KÖŞƏ

Elçin Zaman

Paşinyan Rusiyadan əlini üzərək Qərbin qucağına atılmaq istəyir

18 iyul 2019 19:40
2714

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan və parlamentin spikeri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdədir. Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın isə ABŞ-a gedəcəyi gözlənilir. Bundan əlavə, Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşərək Ermənistanla-ABŞ arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Nikol Paşinyan isə bütün səfirləri toplayaraq qapalı iclas keçirib.

Ermənistandakı bu kimi siyasi proseslərin Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra baş verməsi Rusiyanın da diqqətindən yayınmır. Xüsusilə son zamanlar Kremldə belə bir fikir formalaşıb ki, bir müddət əvvələdək  yaxın müttəfiqlərindən olan Ukraynanın Ermənistanın timsalında əkiz bacısı yaranır. Yəni artıq Ermənistanda 2018-ci ilin “məxməri inqilab”ınan sonra orada antirusiya tərəfdarlarının sayı davamlı artır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın atdığı bir çox siyasi addımları Ukraynanın sabiq prezidenti Poroşenkonun siyasi addımlarının təkrarı da hesab edirlər.

İş o yerə çatıb ki, hətta Paşinyanın təyin etdiyi diaspor üzrə nazir müavini, Amerika təhsilli Babken Ter-Qriqoryan Soros fondunun tədbirlərində  Rusiya Prezidentini açıq ifadələrlə təhqir etmişdi. Ermənistanın yeni Əmək naziri Mane Tandilyan isə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını təbliğ edənlərdəndir. Bütün bunlar bir daha göstərir ki, indiki hakimiyyətdə Rusiyaya qarşı hələlik açıq şəkildə çıxış etməyən yalnız Nikol Paşinyandır ki, o da məqam gözləyir.

Bu  da faktdır ki, ötən il Ermənistan hökumətinin keçirdiyi iclasların birində Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açması müzakirə olunaraq açıq şəkildə bu bazanın ləğvini istəyənlər də olmuşdu. Hətta Nikol Paşinyan bunu  Ermənistanın suverenliyinə qəsd adlandırmışdı.

Xatırladaq ki, 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kalonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla kənddə intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıblar. Bir çoxlarının qorxudan ürəyi gedib. İnsident Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakının ardınca baş verib. Moskva onun sammitdə iştirakından narazı idi.

Əvvəldə qeyd etdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni kabinetindəki nazirlərin böyük əksəriyyəti antirusiya əhval-ruhiyyəli şəxslərdir. Həmin nazirlər bu gün də Rusiya əleyhinə açıq və gizli şəkildə təbliğat aparmaqdadırlar. Onların qənaətincə, Rusiya Ermənistanı forpost, kölə kimi saxlamaqla müasir inkişafdan, dünyaya inteqrasiyadan yayındırır.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirinin Nikol Paşinyanla davamlı görüşləri də diqqətdən qaçmır. Hətta ABŞ Prezidentinin hərbi siyasətdə ən təcrübəli, böyük nüfuza malik insanlarından olan  milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ilin əvvəlində Cənubi Qafqaza ilk dəfə səfər etməsi onu göstərir ki, Tramp administrasiyası bölgədə uzunmüddətli passiv siyasətdən sonra aktiv siyasətə keçib. Ən maraqlısı budur ki, Rusiyanın nüfuzunu azaltmaq üçün Ermənistanın ABŞ-dan silah alması məsələsi gündəmə gətirilib. Yəni, ABŞ açıq şəkildə Ermənistanı Rusiyanın qucağından almaq istəyir.

Paşinyan administrasiyası ötən günlərdə bildirib ki, Ermənistan hökumətinin üzvlərinin ABŞ-a səfərləri davamlı olacaq. Yəni, Paşinyan artıq bu qərara gəlib ki, Rusiya onları ciddi qəbul etmirsə, ABŞ-la daha aktiv əlaqələr qurmaq lazımdır.  Çünki Paşinyan başa düşür ki, ABŞ Ermənistanın həm Rusiya, həm də Qərblə yaxın əlaqələr qurması ilə razılaşacaq qədər sadəlövh deyil. Buna görə də demək olar ki, bu cür addımlar gələcəkdə Ermənistanda çox ciddi daxili siyasi böhran yarada bilər.

Payız aylarında Rusiya Prezidentinin Ermənistana səfəri planlaşdırılır. Bütün bu proseslər təbii ki, həmin səfər ərəfəsində yenidən nəzərdən keçiriləcək. Rusiyanın Ermənistanla bağlı əsas iradlarından biri də ondan ibarətdir ki, rusiyapərəst siyasətçilər bu və ya digər səbəblərə görə siyasətdən və hakimiyyətdən uzaqlaşdırılır, müxtəlif ittihamlarla həbs edilirlər. Onlardan Rusiyaya ən yaxın olan və dəstək alan Koçəryandır. Koçaryanla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Çünki Putinin xahişi ilə Koçaryan azadlığa buraxılmalı idi, amma bu, baş vermədi.

Paşinyan artıq Rusiya ilə bağlı siyasətinin faydasız olduğunun fərqindədir. Yəni, bu hadisələrin fonunda hiss olunur ki, artıq Paşinyan başa düşüb ki, onun bu cəhdləri nəticə vermir və verməyəcək. Çünki Rusiya ona müxalif olan qüvvələri, “Qarabağ klanı”na aid insanları dəstəkləyir. Bu baxımdan Paşinyanın yeganə ümidi Qərbin qucağına oturmaqdır.