KÖŞƏ

Yaqut Ağaşahqızı

Sağlığında qiymət verin analara!

07 mart 2019 19:34
182

Ənənə halını alaraq qeyd etdiyimiz özəl tarixlərdən biri də  8 Mart-Beynəlxalq  Qadınlar Günüdür. Mart ayının birinci günündən içimizdə bizdən asılı olmayan bir həyəcan yaranır. Bizi həm sevindirir, həm də duyğulandırır.

Həmin gün hər kəs diqqətinin təcəssümçüsü olan hədiyyəsi ilə həyatında dəyər verdiyi, sevdiyi qadının üzünü güldürməyə, qəlbini şad etməyə çalışır.

Fikrimcə, bu bayram ən çox  analarımızın bayramıdır. Onların bayramınını təbrik etməyə  lap balaca olandan başlayırıq.Təbii ki, məsum  və saf halımızla  hazırlanılan hədiyyələr  həm güldürür, həm də sevindirir. Uşaq olarkən açıqcalara  təzə yazmağa başladığımız əyri , səliqəsiz xəttimizlə  yarımçıq, amma saf sevgidən ibarət olan cümlələri, sözləri yazıb verirdik.  Bir də qışqıraraq, həyəcanla, bəzi hissələrini unudaraq dediyimiz bir unudulmaz şeir də var idi:

8 martdır, anacan,

Lap tezdən oyanmışam.

Əllərimdə gül-çiçək,

Qarşında dayanmışam.

İllər keçsə də, analarımızın bizdən  gözlədiyi məhz o şeir olur. Daha xəttimiz də düzəlir, cümlələrimiz də bütövləşir. Balaca əllərlə təqdim etdiyimiz o açıqcalar  artıq başqa hədiyyələrlə əvəzlənir. Bəlkə də,  analar  üçün dünyanın ən bahalı hədiyyəsi  elə uşaq təfəkkürlü ilə qurduğumuz cümlələr, o həyəcanla, qıra-qıra dediyimiz şeir idi. Bu günü nəzərdə tutub, yığdığımız xırda pullar, əzbərlədiyimiz  şeir, hazırladığımız   o açıqca  analarımız üçün sevgimizin şirin nümunəsi, dünyanın ən qiymətli jesti idi.

Sevgimizi, qayğımızı, diqqətimizi  həmin gün açıqca görmək istəyirlər. Məhz bu gün  biz onların heç zaman qaytara bilməyəcəyimiz  əziyyətindən, borcundan   nisbi mənada da olsa çıxmağa çalışmalıyıq. Maddiyyatı, zaman qıtlığını, məsafəni,işi bəhanə etməyin. Ananızın üzünü güldürün, yanında olun və heç zaman buraxmayacaqsınız kimi sarılın. Ananın övladının can sağlığı, varlığından savayı heç nəyə ehtiyacı yoxdur.  Hədiyyə məhz biz özümüzük.  Bu tarixi onun adına, varlığına həsr edin. Çünki bir də martın 8-i 2019-cu il olmayacaq. Bir də ana  o yaşında olmayacaq.

Analar başımızın tacıdır. Həyatımızın ən incə, duyğusal nöqtəsidir. Təkcə bioloji deyil, mənəvi cəhətdən də bizə analıq edən böyük ürəyə, humanizm hisslərinə sahib olan, ömrünü şam kimi təkcə doğma övladları üçün deyil,  bala kimi əzizlədiyi uşaqlar üçün də yanır. Öz uşağına analıq etməyə nə var ki? Hünər və cəsarət , ürək istəyir  insandan . Mənəvi analarımızı da unutmayaq.  Mənəvi dəyərlərin qarşılığını heç zaman maddiyyatla ödəmək olmaz. Bizə öz doğma övladları kimi yanaşa bilmələri, əzizləməri nə qədər humanist, nə qədər dəyərli, qiymətli ali, əvəzolunmaz  bir hissdir.

Deyəsən, “biri var idi, biri yox,” təkcə nağılların deyil, bizim də həyatımızın  açar sözüdür. Bəzən pulumuz olmurdu, təbrik etməyə, bəzən də anamız. Ona görə də sağlığında qiymət verin analara! Sonra xatirələr, edilməyənlər insanın içini bu cür tarixi günlərdə  incidir. Rahat olmağa imkan vermir.  Bəzən  kiminsə vəfatı  xəbərini eşitdikdə sarsılırıq.  Yadımıza onunla keçən xoş anlar, təbəssümlər, xeyirxahlıqlar deyil,  ilk olaraq nə vaxtsa onu qəlbini qırmağımız,  baş verən hər hansı mübahisə,düşür. Çox qəribədir. Bərabər yaşadığımız, yaratdığımız hisslərin indi yükünü tək çəkirsən. Çünki daha heç bir anda o sənin yanında yoxdur. Mümkünsüzlüyün kralı ölüm onu səndən alıb .  Deyirsən ki, kaş yaşayaydı, könlünü alaydım, heç ağlamağa qoymayaydım. O an  təəssüf hissini bütün çalarları ilə yaşayırıq. Bir də üstünə çarəsizlik gəlir.  Həyat fanidir, ölüm ani. İnsan  bu həyatda heç nədən sığortalanmayıb. Heç  nə  anaların təbəssümdən, sevincindən, dualarından daha dəyərli və müqəddəs  deyil.  Onları sevindirin. Çünki onlara bu həyatda ən çox sevinc və gülmək yaraşır. Sonralara saxlamayın.  Unutmayın ki, gec ola bilər. Bu gün onun sağ canına şükür edin.  Ağ saçlarına ,əllərindəki yumşaqlığa, içindəki sevgiyə, nəfəsindəki istiyə, üzündə sizi ərəyə-ərsəyə gətirməsini əks etdirən qırışlarına  şükür edin. “Bayramın mübarək, əziz ana!” cümləsi belə yetərlidir.Onlar həmin gün qapısının  məhz balası tərəfindən döyülməsini istəyirlər. Sizin dilinizdən təbrik eşitmək istəyirlər. Onların başqa heç nəyə ehtiyacları yoxdur. Düşünün ki, qapısını açdığı evinin içərisində anasını görməyən, anasını qucaqlamaq istəyən qolları boş qalan övladlar var . Soyuq başdaşına, hissiyyatsız torpaqla, çərçivəli  şəkillərlə təsəlli olan  balalar var.

Anaların yaşı olmur. Ana neçə yaşında balasını qoyub dünyasını dəyişərsə, bala üçün dərddir, faciədir.  Qız, ya oğlan övladı, fərqi yoxdur. Bala üçün ananın  qiyməti,əhəmiyyəti, yaşı ölçülməyəcək qədər dəyərlidir.  Ananın yoxluğunu insan  hər yaşında, anında,  pis və yaxşı günündə hiss edir. Çünki ana kimi hiss edən, anlayan, dərdinə şərik olan, ağrısına yanan yoxdur.