28 iyul 2018 15:29
1771

Gələcəkdə peşəkar idman uğurlarımla bayrağımızın yüksəklərdə dalğalanmasını arzulayıram

İdmanla uşaqlıqdan məşğul olanda insanda iradəlilik və mərdlik  kimi ali keyfiyyətlər formalaşır, insan daha da özgüvənli  və mərhəmətli olmağı öyrənir.  Azərbaycan bu gün  dünyada həm də bir idman ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilməsi gənc nəslin  müxtəlif idman növlərinə olan marağını daha da artırır, onların gələcəkdə peşəkar idmançı olmaq əzmini inkişaf etdirir.

Yaşının azlığına baxmayaraq artıq uzun müddətdir idmanla məşğul olan Əli Mahmudov da gələcəkdə tanınmış idmançı olmaq üçün əzmlə çalışan və indidən  uğurlara imza atan yeniyetmələrdəndir. Əslən Cəbrayıldan  olan Əli 2009-cu ildə Bakıda anadan olub. Dərs əlaçısıdır. “Cənub” İdman Klubunda taekvondo idman növü ilə məşğul olur. İdmana olan böyük həvəsi olan Əli  2 il Astara şəhərində qarışıq döyüş sənəti  (MMA)  ilə məşğul olub və 30 aprel 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına həsr edilmiş MMA döyüş növləri üzrə 8-9 yaş 20 kq çəki dərəcəsində 2-ci yerin qalibi olub.

2017-ci il Əlinin həyatında uğurlar ili kimi yadda qalıb. Belə ki, 2017-ci ildə 7-9 yaş arası 21 kq çəkidə Əli Mahmudov müxtəlif yarışlarda dəfələrlə ikinci və üçüncü yerlərə layiq görülüb.

Əli 22 oktyabr 2017-ci ildə Bakılı Taekvondo Klubunun yaranmasında böyük əməyi olan Mübariz Hacıyevin xatirəsinə həsr olunmuş açıq birinciliyində iştirakının və ilk üçlükdə yer almasının xüsusilə yaddaqalan olduğunu vurğulayır.  

Yeniyetmə idmançının ötən ilki uğurlarını bu ilki müvəffəqiyyətləri davam etdirir. Əli  20 yanvar 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş taekvondo idman nözü üzrə  Abşeron rayonunun 2-ci açıq birinciliyinin  21 kq çəki dərəcəsində ikincisi olub. Bu ilin fevralında və mayında keçirilən Bakılı Taekvondo Klubunun kəmər imtahanı və Pumse yarışında III yerin sahibi olub.

Taekvondoya hələ lap kiçik yaşlarından maraq göstərdiyini deyən Əli bu Koreya döyüş sənətinin tarixi ilə də maraqlandığını, internetdən bununla bağlı maraqlı məlumatlar əldə etdiyini bildirdi.

Yeniyetmə taekvondoçunun gələcəklə bağlı böyük arzuları var. Əli dərslərinə də çox çalışdığını və gələcəkdə ali təhsil almaq arzusunda olduğunu qeyd etdi,  amma gələcək karyerasını ancaq idmanda gördüyünü dedi: “Həyatımı idmansız təsəvvür etmirəm. Yarışlara qatılanda ancaq qalib olmaq, ilk üçlükdə yer almaq haqqında fikirləşirəm. Gələcəkdə peşəkar idmançı olacağam. Arzum budur ki, gələcəkdə müxtəlif beynəlxalq yarışlarda qalib olum və Azərbaycanımızın himninin səslənməsini qürurla dinləyim. Ən böyük arzum dünya və Olimiya çempionu olmaqdır. 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevin uğurlarını təkrarlamağı, Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasını  arzulayıram. Bilirəm ki, bunun üçün hədsiz çalışmalı, çox məşq etməliyəm. İnanıram ki, insan qarşısına hədəflər qoyub çalışanda bütün istəklərinə nail olur”.

Sevinc Abdullayeva,

“İki sahil”