KÖŞƏ

Sevinc Azadi

Ermənistan ordusundakı cinayətlər: müstəntiqlərin biznes mənbəyi

26 iyul 2019 20:56
1952

Ermənistanda yaşanan tənəzzül və xoasun özünü qabarıq şəkildə göstərdiyi sahələrdən biri də ölkənin silahlı qüvvələridir. Yayılan məlumatlar bu ölkənin ordusunda əsl anarxiya, özbaşınalıq hökm sürdüyünü göstərir. Xüsusilə də, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində törədilən cinayətlər hərbi prokurorluq müstəntiqlərinin əməlli-başlı biznesinə çevrilib. Müstəntiqlərin külli miqdarda rüşvət müqabilində hərbi hissədə baş verən cinayətləri ört-basdır etməyə çalışması növbəti qalmaqala səbəb olub. Bu da öz növbəsində əsgər valideynləri tərəfindən narazılıqla qarşılanıb. Belə ki, valideynlərin yazılı müraciəti nəticəsində hərbi prokurorluğun müstəntiqi Noray Qasparyan müvəqqəti işdən uzaqlaşdırılıb və onun icraatında olan cinayət işləri yenidən araşdırılır.

Bir çox valideynlər rüşvət verərək övladlarını cinayət məsuliyyətindən azad etdiklərini yazmaqdan qorxsalar da artıq iki hadisə üzrə valideynlər istintaqla əməkdaşlığa razılıq veriblər. Yura Hayrapetyan və Meis Hovhanesyanın valideynləri haqsızlığa uğramış övladlarının xilası üçün külli miqdarda rüşvət ödədiklərini təsdiq ediblər. Cinayət işi açılıb, istintaq aparılır. Fakt sübuta yetirilərsə müstəntiq N.Qasparyan və ona bu işdə yardımçı olan bir neçə zabitin də həbs ediləcəyi gözlənilir.

Başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib. Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir. Amma erməni mediası yazır ki, belə hadisələrin sayı yüzlərlədir. Elə bunun nəticəsində orduda fərarilik, intihar hallarının sayı artır. Hərbi hissələrdə, həmçinin epidemiya tüğyan edir. Elə bu günlərdə səksənə yaxın əsgər ağır vəziyyətdə hospitallara yerləşdirilib.

Digər tərəfdən, Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Bu ilin 6 ayı ərzində Ermənistan silahlı qüvvələrində ümumilikdə 425 cinayət hadisəsi qeydə alınıb. Məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Baş verən cinayət hadisələrindən 414-nün üstü açılıb. Hesabat dövründə işğalçı ölkənin ordusunda 52 ağır, 14 xüsusi ilə ağır cinayət törədilib. Xüsusi ilə ağır cinayətlərdən 7-si ölüm faktı ilə bağlı olub. Son altı ayda Ermənistan silahlı qüvvələrində 159 halda səlahiyyət həddinin aşılması və hərbi nizamnamənin pozulması faktı qeydə alınıb. 11 dəfə hərbi mülkiyyətdən istifadə və onun qorunması qaydalarının pozulması halı baş verib. Hesabat dövründə silahlı qüvvələrdə vəzifəli şəxslərin 28 dəfə cinayət törətdiyi qeydə alınıb. Bu müddət ərzində cinsi toxunulmazlıqla bağlı bir cinayət hadisəsi baş verib.

Baş verənlərlə bağlı Ermənistanın “1in.am” saytı yazır: “Ermənistan ordusunda qeyri-nizamnamə münasibətlərinin nəticəsi olan itkilər böyükdür. Bu, özəlliklə təşvişlidir və ondan xəbər verir ki, əslində, Nikol Paşinyanın inqilabdan sonra bir neçə ictimai çıxışlarının məhz bu mövzuya həsr edildiyinə baxmayaraq, orduda keyfiyyət dəyişiklikləri baş verməyib. Əlbəttə, heç bir ordu insidentlərdən, fors-major durumlardan sığortalanmayıb, amma hətta bu cəhət də Müdafiə Nazirliyinin məsulları üçün alibi ola bilməz. Savaşda olan ölkənin silahlı güclərində qeyri-döyüş itkiləri bu qədər böyük olanda və ön cəbhədə qeydə alınan qurbanları, demək olar, beş dəfə üstələyəndə bu, ondan xəbər verir ki, istənilən an genişmiqyaslı savaş aça biləcək düşməndənsə “daxili düşmən” daha qəddar və məkrlidir”.