16 yanvar 2019 10:27
750

Çoxvektorlu xarici siyasət Azərbaycana yeni dostlar qazandırır

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqət göstərdiyi əsas istiqamətlərdən biri xarici siyasət uğurları oldu. Daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasətdə əldə olunan uğurlar öncə əsas problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir baxımından xüsusi müzakirə olunur, eyni zamanda önəm daşıyır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması sözsüz ki, həqiqətlərimizin olduğu kimi dəyərləndirilməsində, yəni ədalət meyarının varlığına inamın formalaşmasında və güclənməsində stimulverici amildir.

Ötən ilin uğurları sırasında əsas yer tutan “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq saldı. Cənab İlham Əliyev bu fikri böyük inamla qeyd edir ki, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı onu göstərdi ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi önəm verilir.

Dövlətimizin başçısı İlham Əliyevin ötən il ondan artıq xarici ölkəyə, həmçinin eyni sayda digər dövlət və hökumət başçısının Azərbaycana səfərləri, keçirilən görüşlərdə, aparılan müzakirələrdə gündəmə gətirilən məsələlər və onların həlli ilə bağlı ortaya qoyulan ümumi mövqe Azərbaycanın beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi yeri və roluna aydınlıq gətirdi. “Keçən il xarici siyasət sahəsində də uğurlu olubdur” söyləyən cənab İlham Əliyev 2018-ci ildə xarici ölkələrə 16 səfər etdiyini, həmçinin digər ölkələrin 16 dövlət və hökumət başçısının Azərbaycana səfərlərini diqqətə çatdırmışdır: “Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır.”

Ötən ilin qısa təhlili əsasında dövlətimizin başçısı İlham Əliyevin “İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır” tezisinin reallıqlarda öz əksini tapdığını böyük inamla qeyd edə bilərik. Dövlətimizin xarici siyasətinin əsas istiqaməti kimi Avropa dövlətləri ilə sıx əməkdaşlığın qurulmasında da bu amilin rolu inkaredilməzdir. Ölkə Prezidenti İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa İttifaqı ilə imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəd də bu kimi məqamlara aydınlıq gətirdi. Həmin sənəddə bir çox önəmli məsələlər öz əksini tapmışdır ki, bunlardan biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəa idi. Müddəada qeyd olunmuşdur ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir.

Ölkə Prezidentinin vurğuladığı kimi, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan  bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsiplərinə söykənir: “Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.” Cənab İlham Əliyev bu statistikanı da açıqlayır ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu,  Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunun təsdiqidir.

Azərbaycana ötən il formalaşan beynəlxalq baxış təhlil edilərkən, bu məqam xüsusi qeyd edilir ki, Almaniyanın Federal Kansleri Angela Merkel Cənubi Qafqaz regionu ölkələrinə səfərini Azərbaycanla yekunlaşdırmaqla dünyanın bölgədə Azəbaycana verdiyi önəmə işıq saldı. Səfərini Azərbaycanla tamamlayan Almaniyanın Kansleri ölkəmizin regionda əsl söz sahibi olduğunu, digər region ölkələrində qəbul olunan qərarların icrası ilə bağlı son sözü Azərbaycanın deyə biləcəyini diqqətə çatdırdı. Təbii ki, bu uğurlara yol açan əsas amil Azərbaycanın düşünülmüş və məqsədyönlü, ən əsası müstəqil siyasətidir. Federal Kansler kimi Azərbaycana ilk dəfə səfər etdiyini açıqlayan  Angela Merkel Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini önə çəkərək Azərbaycanı ənənələri olan bir dövlət kimi dəyərləndirmişdir.

Bir sözlə, cənab İlham Əliyevin ötən il  reallaşdırdığı Belçika, Fransa, Xorvatiya, Rusiya, Tacikistan, Qazaxıstan, Türkiyə, Belarus, Türkmənistan və s. səfərlərinin hər biri ikitərəfli əməkdaşlığın inkişafına, eyni zamanda, yeni prioritetlərin müəyyənləşdirilməsinə böyük töhfə oldu. Bu səfərlər ümumilikdə Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanın bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu nəzərə alsaq, bu səfərlərin hər birində ölkəmizin enerji sektorunda qazandığı uğurlar, gündəmə gətirilən layihələrin coğrafiyasının genişləndirilməsi kimi məsələlər, eyni zamanda, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından olmuşdur.

Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinin tərəfdarı olduğunu bildirir. Hazırkı dövrün əsas çağırışları sırasında yer alan İslam həmrəyliyinə, türk dünyasının birliyinə ölkəmizin töhfələri böyükdür və davamlıdır. Multikulturalizm və tolerantlıq təcrübəsi nümunə olan Azərbaycan bu kimi addımları ilə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır.

Azərbaycan ötən il eyni zamanda, əməkdaşlığın üçtərəfli formatlarının təşəbbüsçüsü kimi çıxış etdi. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatları bunun bariz nümunəsidir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Əməkdaşlıq formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir. Ötən ilin mühüm hadisələri sırasında yer alan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması da regional əməkdaşlığa böyük töhfədir. İllərdən bəri davam edən danışıqlar məhz ümumi mövqenin ortaya qoyulması ilə nəticələndi. Dövlətimizin başçısı İlham Əliyev iclasda bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur.”

Azərbaycanın ötənilki xarici siyasət uğurlarından bəhs edərkən  Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransına ev sahibliyi etməsini də xüsusi qeyd etməliyik. Qoşulmama Hərəkatının qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatik uğurlarımızdandır.

Xarici siyasət uğurlarımız sırasında bu məqamı xüsusi qeyd etməliyik ki,  Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşləri mütəmadi olaraq ölkəmizdə  keçirilir. Ötən il də ölkəmiz bu görüşün keçirilməsi üçün ideal məkan kimi qəbul olundu. “Bu çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200 ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirdi ki, bunun başlıca səbəbi çox etibarlı tərəfdaş, sözü ilə əməli eynilik təşkil edən Azərbaycana inamdır. Bu inam isə ölkəmizə çox böyük hörmət, etimad qazandırıb.

Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, əlverişli çografi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artmaqda, ölkəmiz strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdədir. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir daha bu əminliyi ifadə etmişdir ki, 2019-cu ildə də bütün sahələrdə müsbət meyillər davam edəcək.

Yeganə Əliyeva, “İki sahil”