KÖŞƏ

Qvami Məhəbbətoğlu

Paşinyan-Koçaryan-Sarkisyan qarşıdurması : görək kim kimi yordu...

04 yanvar 2019 21:01
701

Moskvadan əliboş qayıdan Nikol Paşinyan öz feysbuk səhifəsində uğursuz səfərinin yekunlarına “bəzək-düzək” vurmaqda davam edir. Bu mənada Paşinyanın: “Bizim münasibətlərimiz o qədər hərtərəfli və çoxşaxəlidir ki, Putinlə görüş zamanı ikitərəfli gündəmdə dayanan bütün məsələləri müzakirə edə bilmədik” sözləri daha çox diqqəti cəlb edir. Yəni o, böyük etinasızlıq şəraitində keçən görüşə “hərtərəfli”, “çoxşaxəli”, üstəlik “pozitivlik” donu geyindirməklə uğursuzluğuna bəraət qazandırmağa çalışır. Moskva danışıqları haqqında rəsmi məlumatlardan isə açıq-aydın görünür ki, orada yalnız rəsmi protokol görüşü keçirilib.

Amma Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan arasındakı son görüşün kifayət qədər gərgin keçdiyi istisna olunmur. Ekspertlərin fikrincə, əgər gərgin keçməsəydi, Putin bu görüşdən dərhal sonra Paşinyanın əsas rəqibi olan və dekabrın 7-də - növbədənkənar parlament seçkilərinə 2 gün qalmış həbs edilən Ermənistanın sabiq prezidenti Robert Koçaryana Yeni il və Milad bayramı münasibəti ilə təbrik məktubu yazmaz və bunu mətbuata ötürməzdi.

 Qeyd edək ki, Putinin Koçaryana ünvanladığı məktubda ona “ruh yüksəkliyi” arzulaması, özünün ən yaxın dostu sayması erməni mətbuatı tərəfindən xüsusi şəkildə qabardılır və “ruh yüksəkliyi”nin arxasında nələrin dayandığı üzərində baş sındırılır. Bəzi politoloqlar isə Putinin bu addımını Nikol Paşinyana vurulan tərs şillə kimi dəyərləndirirlər. Şübhəsiz, bu da Paşinyanı qıcıqlandırır.

Siyasət aləminin xiridarlarından sayılan Putinin meydandan birbaşa hakimiyyətə gəlmiş və idarəcilikdə səriştəsi olmayan Nikol Paşinyana ehtiyatla yanaşması, bəzən də onun “nazı” ilə “oynaması” təsadüfi deyil. Belə ki, məhz bu cür vasitələrlə rəsmi Moskva hələ də erməni xalqı tərəfindən dəstəklənən, lakin Ermənistan iqtisadiyyatını daha da çökdürməkdə davam edən,  hakimiyyətdə olduğu müddətdə Putinlə çoxsaylı görüşlər keçirməsinə baxmayaraq,  bircə sənədin imzalanmasına nail olmayan, öz ölkəsində neqativ “ilk”ləri ilə gülüş hədəfinə çevrilən Nikol Paşinyanın etibarını və nüfuzunu dağıtmağa çalışır. Görünən budur ki, rəsmi Moskva bu istəyinə nail olmaqdadır. Belə ki, bir zamanlar Nikol Paşinyana böyük ümidlər bəsləyən əhalinin bir qismi artıq ona olan etimadını itirməkdədir. Hətta Ermənistanın “Şant” telekanalında Paşinyanın hakimiyyəti  zorla ələ keçirdiyi barədə fikirlər də səsləndirilməkdədir. “Jovoxurd” qəzeti isə Nikol Paşinyanın verdiyi vədlərin heç birini  yerinə yetirmədiyini, öz qohumlarını, yaxınlarını, dostlarını hakimiyyətə gətirməklə məşğul olduğunu, əhalinin yaşayış səviyyəsinin daha da pisləşdiyini yazır.

Bu kimi aspektlərdən çıxış edən ekspertlər cari ildə Nikol Paşinyanla Sarkisyan-Koçaryan tərəfdarlarının qarşıdurmasının daha da artacağını bildirirlər. İlin ilk günlərindən də bu, özünü büruzə verməkdədir. Belə ki, separatçı rejimin lideri Bako Saakyan Xankəndidə Ermənistan parlamentinin sədri, Serj Sarkisyanın Respublikaçılar Partiyasının hakimiyyətdəki sonuncu ən yüksək vəzifəli nümayəndəsi olan Ara Babloyanla görüşüb və onlar özlərinəməxsus planlar cızıblar. Bundan öncə isə qondarma rejim Robert Koçaryanın azadlığa buraxılması tələbi ilə çıxış edib. Elə bu addımdan sonra Ermənistanın özündə Robert Koçaryanın tərəfdarları daha da aktivləşiblər. Bu isə separatçı qurumla, həmçinin onun liderləri ilə  Nikol Paşinyan arasında qarşıdurmanın daha da güclənəcəyindən, hətta ona qarşı “məxməri inqilab” baş verə biləcəyindən xəbər verir. Erməni ekspertləri isə Paşinyanın öz uğursuzluqlarını ört-basdır etmək üçün belə qarşıdurmalara maraq göstərdiyini bildirirlər. Buna rəğmən, cari ildə bu qarşıdurmada kimin qalib gələcəyini söyləmək çətindir. Amma görünən odur ki, bu proses Ermənistana, o cümlədən Nikol Paşinyana heç də yaxşı şeylər vəd etmir.