Yüksək lay, quyu ağzında təzyiq olan neft, qaz, qaz-kondensat quyularında geofiziki tədqiqat və partlayış-atma işləri aparıldığı zaman quyu ağzının hermetikləşdirilməsinə ehtiyac yaranır. Bu zaman lubrikatorlardan da istifadə olunur.
Bu məqsədlə cari ilin ötən dövründə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) “Mədəngeofizika” İstehsalat Bölümü “Baoji” firmasının lubrikatorları ilə təchiz edilib. Bunlar “Baoji 10-21” (İşçi təzyiqi - 21 Mpa, daxili diametri - 150 mm, çəkisi - 7.5 ton), “Baoji 10-35” (İşçi təzyiqi - 35 Mpa, daxili diametri - 103 mm, çəkisi - 5.5 ton) və “Baoji 10-105” (İşçi təzyiqi - 105 Mpa, daxili diametri - 103 mm, çəkisi - 9.5 ton) lubrikatorlarıdır.
Lubrikator - quyularda quyuağzı təzyiq olduqda və gözlənildikdə mədən-geofiziki tədqiqat, partlayış-atma işlərini təhlükəsiz aparmaq üçün istifadə olunan avadanlıqdır. Bu avadanlıq iş zamanı quyuda mövcud olan və sonradan yaranmış təzyiqin qarşısını almağa və tədqiqatı müvəfəqiyyətlə başa çatdırmağa imkan verir.
“Mədəngeofizika” İstehsalat Bölümü bundan əlavə “Shenkai” firmasının beynəlxalq və DNV sertifikatlı “ Zona-2 SK-2006”, “SK-2007” geoloji texnoloji nəzarət stansiyaları ilə də təmin edilib. Söhbət ondan gedir ki, bu avadanlıqlar vasitəsilə aparılan geoloji-texnoloji-geokimyəvi tədqiqatlar neft və qaz quyularında geofiziki tədqiqatların tərkib hissəsidir və geoloji kəsilişin öyrənilməsi, yüksək texniki göstəricilərin əldə olunması, quyu tikintisinin bütün mərhələlərində vəziyyətə nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulub. Hazırda geoloji-texnoloji nəzarət ekspedisiyası strateji əhəmiyyətli “Ümid”, “Bulla”, “Günəşli” yataqlarında quyuların qazılmasında geoloji-texnoloji-geokimyəvi nəzarət işlərini yerinə yetirirlər.
Bundan başqa, quyularda sementləmə işi aparılan zaman tamponaj parametrlərinə tam nəzarət edilməsi məqsədilə SK-CPMS (Cementing Parameter Monitoring System) tipli sementləmə avadanlığından istifadə olunur ki, bu da sementləmənin keyfiyyətlə aparılması prosesinə müsbət təsir edir.
GGİ-də tətbiq edilən yeni texnika və texnologiyalardan biri də radioaktiv izatoplu girişdə və çıxışda qazma məhlulunun xüsusi çəkisini ölçən cihazlardır.
Qeyd edək ki, SOCAR-ın Geofizika və Geologiya İdarəsi Azərbaycanın quru ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda (eləcə də müqavilələr əsasında xarici ölkə ərazilərində) kəşfiyyat və mədən geofizikası, eləcə də kompleks mühəndisi-geoloji (mühəndisi qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə), topogeodeziya və tematik tədqiqat işləri aparır. GGİ-nin tərkibində üç bölüm - “Kəşfiyyatgeofizika”, “Mədəngeofizika” və “Kompleks Mühəndisi-Axtarış” İstehsalat bölümləri fəaliyyət göstərir. Aparılan kəşfiyyat geofizikası (seysmik, qravimaqnit, elektrik) işlərinin əsas məqsədi yer qabığının dərinlik geoloji quruluşunun öyrənilməsi, müxtəlif tipli struktur və qeyri-struktur tələlərin və perspektivli sahələrin dərin kəşfiyyat qazmasına hazırlanması, onların neftli-qazlılığının proqnozu, yataqların geoloji quruluşunun və məhsuldarlığının qiymətləndirilməsindən ibarətdir. Mədən geofizikası sahəsində yerinə yetirilən işlər qazmada və istismarda olan neft-qaz quyularında geofiziki kəşfiyyat, ehtiyatın hesablanma parametrlərinin hazırlanması, quyularda neftli-qazlı obyektlərin perforasiyası, qaz-karotaj, yataqların işlənməsinə geofiziki nəzarət məqsədi daşıyır. Kompleks mühəndisi-axtarış işləri mühəndisi-geoloji qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik profilləmə (FSAP), struktur xəritəalma, topoqrafik, naviqasiya təminatı və s. məqsədi ilə həyata keçirilir. GGİ kəşfiyyat və mədən geofizikası, eləcə də mühəndisi-geologiya işlərini müasir səviyyədə yerinə yetirmək üçün Qərb standartlarına uyğun cihaz və avadanlıqlarla, müvafiq emal və interpretasiya proqramları ilə təchiz olunmuş və yüksək ixtisaslı kadr potensialına malikdir.
Ceyhun Piriyev, “İki sahil”