KÖŞƏ

Elçin Zaman

AŞPA-nın xristian “təəssübkeşliyi”

18 oktyabr 2017 16:46
3454

Müasir Azərbaycan sivilizasiyaların qovuşduğu qüdrətli ölkədir. Xalqımızın bütün dövrlərdə dünyaya verdiyi bəşəri dəyərlər zaman-zaman inkişafa və mədəni intibahlara yeni qapılar açıb. Amma bununla belə bu gün beynəlxalq təşkilatlar və bəzi böyük dövlətlərin demokratik dəyərlərə münasibətlərindəki ikili standartlar, xüsusən də xristian həmrəyliyini büruzə verməsi narahatedici məqamlar yaradır. Bunu biz AŞPA-nın fəaliyyətində, həm də bəzi xristian dövlətlərin münasibətlərində hiss edirik. Məhz bu tip münasibətlərin hələ də davam etməsi Azərbaycan xalqı tərəfindən haqlı narazılıqla qarşılanır.

Xatırladaq ki,  Azərbaycan dövləti 2001-ci il yanvarın 25-də Avpropa Şurasına (AŞ) üzv olduqdan sonra  AŞPA-da  fəal və konstruktiv fəaliyyət göstərir. Rəsmi Bakı AŞ qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib və bu gün də o istiqamətdə işlər gedir.

Ölkəmiz Avropa Şurası qarşısında məsuliyyətini dərk etməklə yanaşı, qarşı tərəfdən də analoji mövqe gözlədiyi halda,  tam əksini müşahidə edir. Belə ki, ötən həftə Avropa Şurası Parlament Assambleyasında həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın müəllifi olduqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamənin, eyni zamanda, belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamənin qəbulu haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradıb. Hər iki qətnamənin qəbulu bir daha təsdiq etdi ki, bu beynəlxalq təşkilatda antiazərbaycan qüvvələr, islamofobiyaçılar çoxluq təşkil edirlər.       

Ən böyük haqsızlıq isə odur ki, AŞPA Azərbaycanı seçkilər  zamanı  əks  fikirli insanları  öldürən, yüzlərlə  şəxsi siyasi  motivlərlə  həbs edən, mətbuat  orqanlarının  fəaliyyətini dayandıran,  vətəndaşların  internetə  çıxışını  qapadan  ölkələrlə  bir  sırada “görür”. Xüsusən, parlamenti gülləbaran edilən, ötən prezident  seçkilərindən sonra seçki saxtakarlıqlarına qarşı etiraz mitinqinə çıxan insanları güllələyərək qətlə yetirən, 100-dən artıq müxalif siyasətçini həbs etdirən Ermənistanın bu təşkilatdan qovulması  gözlənildiyi halda, hətta səsvermə hüququndan belə məhrum edilməməsi xristian təəssübkeşliyinin bariz nümunəsidir.

Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  dəfələrlə bununla bağlı etirazını  bildirərək bu beynəlxalq təşkilatı obyektivliyə çağırıb. Onun fikrincə, Ermənistan Avropa Şurasında həmişə himayə olunub: “Dəfələrlə Ermənistandakı siyasi vəziyyətə dair hesabatların müzakirəsində işğalçı ölkədəki despotizmin, antidemokratik  mühitin kəskin tənqid olunması gözlənildiyi halda, nəinki bu məsələlər qabardılmayıb, əksinə  onun  üstü  ört-basdır  edilib. Halbuki Ermənistandakı antidemokratik rejimin fəaliyyəti nəticəsində bir neçə dəfə bu ölkənin səsvermə  hüququnun  alınması gözlənilirdi. Lakin nədənsə həmin ciddi məsələlər sonradan arxa plana keçirildi.”

Xristian təəssübkeşi olan AŞPA ölkəmizdəki müsbət prosesləri görməməklə yanaşı, burada problem axtarmaqla məşğuldur. Məhz erməni lobbisinin  dəstəyi ilə Avropa Şurası olmayan bir məsələni - Azərbaycanda siyasi məhbus məsələsini gündəmə gətirməyə həmişə cəhd edib. Qəribə məntiqdir - AŞPA  Ermənistanda siyasi motivlərlə həbs olunaraq hələ də həbsxanalarda çürüyən müxalifətçiləri məhbus gözündə görmək istəmir, əvəzində Azərbaycanda olmayan bir məsələdən - siyasi məhbuslardan danışır.

Təbii ki, ölkəmiz  bu haqsızlıqlara qarşı susmur. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Strasburqda AŞPA-nın sessiyasında çıxış edərək ölkəmizə qarşı mövcud olan ikili standart tendensiyasını faktlarla  darmadağın edib. Cənab Prezident çıxışında bildirib: “Avropa Şurasına qoşulmaq bizim düşünülmüş  seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə bilirdik ki, Avropa Şurasına  qoşulmağımız, həmçinin  öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik və onları yerinə yetiririk. Bu günə qədər 60-a qədər konvensiyaya qoşulmuşuq. Qanunlarımızı təkmilləşdiririk. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.”  

Burada bir acı həqiqəti görmək mümkündür ki, Azərbaycanın sürətli iqtisadi inkişafından narahat olan erməni lobbisi indi də beynəlxalq təşkilatların əli ilə ölkəmizə təzyiq və təsir etməyə çalışır. Həmin səbəbdəndir ki,  AŞPA Azərbaycanla bağlı məsələlərə yalnız demokratikləşmə prinsiplərindən yanaşmır. Qurum daha çox rəsmi Bakıya təzyiq etmək istəyir.  Çünki Azərbaycan inkişaf etdikcə, regionda mövqelərini möhkəmləndirdikcə AŞPA-dakı bəzi deputatlar, o cümlədən qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər bundan ciddi şəkildə narahat olurlar.

Bu gün biz Ermənistanla müharibə vəziyyətində yaşayırıq. Məlum olur ki, bu münaqişənin həllində Ermənistan artıq Azərbaycanın qarşısında duruş gətirə bilmir. Ona görə də ölkəmizə qarşı qərəzli münasibətlərlə və ermənilərə ideoloji  yardım etməklə bizi yolumuzdan döndərməyə cəhd edirlər. Hazırda dünyanın 10-dan çox ölkəsində güclü qarşıdurmalar, münaqişələr və müharibələr gedir. Asiyada, Afrikada hətta Avropada böyük dövlətlər nə istəyirlər onu da edirlər. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə sanki kor olurlar. Məhz bu nöqteyi-nəzərdən Azərbaycana tətbiq olunan ikili standartı dövlətimiz və xalqımız heç bir halda qəbul etmir. Biz bir xalq olaraq haqlı sual edirik: Avropanın enerji təminatçısı olduğumuz və  iqtisadi inkişafımızla dünyanın diqqətini cəlb etdiyimiz halda nə üçün ölkəmiz ikili standartlara məruz qalmalıdır?

AŞPA-nın ötən sessiyalarının birində çıxış edən Prezident İlham Əliyev bu barədə qətiyyətlə bildirib:  “Dünyanın ən ali beynəlxalq orqanı olan BMT-nin Təhlükəsizlik Şurası erməni  işğalçı qüvvələrinin  işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz  çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu bir daha ikili standart siyasətini göstərir.  Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə  saat ərzində  icra edilir. Bizə gəldikdə isə bu iyirmi ildən çox çəkir”.

Azərbaycan bütün dövlətlərlə, o cümlədən Avropa dövlətləri  ilə bərabərhüquqlu, qarşılıqlı surətdə hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətləri qəbul edir.  ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr 20 ildən çoxdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Ancaq bu illər ərzində heç bir müsbət irəliləyişə nail olunmayıb. Halbuki işğal edənlə işğala məruz qalan tərəflər hər kəsə, o cümlədən AŞPA-ya tam aydınlığı ilə məlumdur. Amma bu gün AŞPA Ermənistanı dəstəkləyən, əvəzində isə Azərbaycana qarayaxma kampaniyasının önündə gələn bir utancverici təşkilat rolunu oynayır.

Bu gün Ermənistan ordusunun hərbi təcavüzü nəticəsində ölkəmizdə  bir milyondan artıq qaçqın və məcburi köçkün var. Onların mülk, yaşamaq, işləmək hüquqları məhz işğalçı Ermənistan tərəfindən pozulub. Təbii ki, AŞPA bu işğalı pisləmək əvəzinə işğalçı dövlətin başına tumar çəkərək ona hüquqi və ideoloji yardım edir. Belə bir beynəlxalq təşkilatın  demokratik dəyərlərdən danışmağa, xüsusən də ölkəmizə demokratiya “dərsi” keçməyə mənəvi və hüquqi haqqı çatmır.