KÖŞƏ

Sevinc Azadi

“Mühacir bazarı” bağlanır

26 noyabr 2019 20:06
2329

İllərdir Avropada Azərbaycana qarşı bəzi antimilli qüvvələrin istifadə etdiyi söyüş maşınlarını yaradan qüvvələr bir-bir ifşa olunmağa başlayıb. Əslində radikal müxalifətin saxta mühacir kimliyi ilə Avropaya aldadıb apardığı insanların varlığı çoxdan bəlli idi və bunların Azərbaycandakı bağlantıları da az-çox bilinirdi. Bunlar Avropadakı havadarlarından daha çox qrant almaq uğrunda mübarizə aparan, yeri gələndə bu uğurda bir-birlərinin obyektlərini əllərindən alan, bir-birini agent, satqın adlandıran müxalifət liderindən başqaları deyil. Azərbaycandan aldadıb saxta sənədlə Avropaya apardıqları insanları dözülməz şəraitdə saxlayan, öz qurbanlarına çevirən, lazım gələndə onlardan öz çirkin məqsədləri üçün dövlətimiz əleyhinə istifadə edən həmin bu liderciklər əlaltıları vasitəsi ilə orada əməlli-başlı biznes qurmuşdular. Və çox qəribədir ki, qazanacaqları 5000, ya da 10000 avroya görə öz xalqının övladlarını pis vəziyyətə qoyan bu möhtəkirlərin Azərbaycanda, eləcə də Avropada etdikləri canlı yayınlarda ağızlarına çullu dovşan sığmırdı. Hər kəlmələrində vətən sevdalısı olduqlarından dəm vuran bu yalançı vətənpərvərlərin maskasını cıran da elə bu siyasi mühacir biznesi oldu. Pul atdıqları insanları intihar həddinə çatdıran, sonra arsız-arsız durub həmin insanların düşdükləri vəziyyətə görə iqtidarı günahlandıran bu siyasi işbazlar indi artıq qanun qarşısında cavab verməyə hazırlaşırlar. Belə ki, Almaniya polisinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyatlar nəticəsində həmin şəbəkənin bir çox üzvləri saxlanılıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Onlara məxsus ev və obyektlərdə yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah aşkar edilib. Barələrində həbs-qətimkan tədbiri seçilən mühacir alverçilərinin bir çoxu Müsavat partiyasının üzvüdür.

Ölkə gündəmini zəbt edən mühacir biznesi məsələsində Müsavat partiyası ilə yanaşı AXCP sədri Əli Kərimlinin şəbəkəsi də ifşa olunmaqdadır. Məlumata görə, “mühacirlərin” əksəriyyəti AXCP-dən müəyyən pul müqabilində alınan saxta partiya vəsiqələri və mitinqlərdə göstərdikləri “aktivliyə” görə rahatlıqla Avropa ölkələrinə sığına biliblər. Maraqlısı budur ki, illərdir ölkə mətbuatında dərc edilən yazılarda bu mövzu ilə bağlı konkret faktlar ortaya qoyulurdu ki, radikal müxalifət partiyaları, onların üzdə mələk olan rəhbərləri mühacir biznesi ilə məşğul olurlar, Avropaya saxta müxalifətçilər “ixrac edərək” bu işdən pullar qazanırlar. Amma bu illər ərzində həmin müxalifət partiyalarının rəhbərləri bunun real olmadığını deyib, insanların gözünə kül üfürürdülər. İndi isə işlər qəlizləşib, ortada böyük qalmaqala səbəb olan ifşa olunmuş şəbəkə var və dara düşən müxalifətçilər belə, bir-birilərini ittiham etməyə başlayıblar ki, “mühacir biznesi ilə mən yox, sən məşğul olursan” və s. Buna misal olaraq, Müsavat Partiyası ilə ReAl Partiyası arasında yaranmış yeni söz davasını göstərmək olar. Belə ki, Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və “siyasi mühacir alveri”nə görə Almaniya polisi tərəfindən həbs edilməsi xəbəri yayılandan dərhal sonra sosial şəbəkələrdə ilk olaraq, bu məsələdən öz maraqlarına istifadə edənlər cəbhəçilər oldular. Ayrı-ayrı statuslarda müsavatçıların adının hallandığı bu olayı pisləyən AXCP üzvləri özlərini “süddən çıxmış ağ qaşıq” kimi göstərməyə başladılar. Elə ReAl da dinc dayanmadı... Ardınca Müsavat və ReAl üzvləri bir-birilərini “şərəfsiz” və digər sözlərlə təhqir etdilər. Bu hələ aysberqin görünən tərəfidir...

Əslində, müxalifətin bu cür hadisələrdə adının hallanması təəccüb doğurmamalıdır. Zatən hər kəsə bəlli idi ki, bu gün Avropanın mərkəzində oturub, ölkəsini,xalqını söyüb, milli-mənəvi dəyərlərimizə zidd addımlar atmaqla, sosial şəbəkələrdə qəhrəmana çevrilənlərin böyük əksəri siyasi sığınacağı hansısa saxta sənədlər əsasında alıblar. Söyüşcül dəstənin üzvlərinin çoxu, demək olar ki, siyasi anlayışlar, davranışlar nədir, heç doğru-düzgün etik, mədəni davranışları belə, qavramayıblar. Danışıq qabiliyyəti olmayan Orduxandan tutmuş, digər sosial şəbəkə müxalifətinin, saxta mühacirlərin əksəri təhqirləri belə, doğru-düzgün yazmırlar. Yəni bunların hamısı Azərbaycanda normal siyasətlə məşğul olmamış, siyasətə təsadüfən gələnlərdir. Təbii ki, belələrinə də saxta sənədlər əsasında zamanında siyasi sığınacaq verilib. Görünən odur ki, mühacir biznesinin ifşası Bakıda da müxalifətin büdcəsini və onsuz da sıfır səviyyəsində olan imicini tamamilə yerlə yeksan etdi.