19 noyabr 2019 10:40
1016

Qulaqcıqlara aludə olmayın və heç kimlə bölüşməyin...

Modern dövrün populyar texnoloji vasitələrindən olan qulaqcıqlardan istifadə edənlərin sayında artım müşahidə olunur. Adətən insanlarda bu istifadə halı sonradan  aludəçiliklə əvəzlənir.

Qulaqcıqların  həddindən artıq istifadə olunması insanda  mənfi psixoloji  təsirlər yaradır. Psixoloq  Zeynəb  Eyyubova mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki,  həddindən artıq  qulaqcıq taxmaq, onu dayanmadan qulaqda gəzdirmək  beyindəki sinir qıcıqlarını oyadır: “Birbaşa əsəb sistemimizin pozulmasına səbəb olur. Adi hadisəyə belə əsəbi şəkildə reaksiya verilir. Bəzən isə cəmiyyət içində  lazım olmadığı təqdirdə qulaqcıq taxan insanları görürük. Bu, onlarda artıq vərdiş halını alıb. Belə insanlar təkliyə meyilli olurlar. Onlarda   getdikcə asosiallıq yaranır.  Yatarkən qulaqcıq taxmaq,  elə o vəziyyətdə də yuxuya getmək çox ziyanlı vərdişdir. Yüksək səsdə saatlarla qulaqcıqda yatmaq yuxu sisteminizin pozulmasına səbəb olur.”

Lor, plastik cərrahı İlqar Əzimov isə mövzu ilə bağlı  “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, insanlar adətən yüksək səslə qulaqcıqdan istifadə edirlər. Bu da qulağımızın sağlamlığına ziyan vurur:

“Normal eşitmə üçün 30 desibel səs yüksəkliyi kifayətdir. 110 desibelə qalxdıqda isə eşitmə orqanı üçün  təhlükəli haldır. Qulaqcıqlarda isə  səsin yüksəkliyi 120 desibel olur. Bu isə kifayət qədər narahatedici məqamdır. Sanki düz qulağımızın dibində təyyarə uçur. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri böyükdür. Sinirlər zədə gördüyü üçün eşitmə itkisi və karlıq meydana gələ bilər. Belə vəziyyətdə isə əvvəl qulaqcıq istifadə edən şəxs sonradan eşitmə cihazı  istifadə etmək məcburiyyətində qalacaq. Bəzən insanlar tək qulaqda istifadə edirlər. Bu, tibbi cəhətdən düzgün deyil. Bu zaman qulağın biri  tam yüklənir. Digəri isə sərbəst qalır. Bu isə eşitmə sistemindəki tarazlığı pozur.”

Ekspert qulaqcıq seçərkən çöldən ən az səs alan qulaqcıqlara üstünlük verilməli olduğunu qeyd etdi: “Qulağın ölçüsünə uyğun qulaqcıq seçib istifadə etsəniz daha yaxşı olar. Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Heç bir firmaya aid olmayan, ucuz  qulaqcıqlar satılır ki, onlar, qulaqlara mənfi təsir edir. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan, original adlandırdığımız  qulaqcıqlardan istifadə etsinlər.”

Otolarinqoloq (lor) Elşən Hacıyev isə “İki sahil”ə  bildirdi ki, qulaq daxilinə taxılan, xüsusi sintetik maddələrdən hazırlanan qulaqcıqlar sağlamlıq üçün ən zərərli hesab olunur: “Uzun müddət qulaqcıqdan istifadə olunması, qulağın daxilində səsi qəbul edən  müxtəlif xırda sinirlərdən ibarət ilbiz aparatı onun daxilindəki sinirləri zədələyir. Səsqəbuledicilər mənfi dəyişikliyə uğrayır. Bu da xüsusən axşam vaxtı qulaqda küy əmələ gəlməsinə, zəif eşitmə hallarına səbəb olur.

Ekspert qulaqcıqlardan istifadə zamanı əməl etməli olduğumuz gigiyena qaydalarından  da bəhs etdi: “Elə əşyalar var ki, hər kəsin individual istifadə etməsi məqbul sayılır. Qulaqcıqlar da həmin əşyalar siyahısına aiddir. Onlardan istifadə etdikdən sonra  qulaqcıq, onun kənarları, rezinləri, qulağa daxil olan hissəsi mütləq spirtlə təmizlənməlidir. Bu, gigiyenik sağlamlıq baxımından da çox önəmlidir. Bu baxımdan da spirt, xüsusi dezinfeksiyaedici məhsullardan yararlanmaq lazımdır. Hər kəsin şəxsi qulaqcığı olmalıdır. Onu kiminləsə bölüşməyinizi tövsiyə etmirəm. Tərəflərdən hansında qulaq göbələyi varsa, digərinə keçəcəyi danılmaz bir faktdır. Buna görə də,  qulaqcıqlar heç kimlə paylaşılmamalıdır.”

Göründüyü kimi, qaydasında istifadə etmədikdə, aludəçisi olanda qulaqcıqlar sağlamlıq üçün ciddi təhlükə yaradır. Ona görə də qulaqcıq istifadəsi zamanı həm diqqətli, həm də məsuliyyətli olmalıyıq. Yol gedərkən, xüsusən nəqliyyatın çox olduğu yerlərdə  qulaqcıqdan istifadə qəzalara səbəb olur. Bu zaman sürücüdən çox piyadada günah olur. Çünki bu zaman səsin yüksəkliyi, səsləndirilən musiqi  piyadanın əsas diqqətini yayındırır. Dəfələrlə edilən xəbərdarlıq siqnalının onlar üçün əhəmiyyəti olmur. Hər halda bütün günahları sürücülərdə görmək də doğru deyil. Piyadalar da diqqətli olmalıdır. Çünki yolda məsuliyyət yarı-yarıya bölünür. Hər qəzada sürücüləri, günahlandırmayaq, piyada olaraq öz məsuliyyətimizi dərk edək!

Yaqut Ağaşahqızı, “İki sahil”