Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Zahid Rza

Ey Fransa...

19 noyabr 2020 18:13
504

Özünü “demokratiyanın beşiyi” adlandıran, azadlığın, insan hüquqlarının qatı müdafiəçisi kimi bütün dünyaya sırımaq istəyən Fransa dövləti Azərbaycanın haqq işi uğrunda apardığı 44 günlük müharibə zamanı beynəlxalq hüququn norma və prinsiplərinə tüpürərək bütün sahələrdə işğalçı Ermənistana dəstək verdi. Bununla  kifayətlənməyən bu dövlət başda Emmanuel Makron olmaqla noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları və işğalçı ölkənin məğlubiyyətini təsdiq edən sənədin mürəkkəbi qurumamış Azərbaycana qarşı qərəzli mövqeyini yenidən ortaya qoydu.

Əslində bunlar təsadüfi deyil. Məlumdur ki, Fransada bu yaxınlarda seçkilər  keçiriləcək və Makron da bu seçkiləri udmaq üçün ölkədəki erməni lobbisinin dəstəyini qazanmaq istəyir. Bu da bir daha təsdiq edir ki, bütün hüquqi-mənəvi və əxlaqi sərhədləri aşan Fransa prezidenti Emmanuel Makron ölkəsinin maraqlarını öz şəxsi ambisiyalarına qurban verir. Ancaq Makron unutmamalıdır ki, Fransa münaqişənin həll edilməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və bu məsələ ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb.  Makron unutmamalıdır ki, işğalçı və terrorçu Ermənistanı dəstəkləməklə Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq üzərinə düşən bütün öhdəlikləri unudub, beynəlxalq hüququ kobudcasına pozur. Fransa qondarma rejimi nəinki tanımamalı, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir. 

Lakin bu gün bütün bunların əksini müşahidə edirik. Belə ki, diplomatik mənbələrin məlumatına görə, Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Ann İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan A.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.

Atrıq bəlli olub ki, Fransa meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bütün bu amillər ermənilərin nəhəng dövlətlərin əlində təzyiq vasitəsi olduğunu bir daha sübut edir. Lakin özünü demokratiyanın, insan haqlarının müdafiəsinin beşiyi adlandıran Fransa başa düşmür və ya başa düşmək istəmir ki, artıq “dqr”adlı  bir qurum yoxdur.

Bir müddət əvvəl Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terror təşkilatlarını müdafiə etməkdə ittiham edərək bildirmişdi ki, erməni məsələsi və terrorçuluqla mübarizə üzərindən Türkiyəyə və başqalarına  insan haqları və demokratiya dərsi verməyə çalışanların qanlı keçmişi var: "Ey Fransa, siz terror təşkilatlarına yardım edən hökumətsiniz. Əvvəlcə bunun əvəzini ödəyin. Siz terror təşkilatlarına səs çıxarmasanız, "sarı jiletlilər"lə mübarizə apararsınız. Məzlumların ahı tutar. Son terrorçu aradan götürülənə qədər izləməyə davam edəcəyik. Soyqırımdan danışanlar Avropadakı yəhudi ovunu xatirələrindən silmiş vəziyyətdədirlər. Axısqa türklərini qatarlarla ölümə göndərənləri unutmadıq, unutmayacağıq. Liviya və Əlcəzair çöllərində günahsız insanların fəryadlarını bu gün də duyuruq. Fransa Prezidentinə dedim: hələ bu işlərdə yenisən, Əlcəzairdə, Ruandada törətdiyiniz qətliamları bilirəm. 25 il əvvəl Ruandada 800 min insanın soyqırımında kimlərin öldürdüyü məlumdur və fransızlar törədiblər. Fransızlar indi bizə dərs vermək istəyir".

 Qardaş Türkiyə Respublikasının Prezidenti  düz hədəfi vuraraq tarixi ziddiyyətlərlə, çirkablarla, istila və zülmlərlə dolu olanlara unudulmaz bir dərs verdi. Belə ki,  müstəmləkəçi Fransa dövləti vaxtilə Əlcəzairdə, Ruandada və digər Afrika dövlətlərində  soyqırımları, qətliamları həyata keçirdiyi tarixi həqiqətdir. Tarixi məlumatlara görə, Fransa ordusu Əlcəzairdə 1830-cu ilə qədər 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. 1954-cü ildən 1962-ci ilə qədər Əlcəzairin müstəqillik mübarizəsində isə milyondan çox əlcəzairli həyatını itirib. Ruanda, Benin və Burkino-Faso da uzun illər fransız müstəmləkəçilərinin qəddarlığı ilə üz-üzə qalıb. Burada baş verən qətliamların birbaşa günahkarı Fransadır. Uzun müddət bu ölkələrin xammalı Fransaya daşınıb, əhalisi fransızlar tərəfindən kölə  kimi istifadə olunub. Bu ölkələrin xalqları məhz Fransa dövlətinin istilaçılıq və müstəmləkəçilik siyasətinə görə məruz qaldıqları mənəvi və maddi əzabların əziyyətini bu gün də çəkməkdə davam edirlər. Tarix təkrar olunur. Bu gün də erməni təəssübü çəkən, erməni terrorçuluğunu müdafiə edən makronlar, idalqolar əcdadlarının yolu ilə gedərək  genetik ötürülmüş çirkin xislətlərini bir daha nümayiş etdirdilər.

Bütün bunlar bir daha təsdiq edir ki, Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində tutduğu mövqeyi səmimi deyil. Ermənistanın “böyük bacısı” olan bu ölkə artıq vasitəçi qismində də nüfuzuni itirib. Əslində rəsmi Paris üzüsulu olaraq  bu mandatından imtina etməlidir. Təbii ki, bütün bunlardan sonra  Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Fransadan ədalətli, şəffaf nə isə gözləmək inandırıcı deyil.

Ancaq makronlarun, idalqoların, nə bilim daha hansısa fransuaların, jozelərin bütün cəhdləri əbəsdir. Onlar  unudurlar ki, qatar artıq çoxdan gedib.   Prezident, şanlı Silahlı Qüvvələrimizin  Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı da "Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var" açıqlaması   ilə bütün sualları cavablandıraraq hamıya, eləcə də  imperialist maraqlarla hərəkət edən bəzi böyük güclərə, işğalçı, destruktiv siyasət yürüdən Ermənistana və onun ikiüzlü, məkrli havadarlarına unudulmaz bir dərs verdi.

Qvami Məhəbbətoğlu
XXI əsrin barbarları
Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?