16 noyabr 2018 00:38
8303

Himnimiz hər zaman öz aktuallığını qoruyub saxlayacaq

Himn dövlət atributlardan biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. “Himn” yunanca  “təntənəli nəğmə” deməkdir.  Himnin ifası əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur. Dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.

Konstitusiyanın 23-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının dövlət himnidir. Konstitutsion qaydalara əməl etmək hər birimizin vətəndaşlıq borcudur.Bayrağımız, gerbimiz, himnimiz ictimai-siyasi və mədəni həyatımızın bütün sahələrində geniş yayılıb, Konstitusiya qanununun tələblərinə uyğun respublikamızın bütün ərazisində və beynəlxalq miqyasda bərqərar olub.

Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan vermədi. “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunub, musiqisi isə ondan sonra bəstələnmişdir. “Azərbaycan marşı” 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilib. 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının dövlət rəmzləri ilk gündən necə qəbul olunubsa, elə də qalıb. Dövlətin rəsmi atributlarına hər hansı dəyişiklik və ya yenilik edilməsi təşəbbüsü, dövlət başçısının rəhbərliyi, ümumxalq səsverməsinin nəticəsi ilə baş tuta bilər. Bunun üçün yekdil qərar, vahid razılıq olmalıdır. Ən əsası isə, hər hansı düzəliş üçün əvvəla zəmin, sonra isə ehtiyac olmalıdır.

Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamısında qeyd etdi ki, Azərbaycanın dövlət atributları olan bayrağımız, gerbimiz və himinimizi 1918-ci ildə təsis olunanda o dövrün reallıqları və gələcəyin çağırışları nəzərə alınıb: “100 illik tarixi olan bu atributlar zamanın hər bir dönəmi ilə ayqlaşır və yüksək səviyyədə dəyərləndirir. Bayrağımız , gerbimiz və himinimiz böyük məna kəsb edir. Bayrağımızda dövlət siyasətimizin təməli olan türkçülük, müasirlik və islamçılıq həkk olunubsa, himnimiz müstəqilliyimizə necə çətinliklərlə nail olduğumuzu gənclərə bir çağrışı özündə əks etdirir. Yəni himnimizin sözlərinin hər birisi böyük məna kəsb edir, mahnısı da çox gözəl bəstələnib və müstəqilliyə çağırış ruhunda yazılıb. Bəzi həmkarlarım himnimizin notlarının mətni ilə düzgün gəlmədiyini, mətnin uzun olması ilə bağlı fikirləri səsləndiriblər. Həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Mənim fikrimcə himinimizin nə musiqisinə, nə də sözlərinə toxunmaq olmaz. Çünki himnimiz elə gözəl yazılıb ki, dövrünün hər bir zamanında öz aktuallığını qoruyub saxlayacaq. Himni səsləndirəndə bir dəqiqə artıq dayanmağın heç bir ziyanı yoxdur, əksinə himni eşitdikcə ölkəmizin möhtəşəmliyi göz önünə gəlir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirdi ki, himn bir dövlət rəmzi olaraq həssas məsələdir. Ona görə də bu haqda müzakirə açmaq heç də hər zaman xoş qarşılanmır.

Mənim mövqeyim budur ki, himnlə bağlı müzakirə açmaq olar. Onun hətta ümumxalq müzakirəsini də təşkil etmək olar. Amma bu müzakirələr əsaslı olmalı, kimlərinsə manipulyasiyaları üçün imkan verilməməlidir. Əlbəttə, himnin qısa və ya uzun olması ciddi bir problem deyil. Dünyada uzun himnləri olan ölkələr çoxdur. Sadəcə bəzi rəsmi tədbirlərdə həmin himnlər tam olaraq deyil, qısa bir parça halında ifa edilir.

Yaqut Aslanova