29 noyabr 2019 11:42
2128

Cəmiyyətimizin böyük səhvi: Heç demə, qışda xəngəl yemək...

“Sağlam qidalanmanın əhəmiyyətli bir parçası olan karbohidrat bədəni ehtiyacı olan enerji ilə təmin etməklə sinir sisteminin işinə də kömək edir. Lakin düzgün qəbul edilməyən karbohidratın zərəri faydasından çoxdur”.

Bu sözləri Teleqraf.com-a qida eksperti Məshəti Hüseynova deyib.

Onun sözlərinə görə, faydalı karbohidratlar yavaş-yavaş həzm olunursa, zərərli karbohidratlar sürətlə qana qarışır və qan şəkərini yüksəldir: “Xüsusilə qış aylarında xəmir yeməklərinin istehlakı zərərlidir. Bu qidalar karbohidratlarla zəngin olduğundan immunitet sistemini aşağı salır”.

Dietoloq bildirib ki, karbohidrat xəmir şəklində qəbul edildikdə artıq çəkiyə səbəb olur: “Xəmir yeməklərinin xüsusilə axşam saatlarında yeyilməsi ikiqat ziyandır. Həzm prosesi axşam daha zəif olur, kifayət qədər enerji sərf etmədikdə yağ şəklində toplanır. Eyni zamanda, belə qidalar yorğunluq və yuxu gətirərək insanın sağlamlıq və iş fəaliyyətinə mane olur”.

Mütəxəssisin qeyd edib ki, B vitamininin əskikliyi zamanı karbohidrat istəyi meydana gəlir: “Banan, süd, qırmızı ət, yumurta, balıq, pomidor, göbələk kimi qidalar B vitamini çatışmazlığından qaynaqlanan karbohidrat istəyiylə mübarizədə olduqca faydalıdır”.

Ekspertin sözlərinə görə, qış aylarında qidalanmada meyvə-tərəvəz və dənli bitkilərin istehlakı immunitet sitemini gücləndirir: “Mədə-bağırsaq xəstəliyi olan və sağlam insanlar üçün ən əsas faktorlardan biri səhər yeməyidir. Səhər yeməyinin tərkibində mütləq yağ, protein və karbohidrat olmalıdır. Mütləq iki ədəd yumurta yeyilməlidir. Yumurtada kalsium, kalium, maqnezium, sink, minerallar, mikro elementləri var ki, onlar da immunitetin yüksəlməsinə kömək edir”.