20 noyabr 2019 19:02
704

Faşist Ermənistanının ifşası:  işğalçı ölkədən böhran etirafları...

Azərbaycanın xarici siyasət uğurları, xüsusilə də dövlət başçısı İlham Əliyevin son dövrlərdə reallaşan beynəlxalq tədbirlərdə Ermənistanı müxtəlif aspektlərdən ifşa etməsi işğalçı ölkənin mətbuatında aktuallığını itirməyən gündəm xəbərlərindəndir.

“Armenianreport” saytının şərhçisi Razmik Akopcanyan Ermənistanın xarici siyasətinin iflasında ölkə rəhbərliyini ittiham edərək təhlükəli böhran haqqında son dərəcə narahatlıqla söz açıb: “ Ermənistanda situasiya son dərəcə kritikdir. Deyəsən, ölkə rəhbərliyi vəziyyətin nə dərəcədə təhlükəli böhran həddinə çatdığı haqqında qətiyyən özünə hesabat vermir. Qısa desək, Azərbaycan bu gün informasiya müharibəsində və diplomatik sferada kütləvi hücumlar edir. Bunu isə nədənsə Ermənistan rəhbərliyi ya görmür,  ya da görməzliyə vurur...”

Məsələ burasındadır ki, erməni şərhçi hücum ifadəsi altında Azərbaycan Prezidenti cənab İlham Əliyevin son dövrlərdə qətiyyətlə faşist Ermənistanını ifşa etməsini nəzərdə tutur. R. Akopcanyan vaxtilə  kütləvi qırğınlar törətmiş hərbi cinayətkarları öz qəhrəmanları elan etmiş, faşizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın hazırda xarici siyasət sahəsindəki iflasını  xatırlatmağı da unutmayıb.  Yazı müəllifi işğalçı ölkənin təkcə  regionda deyil, dünyanın bir çox aparıcı dövlətləri tərəfindən də müəyyən təcrid  siyasətinə məruz qaldığını təlaşla etiraf etməli olub: “Azərbaycanın bu gün məqsədyönlü şəkildə Ermənistana qarşı apardığı hərtərəfli təcrid siyasətinə çox zəif cavab verə bilirik, faktiki bizim buna gücümüz çatmır”.

Şərhçi xüsusi hiddətlə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperlə görüşünün təfərrüatlarına diqqəti yönəldib: “ Azərbaycanın uzun illərdir ki, İsrail dövləti və ümumiyyətlə, yəhudilərlə olan isti dostluq və strateji tərəfdaşlıq münasibətləri nəticəsində Ermənistan bu ölkə ilə ciddi əməkdaşlıq layihələrindən kənarda qalıb.  Azərbaycan Prezidenti Avraham Kuperlə görüşündə  Ermənistanda antisemitizmin olduğunu deyib və tanınmış amerikalı həmsöhbəti də bunu təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı çıxışını da ravvinə xatırladıb. Biz isə həmin çıxışı bir daha Ermənistan rəhbərliyinə xatırladıb demək istərdik ki, Azərbaycan Prezidenti Ermənistanı MDB məkanında faşistləri tərənnüm edən bir ölkə kimi səciyyələndirərək Qaregin Njdeni qatı faşist kimi xarakterizə edib və onun bir sıra xalqların, o cümlədən də kütləvi yəhudi qətliamında əli olduğunu deyib. İlham Əliyev faşizm üzərində Qələbənin 75-ci ildönümü ərəfəsində Yerevanın mərkəzində Njdeyə ucaldılan abidənin hələ də qalmasının dözülməz olduğunu vurğulayıb.  Ermənistan üçün bərbad durum ondan ibarətdir ki, Azərbaycan Prezidenti dünyadakı yəhudi icmalarının onun səsinə səs verəcəklərinə və bu abidəni sökməyə məcbur edəcəklərinə  ümidvar olduğunu bildirib”.

R. Akopcanyan daha sonra yazır ki, Prezident İlham Əliyev Qələbənin 75-ci ildönümü ərəfəsində siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı sözügedən istiqamətdə səylərini birləşdirməyə çağırıb: “Son dövrlərdə Azərbaycanın xarici siyasətinin uğurlarına baxsaq, Prezidentin bu çağırışı da böyük ehtimalla müsbət qarşılanacaq”.

Siyasi şərhçi Ermənistanın baş naziri Nikol Paşinyandan bu çağırışa xüsusi diqqətlə yanaşmağı tələb edir və hətta ona təhqiramiz şəkildə səslənir: “Alo, Nikol,  eşidirsən? Artıq sükuta son verib öz temperamentini lazımi məqsədlərə sərf etmək zamanıdır. Çünki artıq təkcə Njdeni deyil, hər bir ermənini təhqir edirlər. Tariximizi alçaldırlar. Daha başqa nələr deyilməlidir ki, sükutu sındırasınız? Ancaq, heyhat, Nikol susmaqda davam edir...”

Məhz bu məqamda bir nüansı təsdiqləmək yerinə düşərdi. Erməni şərhçi bir məqamda haqlıdır:  bəli, əslində təkcə qatı hərbi cinayətkar, beynəlxalq terrorçu Qaregin Njde yox, ümumiyyətlə, əli günahsız vətəndaşlarımızın qanına batan hər bir erməni potensial faşistdir. Bunun üçün erməni quldurlarının xüsusi vəhşiliklə törətdiyi Xocalı, Malıbəyli və digər qətliamları xatırlamaq kifayətdir.  Şərhçinin “alçaldılan tarix” məsələsinə gəlincə isə, ümumiyyətlə, Ermənistan tarixi deyilən bir anlayış yoxdur. Onların qədimlik haqqında uydurduqları gülünc nağıllar ancaq xəstə erməni təfəkkürünün məhsuludur. “Erməni tarixi” anlayışı ancaq njdekimilərin yaxın tarixdə yaratdığı genosid, hərbi cinayətkarlıq və satqınlıq tarixi” ola bilər.

R. Akopcanyan yazısında, həmçinin Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradovun nasistlərin havadarı Qaregin Njdenin erməni apostol kilsəsinin ərazisində quraşdırılmış xatirə lövhəsinin üstünü qara rənglə boyadığını da qəzəblə qeyd edib.  Şərhçi daha sonra həyasızcasına deputatın cəzalandırılmasının vacibliyini vurğulayıb .

Yeri gəlmişkən təəssüflə xatırladaq ki, artıq Rusiyanın Armavir şəhər Dumasının deputatına qarşı təzyiqlər başlayıb.

Belə ki, tarixin qara insanlarından biri olan Njdenin abidəsinin “qaralanmasından” sonra  Krasnodar diyarında yaşayan çoxsaylı erməni icması deputatı hədəfə alaraq onun cəzalandırılacağını bildiriblər.

“Analitik” öz yazısında bir daha Azərbaycan-yəhudi qardaşlığına diqqət çəkərək bu günlərdə Bakıda Azərbaycanın Milli Qəhrəmanı , yəhudi əsilli Albert Aqarunovun abidəsinin açılışını və mərasimdə İsrailin ölkəmizdəki səfiri Dan Stavın iştirakını xatırladaraq bunu növbəti Azərbaycan-İsrail birgə aksiyası adlandırmaqdan çəkinməyib.

“Analitik” bundan başqa Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın  bu günlərdə ABŞ-a səfərləri çərçivəsində Los-Ancelesdə Holokostdan sağ çıxan 92 yaşlı Coşua Kaufman ilə onun evində olan görüşünü, görüşdə “Soyqırımlar bir daha hec vaxt təkrarlanmasın!” mesajı verildiyini də hiddətlə qeyd etməyi unutmayıb.

Sonda erməni şərhçi istər -istəməz etiraf etməli olub: “Biz hamımız görürük ki,  Azərbaycan tərəfi Ermənistana qarşı necə ciddi və metodik şəkildə işləyir. Məhz Azərbaycanın bu məqsədyönlü çalışması  nəticəsində Ermənistan olan -qalan tərəfdarlarını və müttəfiqlərini də itirməkdə, hətta yeni  “düşmənlər qazanmaq”da davam edir. Və nədənsə Ermənistan rəhbərliyi aşkar şəkildə ölkənin bu qorxulu reallığını görərək susmaqda davam edir”.

Yazı müəllifi məqaləsində özünü bilməməzliyə vursa da Ermənistan rəhbərliyinin əslində işğalçı siyasət yürütdüyü və faşizmi dövlət səviyyəsində dəstəklədiyi üçün suçlu bir şəkildə susduğunun yaxşı fərqindədir. Və onun da fərqindədir ki, bu işğalçılıq faktı davam etdikcə, Ermənistan daha artıq təcrid siyasətinə məruz qalacaq, nəticədə ölkə olaraq bütövlükdə fiaskodan qaçış mümkünsüz olacaq.

Sevinc Abdullayeva, “İki sahil”