İtaliyanın “Eni” şirkəti Anqolada dərin ofşor ərazidə yerləşən Kalimba yatağında, 15/06 saylı blokda yeni neft kəşfinə imza atıb. “İki sahil” xəbər verir ki, blokun yerində ehtiyatları 230-300 milyon barel həcmində qiymətləndirilib. “West Gemini” qazma gəmisi vasitəsilə suyun 458 metr dərinliyində qazılan quyunun ümumi dərinliyi 1901 metrdir.
Bu kəşf həmin ərazidə yeni imkanların olduğuna işarədir.
36,8 % payla blokda operator olan “Eni”nin şərikləri “Sonangol” və “SSİ Fifteen Limited” şirkətləridir.
Anqola “Eni”nin qlobal portfilində əsas ölkələrdən biri sayılır. 1980-ci ildən bəri orada fəaliyyət göstərən “Eni”nin hazırda Anqolada gündəlik hasilat göstəricisi 155 min barelə bərabərdir.
Anqola hökuməti 2020-ci ilədək gündəlik hasilatı 250 min barelə çatdırmağı nəzərdə tutub. Xatırladaq ki, ötən il texniki problemlər və beynəlxalq şirkətlərin cəlb edilməsində yaşanan çətinliklər səbəbindən ölkənin hasilat göstəriciləri xeyli aşağı düşmüşdü.
Nubar Süleymanova, “İki sahil”