KÖŞƏ

Elçin Zaman

Sevinc Osmanqızı Ermənistanın səfiri rolunda çıxış edir

28 iyul 2020 10:36
7265

İyulun 12-dən 15-dək Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Eyni zamanda, əks zərbələrlə düşmənin çoxsaylı hərbi obyektləri və hərbçiləri məhv edildi.

Məhz bu hadisələrə görə həm Ermənistanda, həm də xaricdəki erməni diasporu arasında ciddi təşviş yaranıb. Onlar cəbhə xəttindəki məğlubiyyətlərinin əvəzini xaricdəki səfirliklərimizə və soydaşlarımıza vəhşicəsinə hücumlarla cavab verməyə çalışıblar. Hətta məşhur erməni terror təşkilatı olan “ASALA” emblemli köynəklər geyinən erməni şovinistləri Los-Anceles şəhərində, Avropada, Rusiyada səfirliklərimizə və azərbaycanlılara qarşı qanlı savaş və təxribatlar başladıblar.

Lakin bizim bir millət və dövlət olaraq bu düşmənlərə qarşı həm ideoloji, həm də fiziki mübarizəmizə isə “sapı özümüzdən olan” azərbaycanlı jurnalist Sevinc Osmanqızı kölgə salmağa çalışmaqla açıq şəkildə erməniləri müdafiə etdi, yəni ermənilərə möhtəşəm siyasi pas ötürdü. O, iddia edir ki, bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir.

Bəli, məhz onun Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi bu xain fikirlər ermənilərin əlində ciddi bir vasitəyə çevrilməklə, Azərbaycan dövlətinə və xalqına tuşlanacaq ağır silahdır. Ermənilərin çoxdan axtardığı bəhanəni məhz Sevinc Osmanqızı onlara çox asan və rəzilcəsinə vermiş oldu. Bu, həmin Sevinc Osmanqızıdır ki, məhz onun atasının olduğu vertalyotu 1991-ci ilin noyabrın 20 -də erməni terrorçuları Qarabağın Qarakənd kəndində vurdular. Nəticədə Azərbaycanın ən ləyaqətli oğulları- dövlət xadimləri həlak oldular.

“Onlar (xaricdə yaşayan azərbaycanlılar - red.) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar” - sualını verən jurnalist Sevinc Osmanqızı nədənsə üzərində “ASALA” terror təşkilatının adı yazılmış paltarlar geyinən erməni terrorçularının Azərbaycanın xaricdəki diplomatik konsulluqlarına təşkil etdikləri hücumları görməzlikdən gəldi? Doğrudanmı bu Osmanqızı bu qədər milli təəssübkeşlik sarıdan kasaddır? Bu qədərmi ermənipərəstlik mərəzinə tutulub? Axı ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını görməmək üçün gərək vicdanını itirmiş olasan.

Onun daha “dərinlərə” gedərək ermənipərəstlik etməsi bu nankor ifadələrindən də görünür. Deyir: “Mən yenə də davanı kimin başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil.”

Fikir verin, onun üçün Azərbaycanın xaricdəki uğurları və yaxud soydaşlarımızın ermənilərə qarşı mübarizəsi əhəmiyyətli deyil və onun rəzil zehniyyətinə görə, Azərbaycanın milli maraqlarının müdafiəsi onun maraqlarına qətiyyən cavab vermir.

Təbii ki, son ermənipərsət davranışları bir daha göstərmiş oldu ki, Sevinc Osmanqızının Azərbaycan dövlətinin və xalqının əleyhinə göstərdiyi fəaliyyətin mənbəyində erməni disaporunun maliyyəsi durur. Eyni zamanda, son antimilli çıxışları onun maskasını birdəfəlik yırtmaqla kimin-kim olduğunu göstərdi.

Onun bu rəzillikləri bir daha aydın şəkildə göstərdi ki, iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidlərə də hörməti sıfır səviyyəsindədir. Həmçinin ona ayıb oldu ki, məhz bu cür ermənipərəstliyi ilə şəhid atasının, ermənilərin yandırıb külə döndərdiyi, soyqırımına uğrayan Xocalımızın, Malıbəylimizin, Kərkicahanımızın qisasını erməni maliyyəsinin gücü ilə unutmuş oldu.

Bu arada Sevinc Osmanqızının dəstəklədiyi və qatı təbliğatını apardığı qondarma “Milli Şura” ermənilərlə əlbir olduqlarını, onlara xidmət etdiklərini bir daha nümayiş etdirdi. Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və digərlərinin xalqımızın milli həmrəylik aksiyalarını xuliqanlıq adlandırması bunların iç üzünü bir daha Azərbaycan xalqına açdı və bunların kimlərə işlədiklərini və maraqlarının nədən ibarət olduğunu bir daha ictimaiyyətimizə nümayiş etdirdi.

Bunların əməllərinin bir adı var: satqınlıq. Təbii ki, ermənilər milli düşmənimizdir və biz bunu açıq görürük. Ancaq bu antimilli ünsürlərin isə çox sifətləri var və bir çox hallarda pafoslu çıxışları ilə indiyə qədər əməlli-başlı maskalanmağı bacarıblar.

Vətənini sevən insan hər zaman ölkəsinin qüdrətlənməsinə, qalibiyyətinə, xalqının milli birliyinə, həmrəyliyinə, düşmən qarşısında eyni platformadan çıxış etməsinə sevinməlidir və bu iş üçün əlindən gələni əsirgəməməlidir. Ancaq antimilli ünsürlər bunun tam əksini göstərirlər və bununla da ermənilərə, ermənipərəst mərkəzlərə işləmələrini aşkar şəkildə nümayiş etdirirlər.

Bir sözlə, məhz birbaşa Ermənistana, erməni diasporuna xidmət edən antimilli ünsürlər, xüsusən Əli Kərimli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və bunlar kimi 5-10 nəfər satqınlar Azərbaycana qarşı Ermənistan hansı təxribatı törədirsə bunlar da eyni təxribatı törədirlər, eyni vaxtda, eyni mərkəzdən idarə olunaraq ermənilərlə birgə hərəkət edirlər.

Sanki onlar Ermənistanın səfirliyi funksiyasını həyata keçirirlər və “Milli Şura” adlı qondarma quruma rəhbərlik edənlər özlərini birbaşa Ermənistanın səfiri kimi aparırlar. Təbii ki, antimilli ünsürlərin bu əməlləri, pis niyyətləri də həmişəki kimi puç olacaq. Çünki Azərbaycan xalqı son hadisələr zamanı bir daha göstərdi ki, hər zaman öz Prezidentinin ətrafında sıx birləşməyi, dövlətinə sadaqətli olmağı bacarır.