08 oktyabr 2019 13:39
1059

Vyetnamda bir gündə 11 ölüm hökmü çıxarılıb

Vyetnam məhkəmələri narkotik vasitələrin qanunsuz ticarəti ilə bağlı ölkənin 11 vətəndaşını ölüm cəzasına, üç nəfəri isə ömürlük həbs cəzasına məhkum edib.

AZƏRTAC “Vietnam Express” qəzetinin elektron versiyasına istinadla xəbər verir ki, Hoşimin şəhər məhkəməsi oktyabrın 7-də Laosla sərhəddən ölkəyə ağır narkotik vasitələr, o cümlədən heroin keçirən biri qadın olmaqla, cinayətkar qruplaşmanın səkkiz üzvü barədə ölüm hökmü çıxarıb. Qruplaşmanın daha bir üzvü isə ömürlük həbs cəzasına məhkum edilib. Barələrində hökm çıxarılan bütün cinayətkarlar ötən ilin iyul ayında həbs olunmuşdu.

Elə həmin gün Vyetnamın şimalında yerləşən Son La əyalətinin məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfəri ölüm cəzasına, iki nəfəri ömürlük həbs cəzasına məhkum edib.

Vyetnam qanunlarına görə, 600 qramdan artıq heroin və ya 2,5 kiloqramdan çox amfetaminin saxlanılması və qaçaqmalçılığı ölüm hökmü ilə cəzalandırılır. Edam cəzası, həmçinin ölkə ərazisində 100 qramdan çox heroin və ya 300 qramdan çox digər narkotik vasitələrin istehsalına da şamil edilir.