KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin xülyaları...

12 sentyabr 2019 10:27
3727

Anti-Azərbaycan qüvvələrin çətiri altına sığınan və onların maliyyə dəstəyi əsasında ölkəmizin milli maraqlarına qarşı cəbhə alan, dövlətçiliyimizə qarşı bütün çirkin kampaniyalarda “fəal” iştirak edən AXCP sədri Əli Kərimli və digər dağıdıcı müxalifət nümayəndələri verilən sifarişləri maksimum dərəcədə yerinə yetirməyə çalışırlar. Məhz vaxtaşırı verilən sifarişləri icra etməkdən ötrü keçirilən mitinqlər, sosial şəbəkələrdə təşkil edilən şər-böhtan kampaniyaları, fərqli dairələrin sifarişləri əsasında milli-mənəvi dəyərlərimizin hədəfə alınması buna ən yaxşı misaldır. Demokratiya sözünü dillərində şüar edən, özünü cəmiyyətə fərqli qiyafədə təqdim etməyə çalışan həmin “qrant müxalifəti” dövlətə və xalqa qarşı istifadə olunan miskin bir maşaya çevrilib. İstər daxildə dağıdıcı müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən belələrinin fəaliyyəti göstərir ki, onlar yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda çarpışırlar.

Məsələ bundadır ki, AXCP sədri Əli Kərimli yenidən mitinq keçirmək sevdasına düşüb. O, bu barədə bir neçə gün öncə internet TV-lərdən birinə müsahibəsi zamanı bildirib. Həqiqətən çox gülməlidir, görəsən Əli Kərimli hansı tərəfdarı ilə mitinq keçirəcək?

Hər kəsə yaxşı məlumdur ki, təkcə Əli Kərimli deyil, dağıdıcı müxalifətdə təmsil olunan bütün partiya və digər birliklər 20 ildən artıqdır ki, Bakıda aksiya, piket, mitinq və digər toplantılar keçirirlər. Dağıdıcıların bəlası ondadır ki, hər dəfə belə aksiyalar zamanı daha da kiçilir, özlərini daha çox biabır edirlər. Təsəvvür edin ki, bütün dağıdıcı müxalif birliklərin mitinqində belə “Məhsul” stadionuna vur-tut 300-500 adam gəlir. Elə bu faktın özü kifayət qədər gülüncdür və Azərbaycan xalqının nə AXCP sədri Əli Kərimliyə, nə də ki digər dağıdıcı partiyaya inam və etibarının olmadığının ən yaxşı sübutudur. Əgər özlərini ana müxalifət adlandıran bir neçə “lider”in arxasınca 500 nəfər gəlirsə, bu tam bir fiaskodur.

Təbii ki, bunlar Əli Kərimli və digərləri üçün o qədər də önəmli deyil. Çünki onlar mitinqləri sözlərini demək üçün yox, ciblərini doldurmaq üçün keçirirlər. Bu barədə mətbuatda dəfələrlə dəqiq faktlara istinad olunaraq silsilə yazılar dərc edilib. Bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayışı verməsi ilə bağlı çoxlu sayda faktlar yazılıb. Qarşı tərəfin isə bunlara heç bir tutarlı cavabı yoxdur. O, bu yollarla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada mühacir kimi yerləşdirə bilib. 

Taleh Bağırov,

“İki sahil”