KÖŞƏ

Zahid Rza

01 fevral 2019 10:30
962

Xaricdən alınan sifariş və qrantlar, qeyri-leqal pullar KÖŞƏ

Son zamanlar qeyri-leqal yollarla əldə etdikləri maliyyə vəsaitləri, eləcə  də işbirliyində olduqları anti-Azərbaycan dairələrdən aldıqları qrantların müqabilində onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalan dağıdıcı müxalifətin başbilənləri həm öz məğlubiyyətlərini ört-basdır etmək, eləcə də respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq üçün, həmçinin xaricdəki Azərbaycan əleyhdarları olan ağalarının qəzəbinə  tuş gəlməmək üçün müxtəlif çirkin vasitə və variantlara əl atırlar.

Bu yaxınlarda radikal müxalif mövqedən çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rusiyadan maliyyələşməsinə dair dəlillərin ortaya çıxması və bu məsələnin artıq hüquq müstəvisində öz təsdiqini tapması Rusiyadan AXCP-yə yardım adı ilə toplanan və qanunsuz bank əməliyyatları vasitəsilə leqallaşdırıldıqdan sonra həmin partiyanın maliyyələşməsinə sərf edilən vəsaitin əldə olunmasında şübhəli bilinən bir dəstənin ifşa edilməsi bunun əyani sübutudur.

Təbii ki, dağıdıcıların  “özfəaliyyətlərindən” biri, bəlkə də birincisi onların ənənəvi, klassik oyunlarından olan mitinq-şoulardır. Şübhəsiz, mitinq-şoular AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı, həmçinin Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və onların ətrafındakılar üçün ağır məğlubiyyəti kompensasiya etmək üçün seçilmiş  ən əlverişli taktikadır. Uzun müddətdir ki, siyasi mübarizədə normal, sivil mövqe nümayiş etdirə bilməyən dağıdıcı müxalifətin başbilənləri  iyrənc üsul və metodlardan istifadə etməklə  özlərinin əsl simalarını cəmiyyətimizə daha çılpaq şəkildə nümayiş etdirirlər.

Belə ki, bu marginallar ölkədə yaradılmış ən əlverişli demokratik şəraitdən istifadə edərək hüquqi müstəvidə mübarizə aparmaq əvəzinə öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini bir az da  zənginləşdirərək şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Ə.Kərimli, C.Həsənli, A.Hacılı, T.Yaqublu, G. Hacıbəyli kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Son dövrlərdə dağıdıcı müxalifət düşərgəsində baş verənlər, eləcə də onların “liderləri”nin təşkilatçılığı ilə yanvarın 19-da “Məhsul” stadionunda  keçirilən mitinq-şounun gedişatı, orada səsləndirilən şüarlar  bu antimilli ünsürlərin siyasi cəhətdən tamamilə tükənməsinin bariz nümunəsi oldu. Cəmiyyətimiz bir daha əmin oldu ki, erməni lobbisinin təsiri altında olan müəyyən təşkilatlar tərəfindən maliyyələşdirilən və təlimatlandırılan bu marginal dəstə “Məhsul” stadionunu da artıq öz dağıdıcı-ekstremist niyyətlərini həyata keçirmək üçün poliqona çevirmək yolunu tutublar. Digər yandan, mitinqə toplaşanların sayı da sübut etdi ki, ölkə ictimaiyyəti  “demokrat” pərdəsi altında gizlənən bu dağıdıcı, qaragüruhçu zümrəni tamamilə rədd edir. Şübhəsiz, bütün bunlar xalqdan ayrı düşmüş, marginallaşmış AXCP-nin, Müsavat Partiyasının, “Milli Şura”nın liderciklərinin antimilli, səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsi və acı sonluğudur. Bütün bunların əsasında özlərini “demokrat” adlandıran bu zümrənin hələ də ötən əsrin 90-cı illərinin xiffəti ilə yaşaması, elə  siyasi təfəkkür cəhətdən də o illərində saplanıb qalması, Azərbaycanın mənafeyinə uyğun siyasi-ideoloji- mənəvi hədəflərə zidd mövqedə dayanması, ümummilli məsələlərimizin müzakirəsi və həllinə biganə qalması, şəxsi mənafeləri naminə ən müqəddəs dəyərləri tapdalaması düşmənlərimizin, xüsusilə də ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir.