KÖŞƏ

Röya Rasimqızı

COVID-19: Dövlətimizə dəstək olmalıyıq

23 sentyabr 2020 18:22
2083

Bu gün bütün dünyanı narahat edən və fəsadları ilə hər bir sahəyə  öz təsirini göstərən gözəgörünməz düşmənlə mübarizədəyik. Bu mübarizədən qalib çıxmaq üçünsə vətəndaş məsuliyyəti və həmrəylik mütləqdir. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse–prezident Mehriban xanım Əliyevanın davamlı səyləri ilə mübarizədən az itkilərlə çıxmaq üçün ardıcıl işlər aparılır, müxtəlif sosial proqramlar həyata keçirilir. Vətəndaşlarımız bilməlidirlər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. “Biz birlikdə güclüyük!” devizi ilə milli birlik, vətəndaş həmrəyliyi və sosial məsuliyyət hissini  nümayiş etdirməliyik. Tibbi maska taxmaqla, sosial məsafəni gözləməklə, sosial hərəkətliliyi azaltmaqla bu mübarizəyə töhfə verə bilərik. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Yumşalma tədbirləri yalnız bir məqsədi güdür ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Cənab Prezidentin qeyd etdiyi kimi, mübarizə dayanmayıb, davam edir, çünki koronavirus aramızda dolaşır, bunu hər kəs bilməlidir. Azərbaycan güclü dövlətdir və öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Dövlətimiz tərəfindən COVID-19 virusunun daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər  göstərir ki, vətəndaşların təhlükəsizliyi dövlətin xüsusi diqqət mərkəzindədir.

Dəfələrlə vurğulanıb ki, iqtisadi baxımdan yaranan itkilərə baxmayaraq vətəndaşların sağlamlığı dövlətimiz üçün öncüllük daşıyır. Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımlar atır. Koronavirus pandemiyası təkcə biznes üçün deyil, bütün cəmiyyət üçün bir qədər də psixoloji sınaq müddətidir. Bu müddətin uğurla bitməsində mənəvi dəyərlərə sadiqlik, məsuliyyətin dərk edilməsi və birlik mühüm rol oynayır. Gəlin unutmayaq ki, bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Gündəlik istifadə olunan avtobus marşrutlarında, metrostansiyalarda təbliğat xarakterli çağırışlar səsləndirilir, oturacaqlarda sosial məsafənin qorunması kimi tələblər yer alır. Bütün bunlar insanların sağlamlığının təminatı olmaqla yanaşı, eyni zamanda, mövcud vəziyyətdə mübarizə tədbirlərinə dəstəyə bir mesajdır. Cənab Prezidentin görülən işlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da keçirdiyi müşavirədə dövlət qurumları qarşısında qoyduğu vəzifələr və proqram xarekterli çıxışı bizlərin məsuliyyətini birə beş artırır. Dövlət bütün işləri görür, həkimlərimiz gecə-gündüz çalışırlar ki, bu bəladan az itkilərlə çıxaq. İndi vətəndaş məsuliyyəti daha önəm daşıyır və bu əsas məqamdır. İnanırıq ki, həmrəyliyimizlə tezliklə bu çətin günlər geridə qalacaq və  gündəlik həyat tərzimiz bərpa olunacaq.