KÖŞƏ

Sevinc Azadi

Erməni riyakarlığının yeni təzahürü 

01 noyabr 2019 19:35
2041

Və yaxud adımı sənə qoyum...

Ermənilərin Azərbaycana qarşı bütün sahələrdə olduğu kimi, informasiya müharibəsi cəbhəsində də təxribatları davam etməkdədir. Bu dəfə ermənilərin Dailywire.com saytında yazılan məqalədə Azərbaycanla bağlı absurd və gülünc iddialar yer alıb. Məqalə müəllifi Azərbaycanı az qala mədəni terrorda ittiham edir. Bildirilir ki, Azərbaycan guya orta əsr xristian abidələrinin izlərini “silməklə” məşğuldur. Erməni politoloq Simon Maqakyan və tarixçi Sarah Pikman tərəfindən hazırlanan, sərhəd tanımır başdan-ayağa yalanlara dolu hesabatda Dağlıq Qarabağ, Naxçıvan və Zəngəzur ərazilərinin Ermənistana aid olması fikirləri yer alır. Guya bu ərazilərdə erməni abidələri olub və onlar Azərbaycan tərəfindən “məhv edilib”. İşğalçı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfinin belə saxta məlumatlar tirajlamasının bir adı var - riyakarlıq.

Ermənilərin fantaziyası sərhəd tanımır, bu isə onların hikkəsindən, isterikasından irəli gəlir. Tarix boyu azərbaycanlılara qarşı etnik təmizləmə, terror, vandalizm siyasəti həyata keçirən ermənilərin beynəlxalq aləmdə dəstəyi azaldıqca diqqəti özlərinə başqa metodlarla çəkmək istəyirlər. Məzlum, əzilmiş xalq obrazını yaratmaq üçün Azərbaycan tərəfindən saxtalaşdırılma aparıldığını iddia etmək həyasızlıqdan başqa bir şey deyil. Yaxın keçmişə nəzər salaq. Ermənistanın 1988-ci ildən başlanan növbəti təcavüz dalğası Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması, təhqir olunması ilə müşayiət edilib. Ermənistan Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu, eləcə də, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndini, Naxçıvanın Kərki kəndini işğal edib. Burada 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, dörd şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resurs mövcud olub. Bu isə Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarıb. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən, tərəfdaşlarının sayının artmasına görə narahatlıq keçirən Ermənistan yenə gülünc priyomlara əl ataraq bu faktların üstündən keçməyə çalışır. Sanki Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələri dağıdan, yandıran, talan edən Ermənistan deyil.

Digər istifadə olunan təcrübə müxtəlif abidələrin arxitektur detallarının dəyişdirilməsidir. Məsələn, Şuşa şəhərində Saatlı məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbaycan-İslam elementləri və ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. İşğal altında olan Xocavənd rayonundakı Azıx mağarasında 2003-cü ildən və Ağdam şəhərinə yaxın ərazilərdə 2005-ci ilin martından aparılan arxeoloji qazıntılara diqqət yetirək. Ağdamda (ermənilər indi bu rayonu Tiqranakert adlandırırlar) qazıntılar zamanı tapılan antik şəhər və insan qalıqları Ermənistan alimlərini belə bir iddia irəli sürməyə ruhlandırıb ki, guya ermənilər Qafqazda ən qədim xalqdır. Göründüyü kimi, Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi abidələr saxtalaşdırılaraq “Böyük Ermənistan” xəyallarına alət edilir.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər yalnız Azərbaycan tarix və mədəniyyət abidələrini əhatə etmir, eyni zamanda, böyük insan itkiləri ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradır. Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsi zamanı 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox insan əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq insan qovulmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 20 faizini itirmiş və ölkəyə 818 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Ermənilər tərəfindən oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.