07 may 2020 17:07
1522

Səyləri birləşdirməklə pandemiyaya qarşı daha təsirli müqavimət göstərə bilərik

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə  Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfras vasitəsilə keçirilmiş Zirvə görüşündə  bir daha vurğulanmışdır ki,  dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, onun  ardıncı Qoşulmama Hərəkatının Təmas Qrupu formatında  «COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın dünyaya birlik, həmrəylik çağırışı olmaqla yanaşı, digər məsələlər kimi, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini  nümayiş etdirdi.  Son Zirvə görüşündə vurğulandı ki,  qurumun sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi  dünya birliyi tərəfindən  təqdir olunur. Həmçinin zirvə görüşündə  bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir.  Qəbul olunmuş Bəyannamədə  dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.   Diqqət çəkən məqam budur ki,  qeyd etdiyimiz   hər iki Zirvə görüşünün sonunda qəbul olunan Bəyannamələrdə  pandemiyanın fəsadlarını aradan aqldırmaq üçün bütün sahələrdə, xüsusilə  səhiyyə, iqtisadiyyat sahələrində əməkdaşlıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına böyük zərurət duyulduğu, bunun üçün İşçi Qruplarının yaradılmasına çağırışlar edildiyi öz əksini tapıb. Bu razılıqlara uyğun olaraq, üzv və müşahidəçi ölkələrin təmsilçilərinin  iştirakı ilə keçirilən videokonfransda   hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri, iqtisadi və sosial fəsadaların aradan qaldırılması  ətrafında fikir mübadiləsi  apardı.

Qeyd olunan Zirvə görüşlərində dövlətimizin başçısı İlham Əliyev  koronavirus  infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən Azərbaycan dövlətinin onun ölkəmizdə  yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdığını əsaslı şəkildə diqqətə çatdırmışdır.

Öncə gigiyenik və özünütəcrid qaydalarına lazımi səviyyədə əməl edilməsi bir tələbə çevrildi. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq,  sosial məsafəni qorumaq,  maska və əlcəklərdən  istifadəyə xüsusi diqqət yetirmək əsas tələblər sırasında oldu. Şəhərin hər  yerində rast gəldiyimiz  reklam lövhələrində maarifləndirici fikirlərin öz əksini tapması, hər addımda  evdə qalmağa çağırışların olunması,  marşrutlardan istifadə  zamanı  vətəndaşlara müəyyən qaydalara  əməl olunması ilə bağlı müraciətlərin  təqdim edilməsi, bizi birləşdirən dəyərlərin bir daha xatırladılması,  bir sözlə,  evdə,  həyətdə, hər addımda «Evdə qalaq sağlam olaq!» devizi  günümüzün əsas tələbinə  çevrildi və bu gün də davam edir.   Davamlı şəkildə gerçəkləşdirilən tədbirlər  infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıdı. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması,  ölkələrlə sərhədlərin bağlanması, gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir.  İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirdi. Kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi  koronavirusa qarşı mübarizədə uğurun ilkin əsaslarıdır.  Ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması,  park və ictimai istirahət yerlərinə insanların girişinə qadağaların qoyulması da bu tədbirlər silsiləsindəndir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı.  Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunaraq bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.

     Sadaladıqlarımız  dövlətimizin koronavirusla mübarizəyə başlandığı gündən həyata keçirdiyi tədbirlərin statistikasıdır. Bunları  təkrar qeyd etməkdə məqsədimiz budur ki,   Türk Şurasına  üzv olan ölkələrin səhiyyə, iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin  onlayn görüşündə qəbul olunan qərarlarda, həmçinin keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə rəhbərlərinin görüşundə   koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin  diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi əsas müzakirə mövzusudursa,  düşünürük ki, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirəlayiqdir.  Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və bu gün davam etməkdədir. Qurumun ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti  əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması, həmçinin pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları aradan qaldırmaq üçün   həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Dövlətimizin başçısı İlham Əliyev «Mir» televiziya kanalına müsahibəsində də Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərindən geniş bəhs edərək «Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi» sualına cavabında bildirir ki,  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib: «İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir.» Nəzərə alsaq ki,  Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək, qurumun  Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsi ölkəmizə, ən əsası dövlətimizin başçısı İlham Əliyevə inam və etimadı nümayiş etdirir.  Sammit göstərdi ki,  səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik.  «Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik» söyləyən cənab İlham Əliyev bildirir ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı: «Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək.»

Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi siqnal qarşısında qoyub. Bəzisi bu siqnaldan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə.  Dövlətimizin başçısı İlham Əliyevin  gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən soz açıldıqda Azərbaycanın adı birincilər cərgəsində qeyd olunur. Eləcə də  effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Ölkə Prezidentinin yaranmış vəziyyətin  sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir edilir. Bir məqamı da qeyd edək ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Təbii ki, bu da daim  Azərbaycanın beynəlxalq səviyyədə vurğulanan və yüksək dəyərləndirilən sabitləşdirici, birləşdirici faktor rolundan irəli gəlir.

Azərbaycanın koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər  Türk Şurasının, eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə görüşlərində  xüsusi olaraq önə çəkilmiş, təcrübəsinin öyrənilməsi vurğulanmışdır.  Türk Şurasının Zirvə Görüşündə  çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev  haqlı olaraq vurğulamışdır ki, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında  çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki, can verdiyi şəraitdə belə, ölkə Prezidenti İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə – səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq  mövcuddur. 

 Daim qeyd etdiyimiz kimi,  pandemiyaya qarşı mübarizə tədbirləri ölkəmizin səhiyyə sistemindəki vəziyyətə də işıq saldı. Bir daha təsdiq olundu ki, səhiyyəmiz özünün inkişaf dövrünü yaşayır. Məhz səhiyyəmizin inkişafının, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin,  nəticəsidir ki, koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası da  onların ixtiyarındadır.   Dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı əsasında qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

      Mayın 6-da   Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına  üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edildi. Videokonfransın məqsədi Prezident  İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi. Konfransda bir daha  cənab İlham Əliyevin rəhbərliyi  ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırıldığı önə çəkilərək bildirmişdir ki,  düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. Dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər yüksək dəyərləndirilmişdir.

  Qeyd etdiyimiz kimi,  Qoşulmama Hərəkatı çərçivəsində də  Prezident İlham Əliyevin təşəbbüsü ilə İşçi Qrup yaradılıb. Bu İşçi Qrupunun qarşısında  dayanan əsas vəzifələrdən biri  Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısının keçirilməsidir. Bu fikir qurumun Zirvə görüşündə də qeyd edilmişdir ki,  səhiyyə sahəsində əməkdaşlığa, müxtəlif tibbi protokol və alqoritmlərin bölüşülməsinə, təcrübə mübadiləsinə ehtiyac vardır. 

  Göründüyü kimi, Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət nəticələr dünya dövlətləri və təşkilatları tərəfindən yüksək dəyərləndirilməklə yanaşı,  tətbiq etdiyi  təcrübənin öyrənilməsinə də xüsusi maraq göstərirlər. Həmrəylik və birlik ruhunda bu bəladan da  uğurla çıxılacağına əminlik ifadə edilir. Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündəki nitqində  « Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır» fikirləri ilə bugünkü və gələcək addımların ümumi  mənzərəsini təqdim etmişdir.

 Yeganə Əliyeva, «İki sahil»