KÖŞƏ

Elçin Zaman

Erməni vitse-spikerin acı etirafı

06 mart 2017 22:48
1537

“Biz ya torpaqları qaytarmalıyıq, ya da qarşı tərəf onu bizdən qanımızı töküb alacaq”

Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayan Ermənistanı ciddi iqtisadi-siyasi və hərbi təhlükələr gözləyir. Son dövrlərdə bu məsələdən erməni ictimaiyyətinin ciddi şəkildə narahat olması faktları mövcuddur. Soyuqbaşla düşünməyi bacaran bir çox ermənilər anlayırlar ki, güclü Azərbaycan Dağlıq Qarabağın işğaldan azad edilməsi prosesini başa çatdırmaq iqtidarındadır. Bu proses başlayanda artıq regional təhlükə Ermənistan kimi kasıb və kiçik bir ölkəni məhv edə bilər.

Qeyd edək ki, ötən il Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyan Azərbaycanın cəbhə xəttindəki şanlı aprel döyüşlərindən sonra  parlamentdəki çıxışında erməniləri vahiməyə salan çıxış edib. O deyib: “İndiki məqamda biz ağıllı başla düşünməliyik. Əks təqdirdə yanlışlıq bizə çox baha başa gələ bilər, necə ki, gəlir”.

Erminə Nağdalyan çıxışında tələb edib ki, Ermənistan Dağlıq Qarabağda nəzarətdə olan torpaqlardan geri çəkilməlidir: “Reallığı anlamaq  gərəkdir. Serj Sarkisyan vaxtı uzatmaqla elə bilir ki, nəyə isə nail olacaq. Amma mən və üzvü olduğum partiya belə düşünmür. İstər beynəlxalq danışıqlarda, istərsə də daxili müzakirələrdə apardığımız danışıqlar mənasızdır. Ona görə də ya torpaqları qaytarmalıyıq, ya da qarşı tərəf onu bizdən qanımızı töküb alacaq”.

Vitse-spiker, həmçinin deyib ki, indi beynəlxalq miqyasda Ermənistanı işğalçı kimi tanıyırlar. Əgər yeni müharibə başlasa bu regional fəlakət olacaq və Azərbaycan həm Qərbdən, həm də Rusiyadan dəstək alsa Ermənistan xarici təzyiqlərə tab gətirməyəcək. 

Təbii ki, onun bu çıxışı Ermənistanda bomba partlayışı effekti vermişdi. Hətta  vitse-spikerin inqilabi çıxışını erməni mediası “Ermənistana erməni zərbəsi” adlandırmışdı.

Təbii ki, erməni ictimaiyyətində Ermine Nağdalyan birinci deyil ki, reallığı belə dəqiq qiymətləndirə bilir. Ondan əvvəl Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyan dəfələrlə Ermənistanın işğalçılıq siyasətini pisləyərək bu yaramaz siyasətin ölkəsini hərtərəfli inkişafdan saxladığını bildirmişdi.

Onun bu sərt, lakin həqiqətləri əks etdirən çıxışları Serj Sarkisyan rejimini ciddi şəkildə ifşa etdiyi üçün cəzalandırıldı. Həbsə atılan və ciddi siyasi təzyiqlərə məruz qalan Vaan Martirosyan həbsdən sonra Azərbaycandan siyasi sığınacaq istədi. Azərbaycan dövləti ona ailəsi ilə birlikdə sığınacaq verdi. Daha sonra isə onun üçüncü ölkəyə gedişi təmin edildi.

Daha bir erməni fəalı- yazıçı, ictimai xadimi Vahe Avetyan beynəlxalq miqyasda Xocalı soyqırımını pisləyərək bu faciəni Ermənistan dövlətinin barbarlığı kimi qiymətləndirdi. Vahe Avetyan hətta bəyanat verməklə kifayətlənmədi və Azərbaycana gələrək Xocalı soyqırımı abidəsini ziyarət etdi.

O Azərbaycanda özünü tam rahat hiss edərək ölkəmizdəki mövcud tolerantlıq mühitindən razı qaldığını bildirdi. Avetyanın sözlərinə görə, bəzi xarici qüvvələrin oyuncağına çevrilmiş Serj Sarkisyan hakimiyyəti erməni xalqını bu müharibədən daha çox əziyyət çəkən bir kütlə vəziyyətinə gətirib: “İndi Ermənistanın dövlət  müstəqilliyindən danışmaq absurddur. Bu ölkə tam olaraq qonşu dövlətlərin forpostudur. Eyni zamanda, erməni xalqı insan hüquqlarının daim pozulduğu, demokratik dəyərlərin məhv edildiyi siyasi rejimin əlində girova çevrilib”.

Qeyd edək ki, həqiqi erməni ziyalılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair düşüncələrində bu tip həqiqətlərin dilə gətirilməsi kimi müsbət tendensiyalara tez-tez rast gəlirik. Təbii ki, onların belə düşünmələrinin ciddi əsasları var. Belə ki, son bir neçə ildə Azərbaycan dövlətinin iqtisadi gücünün artmasının məntiqi davamı olaraq, hərbi qüdrətinin də artması ilə regional gücə çevrilməyimiz, tam bunun əksinə isə Ermənistanın bir ölkə kimi iqtisadi iflası, bütün regional layihələrdən kənarda qalaraq inkişafdan məhrum olması faktları erməni ziyalılarını ciddi düşünməyə vadar edir.

Onlar anlayırlar ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Çıxış yolunu ölkələrinin güclü və qüdrətli Azərbaycanla, eyni zamanda, qonşu Türkiyə ilə hərbi savaşda, əsassız torpaq iddialarında olmaqda deyil, iqtisadi əməkdaşlıqda, regional layihələrə qoşulmaqda görürlər.

Əlbəttə, erməni ziyalılarının bu mövqeyini  Serj Sarkisyan hakimiyyəti də yaxşı anlayır. O da dərk edir ki, yürütdüyü təcavüzkar siyasət Ermənistanı məhvə doğru aparır. Ancaq Sarkisyan hakimiyyəti üçün geri addım atmaq özünü intihara bərabərdir. Ona görə ki, Qarabağ kartından istifadə edərək hakimiyyətə gəlib yüz milyonlarla dollarlıq korrupsiyaya bulaşan və on minlərlə erməninin özgə torpaqlarında nahaqdan qanını axıdan Sarkisyan bilir ki, hakimiyyətdən çəkilən kimi erməni xalqı onu elə İrəvanın küçələrində itsürütməsi edəcəkdir.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...