KÖŞƏ

Zahid Rza

“Bir kəmər, bir yol”

10 may 2018 23:30
1933

“Bir kəmər, bir yol”- Bakı beynəlxalq ticarət qovşağına çevrilir

Azərbaycanın təşəbbüsü, siyasi iradəsi və yüksək maliyyə dəstəyi ilə reallaşdırılan nəhəng enerji və nəqliyyat layihələri- Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub Qaz Dəhlizi”, həmçinin “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ölkəmizdə milli rifaha, inkişaf və tərəqqiyə böyük töhfələr verməklə yanaşı, onun  strateji dəyərini artıraraq beynəlxalq iqtisadi münasibətlərdə yerini daha  da möhkəmləndirib. Nəqliyyat sisteminin davamlı və tarazlı inkişaf etdirilməsi,  regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, respublikamızın ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi, onun dünya kommunikasiya məkanına inteqrasiyası  xarici investisiyaların cəlb edilməsinə də əlverişli şərait yaradıb.  Bütün bunlara görədir ki, artıq Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirərək ölkə ərazisindən daha çox yükdaşımalara nail olmaq istiqamətində mühüm uğurlara imza atıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə tranzit potensialının artırılması məqsədilə həyata keçirilən layihələr, ölkəmizin Cənubi Qafqaz, Xəzər hövzəsində mövqelərinin güclənməsinə geniş imkanlar yaradan “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu nəinki iştirakçı ölkələrin, ümumilikdə, bütün regionun inkişafına böyük töhfələr verəcəkdir. Yaxın zamanlarda Yeni Bakı Limanının birinci fazasının tam şəkildə  başa çatması, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində, eləcə də regionda müasir yükdaşıma tələblərinə cavab verən iri logistik mərkəzin yaradılması regional logistik qovşaq funksiyası yerinə yetirməklə sözügedən nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq.

Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsi bunun əyani sübutudur.  Konfransda 65 ölkədən 400-dən artıq nümayəndə iştirak edib. Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milan bildirib ki, bu nümayəndələr Beynəlxalq Limanlar Assosiasiyasına üzv olan və dünyanın dəniz yük daşımalarının təxminən 70 faizini əhatə edən limanları təmsil edirlər. Bakının artıq beynəlxalq ticarət qovşağına çevrildiyini deyən S Qarsia Milan Böyük İpək Yolu, “Bir kəmər, bir yol” layihələrində Azərbaycanın çox mühüm rol oynayacağını bildirib. Genişlənmə və meriban qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Yonannes Han Bakıda keçirilən Dünya Limanları Konfransının iştirakçılarına videomüraciətində deyib ki, Avropa İttifaqı (Aİ) Bakını ticarət qovşağına çevrilmək işində dəstəkləməyə davam edəcək. Y.Han, həmçinin qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə Avropa və Asiyanın birləşdirilməsində aparıcı rol oynamağa imkan verir.

Son illərdə Azərbaycan ərazisində malların Avropadan Asiyaya daşınmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonaların yaradılması istiqamətində atılan addımlar da respublikamızın imkanlarını daha da genişləndirəcək.

Göründüyü kimi, Azərbaycanın iştirakçısı olduğu nəhəng nəqliyyat-kommunikasiya layihələrinin uğurla reallaşdırılması ölkəmizin regionda və Avrasiya məkanında mövqelərini möhkəmləndirməklə yanaşı, qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə, respublikamızın sosial-iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...