“Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır” deyən ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə ölkəmizdə yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Milli mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini, milli ideologiyamızın strukturlarına daxil etməklə mədəniyyət və dövlətçiliyin sintezindən çıxış edirdi. Ona görə azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli mənəvi dəyərlərdir. Milli mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli mənəvi dəyərlərinin, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışmışdır. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyadan dövlət ideologiyası səviyyəsinə yüksəltdi.
Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Ümummilli Liderin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik əlamətlər əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur. Ulu öndər Heydər Əliyevin 2001-ci il noyabrın 10-da Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışı azərbaycançılığın tarixi proqram sənədi hesab edilir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Zahid Rza, “İki sahil”