03 dekabr 2019 10:42
1025

İlham Əliyev: Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz

Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təntənəli mərasimdə iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı olduqca mühüm məsələlərə toxundu, bəzi detallara aydınlıq gətirdi. İlk öncə dövlət başçısı Bakı Dövlət Universitetinin yaradılmasını Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən biri kimi dəyərləndirmiş, bu təhsil ocağının 100 il ərzində ölkəmizin hərtərəfli inkişafına böyük töhfələr verdiyini qeyd etmişdir.

“Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi.” - vurğulayan ölkə başçısı Ulu Öndərin həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərdiyini qeyd etdi. Ümummilli lider Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması dahi rəhbərin uzaqgörənliyinin nəticəsi idi: “Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı”.

Ölkə başçısı müstəqilliyimizin ilk illərində xalqımızın yaşadığı faciələrlə bağlı geniş nitq söylədi, həmin dövrdə hakimiyyətdə olan siyasi qruplarla bağlı tənqidi fikirlərini dilə gətirdi. Çıxışı zamanı Prezident İlham Əliyev AXC-Müsavat hakimiyyəti dövrü ilə bağlı bir çox diqqətçəkən məqamlara toxundu.

Sitat: “Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi”.

Əlbəttə ki, Prezidentin belə kəskin ifadələri və arqumentli çıxışı keçmişini unudan, özlərini “demokrat”, “yaxşı idarəçi” kimi qələmə verməyə çalışanları qıcıqlandırır. Amma kimin neçə düşünməsindən və hansı reaksiyalar verməsindən asılı olmayaraq, cəmiyyət, xüsusilə gənc nəsil müstəqillik illərinin əvvəllərində baş verənləri bilməli, xalqımıza kimlərin xəyanət etdiyindən xəbərdar olmalı, ermənilərlə iş birliyində olanları və Qarabağı satanları tanımalıdır. Dövlət başçısı 90-cı illərin əvvəllərində Azərbaycan xalqının başına gətirən faciələrdən danışarkən, “Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib” - cümləsini işlətməsi, sözsüz ki, gənclərimizə tarixi həqiqətləri çatdırmaq məqsədindən qaynaqlanır. Prezident bu mesajı ilə cəmiyyəti oyaq olmağa, haqqı-nahaqdan ayırmağa səslədi. İnternet əsrində yaşayırıq və hər yerindən duran lazımsız, çürümüş fikirlərini cəmiyyətə asanlıqla sırıya bilir. Belə bir məqamda tarixi faktların, tozlanmış sənədlərin açılmasına xüsusi ehtiyac yaranır. Bu faktlar açıqlanmalıdır ki, gənclərimizi zəhərli fikirləri ilə öz tərəflərinə çəkmək istəyənlər yerlərini bilsin, vətəndaşlarımız onların hiyləgər davranışlarının təsiri altına düşməsinlər.

“2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır” - Bəli, bu, tarixdir. Azərbaycana bəlalar yaşatmış şəristəsiz bəylər bu tarixi heç vaxt dəyişə bilməyəcəklər. Hara qaçsalar, hansı beynəlxalq təşkilata sığınsalar da siyasi keçmişləri onları qarabaqara izləyəcək. Ölkə başçısı qaranlıq siyasi keçmişə malik şəxslərin adlarını çəkməsə də, AXC-Müsavat hakimiyyəti dövründəki səriştəsiz idarəçiləri - xəyanətkar bəyləri bir-bir ifşa etdi. Onların bir çoxu hazırda yenə meydanlarda sülənir və özlərini elə aparırlar ki, guya heç kim bunların keçmişini bilmir.

“O ki qaldı daxili məsələlərə, onlar da öz həllini tapır” - deyən ölkə başçısı Azərbaycan iqtisadiyyatının sürətli inkişafina diqqət çəkdi. Bildirdi ki, manatın məzənnəsi artıq 3 ildir ki, sabitdir, valyuta ehtiyatlarımız artır, xarici borcumuz azalır: “Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır”.

Məlumdur ki, Prezident İlham Əliyevin son dövrlərdə həyata keçirdiyi iqtisadi, struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin daha da artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır. Bu mövzuya toxunan ölkə başçısı islahatların zəruri olduğuna və bu prosesin davamlı olacağına diqqət çəkdi. Qeyd olundu ki, təkcə iqtisadi islahatlar nəticəsində bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait daxil olub. Bunun da böyük hissəsi sosial sahəyə yönəldilib. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb.

Göründüyü kimi, “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyən dövlət başçısının qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərir.

Sevinc Azadi, “İki sahil”