yetərincə vahiməlidir. Anatidaefobiyanın əsas simptomları ürək bulanması, baş gicəllənməsi və panik hücumdur .

Hidrozofobiya

Hidrozofobiyadan əziyyət çəkən insanlarda tərləyib xəstələnmə və ya pis qoxu ifrazetmə qorxusu mövcuddur. Bu tip insanlar quşları, donuzlara və dovşanları heç sevmirlər və hətta onlara paxıllıq edirlər, çünki adı çəkilən heyvanların tər vəzləri olmur.

Gamopfobiya

Gamopfobiya yunan sözü olub, “gamos” sözündən götürülüb, evlilik deməkdir. Bu fobiyadan əziyyət çəkən insanlar evlilikdən və ikili münasibətdən qorxurlar. Onlar bütün ömürlərini bir insanla keçirməkdən çox çəkinirlər. Gamopfobiyanın əsas simptomları bunlardır: evliliklə bağlı söhbətlərdən qaçmaq, irrasional və şiddətli evlilik qorxusu (həmçinin evliliklə bağlı düşüncələrdən belə qorxmaq) , aqressiya və panik hucum (ağlamaq, çətin nəfəs almaq, ürək bulanma, tərləmə). Gamopfobiyanın müalicəsində ən effektiv terapiya koqnitiv davranış terapiyası sayılır (CBT). İlk növbədə psixoterapevt konsultasiya nəticəsində xəstələrin evliliklə bağlı düşüncələrini öyrənir. Onların evliliklə bağlı əsas qorxularını üzə çıxarır və zamanla sağlam ünsiyyət nəticəsində mənfi düşüncələri, müsbət düşüncələr ilə əvəz edir.

Genufobiya

Genufobiya termini latınca “genu” sözündən gəlir, mənası diz deməkdir. Bu fobiyadan əziyyət çəkən insanlar öz dizlərindən və yaxud kiminsə dizlərindən qorxurlar. Bu fobiyanın əsas səbəbi uşaqlıqdan gəlir və dizlərinin yaralanması nəticəsində yarana bilər. Genufobiyadan əziyyət çəkən insanlar idman və meditasiya etməkdən çox qorxurlar. Bu fobiya növünü koqnitiv davranış terapiyası və ya dərmanlar vasitəsilə müalicə edirlər.

Ombrofobiya

Ombrofobiyadan əziyyət çəkən insanlar yağışdan qorxurlar. Psixoterapevtlərin düşüncələrinə görə, bu qəribə qorxu bir neçə səbəbə görə əmələ gələ bilər. Əsasən bu tip xəstələrə uşaq vaxtı yağışlı havada çölə çıxması qadağası qoyulur və böyüdükcə bəzi insalarda bu qorxu artıq bir fobiyaya çevrilir.

Allodoksafobiya

Allodoksafobiya çox nadir və qəribə sosial fobiyadan biridir. Allodoksafobiya qədim yunan dilindən gəlib, “allo”- digər , “doks”- fikir deməkdir. Bu fobiyadan əziyyət çəkən hər kəs digər insanlar tərəfindən mühakimə olunmaq qorxusundan əziyyət çəkir. Sosial həyatdan qaçan bu tip insanlar söylənilən hər hansı bir mənfi və ya müsbət rəyi qəbul edə bilmirlər. Bunların nəticəsində allodoksafobiyadan əziyyət çəkən insanlar qarşılarına çıxan fürsətləri dəyərləndirə bilmirlər və məhz buna görə tez-tez depressiv halda olurlar. Bu fobiya növünü dialektik davranış terapiyası, yoqa və dərmanlar vasitəsi ilə müalicə edirlər.

Samirə Tağıyeva, “İki sahil”