14 may 2020 15:45
1690

Pişiklər bir-birini koronavirusa yoluxdura bilər?

Pişiklər bir-birini koronavirusa yoluxdura və infeksiya daşıyıcısı ola bilərlər.

Ancaq onların koronavirusu insanlara ötürə biləcəyinə dair sübut yoxdur. Tokio Universitetinin Tibb Elmləri İnstitutu, ABŞ-ın Viskonsin Universiteti və bir sıra digər araşdırma mərkəzlərindən olan alimlər bu nəticəyə gəliblər.

"İki sahil" xəbər verir ki, tədqiqat “New England Medicine” jurnalında dərc edilib. Araşdırma zamanı alimlər üç pişiyi koronavirusa yoluxdurub və onları sağlam pişiklər olan qəfəslərə salıblar. Beş gündən sonra sağlam heyvanların burunlarından götürülən yaxmanın nəticələrinə əsasən, onların virus daşıyıcıları olduqları aşkarlanıb. Bu vəziyyətdə pişiklərdə hərarət, konyunktivit, çəki itkisi də daxil olmaqla, heç bir simptom müşahidə olunmayıb.

Alimlər xəbərdarlıq edir ki, pişiklərdə simptomların olmaması, onları koronavirusun potensial “səssiz” daşıyıcısına çevirə bilər.

Bununla yanaşı, mayın 1-də Yaponiyanın Baytarlıq Birliyi insanların ev heyvanlarından yoluxması ilə bağlı heç bir məlumatın olmadığını ifadə edən bəyanat yayıb. Buna görə də hazırda virusun ötürülməsinin yalnız bir istiqamətdə - insandan heyvana keçdiyi güman edilir.

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-da zooparkda pələngin və bir şirin COVID-19-a yoluxduğu, Hindistanda virusun insanlardan heyvanlara ötürülməsi halları barədə məlumatlar yayılmışdı.